8 –Sakit savaş   



Hər halda bacardığım qədər şübhə yeri qoymurdum. Heç şübhəsiz özünü mənə ölkənin digər kişilərindən fərqli göstərəcəkdi. Bədbəxt günlərimdə məni başa düşən kitablarıydı. Hər birində haqqımda nələrsə yazılmışdı, ya da mən axtarıb tapırdım, ən pis halda özümə elə gəlirdi. Ən pis halda yazıram, çünki psixoloji problemlərimin olduğunu hiss edirəm. Axı, normal qadın belə qisas almaz. Oxuduğum psixoloji kitablardan gəldiyim nəticə buydu.

– Mənə özünüzdən danışa bilərsiz?

– Evliyəm, iki uşağım var.

Sırtıqlığına salıb özünü subay adam kimi təqdim etdiyi üçün üzr isrəməkdən, utanmadan danışırdı. Mənə mən deyərlər.

– Necə ola bilər? Subay olduğunuzu yazmışdız.

– Evli olduğumu yazsaydım, sizlə necə görüşə bilərdim? Haqqınızda “evli adamlar narahat eləməsin” yazmısız.

Xülasə, bir saat çay süfrəsi arxasında özünü nəyi var, təriflədi. Orta məktəbdə tarix müəllimimin bir cümləsi yadıma düşdü “Özünü tərifləyənlərin zibili boyunu keçir” .Telefonun vatçap bölümünə girib əlimdə saxladım. Səbrlə, qarşımdakı kişini ürəyimdə söyə-söyə dinlədim, yalandan heç kimimin olmadığını dedim. Axşam 9-da məni görüşdüyümüz restoranın qabağından rayonların birinə aparacağını vədələşdik, sonra sağollaşdıq. Çəmadanımı əvvəlcədın ofisianta vermişdim ki, saxlasın. Kişi məni taksiylə yola saldı. Taksi on dəqiqə sürdükdən sonra saxlatdırdım.

– Mən qalası oldum.

Sürücü pulu qaytarmaq istədi, götürmədim.

– Lazım deyil. Halal xoşunuz.

Komedik vəziyyətə düşmüşdüm. Yarım saat gözlədikdən sonra görüşümə ikinci qurban gəldi. Cavanıydı və üzündən abırsız, sırtıq adam olduğu o dəqiqə hiss olunurdu. Elə bilin ki, alnına yazılmışdı.

Çılpaq ayaqlarımsa ruhunun əxlaqsız tərəfini tez üzə çıxrtdı. Özün təriflədikdən sonra yenidən vatçapın mikrofonunu basdım.

– Gözəl qadınsız. Görünür, sizin də görüşməyə ehtiyacınız var.

– Məqsəd mənim ehtiyacımı qarşılamaq üçündür? – gülümsəyib ikinci barmağımı əlinin üstündə oynatdım.

– Mən sizin bütün ehtiyaclarınızı qarşılaya bilərəm.

– Şübhə eləmirəm.

– Hara gedək.

– Buralara yaxın qalıram. Axşam 9-da istədiyin yerə gedə bilərik.

Yenə vatçapa mənə lazım olan yerləri səsə köçürtdükdən sonra, rəfiqəmin gəlməsi bəhanəsiylə sırtığı yola saldım. Çəmadanımı ofisiantdan götürüb taksiyə mindim, üçüncü görüşə gecikmək olmazdı. Əhmədlidə metronun yanındakı restorana gələndə şəklini öncədən gördüyüm, yaşı təxminən 30-35 olan qurbanımı gördüm. Salamlaşdıqdan sonra, özündən danışdı. Amma evliydi. Barmağıma dolayacağım adam olduğundan daha subay olub-olmamağı vecimə deyildi.

– Şəxsi sual verəcəm. Yəqin etiraz eləmərsən.

– Buyur, canım.

– Yoldaşınızı restorana axırıncı dəfə nə vaxt aparmısız?

– Yoldaşımın restoranda nə işi var.

