APARIN QAYADAN ATIN BU ŞEİRİ



“Bütün sevgilərə son verdim daha”
Bütün həsrətləri yıxıb gedirəm.
Mən kədər balası, dərd anasıyam,
Dərdimi dişimə sıxıb gedirəm..


Gedirəm,gedirəm, tutmayın məni,
Bir də qalamayın, çatmayın məni.
Uşaqtək başımı qatmayın mənim,
Bütün Tanrılardan çıxıb gedirəm..


Necə dolanır Yer-Zamana yerdə?!..
Dərman tapılmadı yarama yerdə…
Düşdüm neçə çənə,dumana yerdə,
Dönmüşəm buluda, axıb gedirəm..


Aparın qayadan atın bu şeiri,
Yoxdursa dəryaya bir damcı xeyri..
Susuz səhralara dəysin bəhərim,
Yayın ortasında yağıb gedirəm..


Demirəm yol açın,iz verin mənə,
Deməyə sözüm var, söz verin mənə.
Bu aylı gecəyə,bu günlü günə,
Ağ-qara şəklimi asıb gedirəm..


..Bütün sevgilərə son verdim daha,
Bütün həsrətləri yıxıb gedirəm!
Mən kədər balası, dərd anasıyam,
Dərdimi dişimə sıxıb gedirəm!..



Şahnaz Şahin

www.kafiye.net