Duyğular nəğmədir



Görən könlüm hansı ritmə köklənib,
Varmı duyan, bilən, söyləyin mənə,
Elə bil başıma bahar ələnib,
Ətrindən çaşmışam, gülməyin mənə.


Səhərin mehindən, sərinliyindən,
Şehli çiçəklərin rayihəsindən,
Müjdəli xəbərlər göyərçinindən,
Aldım rişəsini yeni bəstənin.


Xəyalım dolandı hər bir tərəfdə,
Keçmişdə, indidə, həm gələcəkdə,
Yazmaq istədiyim həzin nəğmədə,
Duyulacaq səsi olub bitənin.


Keçmişə həsrətəm odur ki, bəməm,
Hal – hazırda dalğa, ləpə, sahiləm,
Uzaqlardan gələn səsəm, nəğməyəm,
Əks – sədası mənəm zil nəqarətin.




Müəllif: Elmaya Cabbarova.

18.05.2023.

www.kafiye.net