Sakit savaş – 7


İnstagramda, facebookda başqa adla profil yaratdım. Yarıçılpaq qadın ş
əklini profil şəklinə etdim, ümumilikdə isə öz şəklimi paylaşdım, yalnız dostlarım görə bilərdi. Heç kimə dostluq atmırdım, gözləyirdim mənə dostluq təklifi gəlsin. Elə də oldu, çox kişidən mesaj gəldi, aralarında eləsi vardı ki, profil şəklimdən məni çoxdan bar qadını kimi düşünmüşdü, öz şəklimi görüb birbaşa pul qarşılığında otelə dəvət edirdi. Bütün mesajları screen edib telefonumda saxladım, beş-altı kişini fərqli saatlarda fərqli məkanlara görüşə çağırdım. Hamısı subaydı. Ailəsi dağılmış qadın kimi evdə arvadını bədbəxt edən evli kişiylə görüşmək məndə ancaq ikrah hissi yaradardı. Fikir vermişəm, evindəkini xoşbəxt eləməyən kişi, çöldəkini çətin xoşbəxt eləsin. Yəqin bu xəyanət edən qadınlara da aiddir. Mənim bu addımım ailəmin içini bilib məni başa düşən üçün qisasdır, bilməyən üçün təbii xəyanət. Ömründə bəlkə də heç bir qadına gül almayanların inboxda göndərdikləri gülləri toplasam, evdə oturmağa yer tapmazdım. Hələ utanmaz-utanmaz penisini göndərən qurşaqdan aşağı göstəricini xatırladan başlardan yazmıram. Yazmağa dəyməz axı.

Sabaha geyinmək üçün don seçdim. Tərslikdən donlarımın hamısı uzunuydu. Məni arıq və cəlbedici göstərən qara donumu seçib qayçını şkafın içindən götürdüm. Onu bir az qısaltdım. Nəticədə, yazışdığım kişilərə özümü namuslu qadın kimi təqdim etməmişdim. Özümə kənardan baxıram, sakit, başını aşağı salıb saman altından su yeridən insan təəssüratı bağışlayırdım.

Donu həll etdikdən sonra rəfiqəmə zəng elədim.

– Necəsən? Sənə göndərdiyim mesaja baxdın? Yox, boşanacam. Belə yaşamaq olmaz. Heç kim tərəfimi saxlamır, saxlayan olsa da, qorxusundan səsi çıxmır. Bir az da dözsəm, o ləçərlə bir evdə yaşayacam….Yaxşı. Oldu. Sağ ol.

Rəfiqəmin yoldaşı rəhmətə getmişdi, iki oğluyla yaşayırdı. Qurban olduğumun torpağı da harda insan kişi varsa, elə bil qadından çox sevir, özünə tərəf çəkir. Nərminin əri beş illik evlilik həyatlarında bir dəfə olsun onu incitməmişdi. İndi hirsli başla yazıram, kaş torpağın altında onun yerinə Etibar yataydı. Keçən zaman adamın hirsini də soyudur, kini də özüylə aparır deyirlər. Gələcəkdə ərim, bizimkilər haqqında indi düşündüyüm kimi düşünəcəmmi, onu da dəqiq bilmirəm. Ondan əminəm ki, bizimkilərin mentalitet bəhanəsiylə Etibarın və ləçərinin məni sakitcə iynələməsini ört-basdır eləməyinə imkan verməyəcəm.

Səhər Etibar yenə evə gəlməmişdi. Beş-altı dəst paltar, nazik paltonumu, iki cüt ayaqqabı götürüb çəmadana səliqəli yerləşdirdim. Qızıllarımı, evdəki beş min manatdan dörd min beş yüz manatı götürüb çantama qoydum. Bir müddət bizimkilərdən gizlənənə qədər mənə pul lazım olacaqdı. Beş yüz manatı əslində Etibarı yandırıb-yaxmaq üçün saxlamışdım. Dünənki gəncdən aldığım çaydanı, yetimdoyuzduranımı da götürmüşdüm.

Saat 10-da Həsən Əliyev küçəsində yeni açılmış restoranda görüşüm vardı. Donumu geyindim, deyəsən qısa kəsməmişdim, əndazədən çıxmışdım. Gözlərimi daha da qaraltdım, dodağıma qırmızı pomada sürtüb, çəmadanımı götürüb evdən “uff” demədən çıxdım. Kinolarda evindən ayrılmamışdan qabaq son dəfə evinə həsrətlə baxan qadınlar kimi evimə son dəfə də olsun baxmadım. O evə baxarlar ki, əzəldən içində sevgi olsun. O ev üçün darıxarlar ki, o evdə həqiqətən səni adam yerinə qoysunlar. Mən onların heç birini yaşaya bilmədim. Nə üçün təəssüflənməliydim?

Amma yolda ürəyim qabardı, elə bil hansısa əl ürəyimi sıxırdı. Taksilərin birinə mindim, restoranın qabağında düşdüm. Qapıdan girən kimi görüşə çağırdığım kişi məni tanıdı.

Ortayaşlı kişiydi. Başa düşdüm ki, profilə qoyduğu şəkil cavanlıq şəklidir. Şəkildə gicgahlarında ağ tük yoxuydu. Çox güman evliydi, bəlkə nəvələri də vardı. Əlimdən tutub öpdü. İlk dəfədir bir kişi əlimdən öpürdü, qəribə hisslər keçirirdim, bədənimə üşütmə keçdi.

– Salam. Necəsiz?

– Çox sağ olun. Rahat gəldiz?

– Hə, rahat yerdədi. Söz soruşmaq istəyirəm, amma səhv başa düşməyin.

– Buyurun.

– Canan əsl adınızdır? Cana yaxın adınız var.

Kişi məni əməlli-başlı ov bilirmiş. Yadıma düşdü ki, özümü aristokrat qadın kimi göstərməyin mənası yoxdu. Kişi rahat görsün deyə, ayağımı ayağımın üstünə aşırdım ki, məni əxlaqlı qadın bilməsin. Gözlərini çöldə qalan qıçımdan, budumdan çəkmirdi. Tez-tez baxırdı….


Ardı var…

Şefaqet Cavanşir
www.kafiye.net