– Başa düşmədim – üzümün zəhrimar tərəfini qaşlarımı alnımın ortasında düyünləməklə göstərdim. Ağzındam çıxartdığı cümləyə peşman olmuşdu.

– Oğlumuzun qırxı hələ çıxmayıb. Yoxsa qadının istirahəti üçün restorana da aparmaq olar, rayona da.

– Aydındır.

Geyimi bəzək, içi təzək üçüncü kişiciyi də beləcə yola saldım. Gündə beş-altı kişinin qoynundan çıxan qadınlara ürəyim ağrıdı. Üçüylə danışmışdım, tamam yorulmuş, hətta, beşinci kişiylə görüşü özlüyümdə təxirə salmışdım. Bir saat gözlədim, cavan oğlan yaxınlaşdı mənə.

– Canan xanım?

Üzünə gülümsədim: – Şəkildəki oğlandan daha yaraşıqlısan. Əyləş

Safıydı, amma qarşımda özünü tülkü kimi aparırdı. O, danışdıqca, bir-neçə saniyəlik ona yazığım da gəlmişdi.

– Gedəcək yeriniz yoxdursa, mənim evimdə qala bilərsiz.

– Bəs, ailəniz?

– Ailəm rayonda yaşayır. Məni pis başa düşməyin. Çəmadanı gördüm, dedim, qalmağa yeriniz olmaz.

– Rəfiqəm sevgilisiylə bir həftəlik rayona dincəlməyə gedib. Harda qalacağımı bilmirəm. Sənə narahatçılıq vermək istəmirəm.

– İstəsəz, indi otelə də gedə bilərik. Sizi yerləşdirib gələrəm.

– Evdə səndən başqa kim qalır?

– İki dostum qalır. Desəm, bir həftəlik çıxarlar.

– Belə edək. Otelə aparıb artıq xərcə düşməyin mənası yoxdu. Ən yaxısı, mən səni burda gözləyim. Demirsən ki, yaxın qalırsan? Get onları qov, yanıma gəl. Sən gələnə qədər darıxaram sənin üçün – əriyimi əzdirməyə başladım, iyirmi qəpik geydirmə dondurma kimi az qala ərimişdi. Razılaşdıq, getdi.

Vatçapdakı səsli mesajları bir-bir Etibara göndərdim. Nəinki Etibar, hansısa bir kişi bu səslərdən sonra özünü elə bir zərbənin altında hiss edəcək ki, istəyir dünya gözəliylə sevib-sevilsin, xoşbəxt olmayacaq. Qadından bu cür qisası heç bir kişi gözləməzdi.

Sonra telefonu söndürüb, küçəyə çıxdım. Telefonu metronun yaxınlığındakı zibil qabına atdım. Kimin qismətinə çıxa.

Qalibiyyətimi yüksək əhval-ruhiyyəylə ruhumda qeyd edirdim. Çünki o an ruhumun göylərdə gəzdiyini hiss edirdim. Haqqımda danışılanları təsəvvürümdə canlandırdım; Atamla qardaşlarım məni öldürmək üçün özlərini az qala yerə-göyə çırpırlar. Etibar ona çoxdan xəyanət elədiyimi deyir.

Səmimi etiraf edim, anamla bacıma yazığım gəlirdi. Bacım qaynanasıgilin yanında mənə görə həmişə utanacaq, mənə düzgün tərbiyə vermədiyi üçün atam anamın başına məni qaxınc edəcəkdi. Elə də oldu. Mən bunların hamısını yaşadım. Pis günlərimin üstündən iki il keçib. Etibar məni boşamış, sarışınlyla evlənmişdi. Bir qızı var. Atam evdə şəkillərimi yandırıb, məni övladlıqdan silib. Qardaşlarım ondan betər…Türkiyədə olduğumu isə, yalnız anamla bacım bilir və susurlar….Rəfiqəmin ailəsiylə bura köçməli oldum və atası işlədiyi restoranda məni dəə düzəltmişdi. Onların evinə yaxın birotaqlı evdə kirayə qalıram.

Son.



Şefaqet Cavanşir
www.kafiye.net