Səadət Qərib

Sevilən qızlar

Əlli üç yaşımla vidalaşıram.
Demək əlli üç il keçdi ömürdən.
Sevgidən yorulan ürəyimlə mən,
Qorxmuram nə yaşdan, nə də ölümdən.

İllər harayımda sükuta dönüb,
Sarsılmış xəyallar qınağındayam.
Görən yox içimdə böyük sevgini,
Bəlkə də Allahın sınağındayam.

Kədərli rəqəmlər yaman boylanır,
Fikirli-fikirli baxır gözümə.
Bilmirəm ağlayım, bilmirəm gülüm,
Həyat səhvlərimi vurur üzümə.


Pələngtək nərəsin çəkəndə ürək,
Qulağım kar olub onun səsindən.
Meydan oxuyanda duyğular hərdən,
Qurtula bilmədim eşq pəncəsindən.

İçimdə yaşayan ərköyün qızla,
Dil tapa bilmədim, dincliyin bitdi.
Bəzən də mənimlə ağladı zaman,
Gözümdə canlanan gəncliyim itdi.

Bu günsə bir başqa kövrək nəğməyəm,
Sözləri bəlkədən, kaşdan ibarət.
Bu nəğmə yarımçıq, kimsə anlamaz,
Nəğmənin xətası olub “nəqarət”.

Əlli üç qış-bahar,əlli üç payız ,
Hay vurdu, qıy vurdu, fələk önündə.
Hünərlə bu illər çıxdı döyüşdən,
Zəfəri yaşadı ,həyat eşqimdə.


Ürəyim sevgidən səksəkədədi,
Yenə də səngimir dəcəl arzular.
Gəncliyim ovcumdan uçub getsə də,
Heç zaman qocalmaz sevilən qızlar.

Səadət Qərib
www.kafiye.net