Tamara Nadirova Tənha Bulud


DERİN ACILARIM


Xəfif acılarım danışır,dinir,
Dərin acılarım susur lal kimi.
Bağlayıb qəlbimin qapılarını,
Açarı gizlənib bir sual kimi.


Ayları,illəri üst-üstə yığıb,
Kećirdim ələkdən yaxşını,pisi.
Batdı xəyanətin lil sularında,
Kirləndi,məhv oldu eşqin gəmisi.


Ağ paltar tez ləkə götürər axı,
Ruhum sirdaş idi pak mələklərə.

Yazıldı Siccinə onun günahı ,
Yıxıldım müqəddəs mehrabdan yerə.


Dilsiz bir kədərə məhkumam indi
Qətl olmuş duyğular dirilməz daha.
Mənim oxunmamış kitab ürəyim
Ayağın altına sərilməz daha.


İnamdır,güvəndir bizi tərk edən.
Çəkdiyim zəhmətim hədərmiş,hədər.
Alov yandırsa da ,şamı əridən
Bağrına basdığı sap imiş məgər.


Tənha Bulud,Haqqın müntəzir qulu,
Tanrını zikr edir eşq kəlməsində
Nurundan bəxş edib işıqlı yolu,
İlahi sevginin cazibədində.



21.06.2023

Tamara Nadirova Tənha Bulud

www.kafiye.net