3   Sakit savaş

Çiynimi atıb ” hmm” eləyə bildim. İndi hirsim yerimdə rahat oturmağıma imkan verməsə də, sakitçiliyimi qorumağa çalışırdım.

– Deməli, iki qardaş 35 yaşlı kişinin q…lə görüşməsini başa düşür.

Etibarın hirslə qabağındakı nazik dəftəri üzümə çırpmağından başa düşdüm ki, onun hirsi məni görən dəqiqədən boğazında düyünlənib qalmışdı, partlayan bomba vəziyyətini almışdı, düyməsi məşuqəsinə etdiyim təhqir olmuşdu. Fərqi yoxdu, haqsız olduğunu dərk edən çox kişinin özünümüdafiə üsulu qadına qarşı kobudluqdan başlayır.

– Danışığına fikir ver. O, mənim sevdiyim qadındır.

Haqlıydı, biz yaşıdıq və o qadın ikimizdən 12 yaş balacaydı. Mənim yanımda sütül qızıydı. Özünü ruhən də Etibara vermişdi. Arada qurban gedən mən olurdum və haqsızlıq bir tərəfə, paxıllıq hissi də məni özümdən çıxardırdı.

– Onda boşa məni. Get sevdiyin qadının yanına. Yanımda nə sülənirsən?

– Onda get əminə, atana de ki, boşanmaq istəyən sənsən.

Ruhən o qədər yorğunam ki, tez süst düşürəm, ət kimi oluram. Axıracan qışqıra bilmirəm, səsim cırlaşır, qarşımdakından çox, səsim öz başıma düşürdü. Halsızlaşdım: – Atama bir-iki dəfə demişəm. Boşanmaq istəməyən sənsən. İkili oynayırsan.

– Nəyin çatmır? Onsuzda evlənəndə bilirdik ki, bir-birimizi sevmirik. Guya baz olduğumu əvvəlcədən bilmirdin də. Kişi kimi vaxtı-vaxtında səni təmin eləmirəm? Ya pul xərcləmirəm?

Qışqır-bağır salmaqla nəysə nəticəyə gəlməyəcəyimi çoxdan başa düşmüşdüm.

– Yox, vaxtı-vaxtında təmin eləmirsən.

– Özün imkan vermirsən.

Haqlıydı: – Çünki səndən iyrənirəm.

Arada iyrənirdim: – internetdə dostluğunda dost-tanışlardan, qohum-əqrabalardan kimlər var?

– Yenə fındıq boyda başınla nə fikirləşmisən?

Əllərim əsirdi, sakit vaxtlarımda da əsirdi, o qədər fikir vermirdim. Mənim yaxşı psixoloqa ehtiyacım vardı. Əsəblərimi müalicə eləməsəm, əlbirliyiylə məni dəlixana sakini eləmək əllərində iki vur ikiydi. Telefonu ona uzadanda əllərimin əsməsinə baxdı.

– Ay yazıq, həkimə aparım səni, əllərin əsir. Axırda psix olub məni zibilə salacaqsan.

– Şəklə bax.

Etibar telefonu əlimdən almaq istədi, imkan vermədim. Uzaqdan sevgilisiylə şəklinə baxdı.

– İnstagramda paylaşıb.- deyə bildim.

– İt qızı – deyib, öz telefonuyla sevgilisini yığdı.

– O şəkli tez sil. Sənə deyirəm, sil.

Sonra telefonu stolun üstünə atdı.

– Dincəldin?

İlahi, özünü elə aparır, elə bil səhnədə tamaşanın sonunda tamaşaçının üzündən razı qalıb-qalmadığını öyrənməyə çalışır. Onu danlamaq, vaxt itkisindən başqa bir şey deyildi. Artıq sözlərimə heyfim gəlirdi. İnsan susaraq mübarizə aparanda dəyərli olurmuş. Bugün Etibardan öyrəndiyim bu oldu.

– Deməli, bu qədər asandı? Çox sağ ol, xəcalət verdin.

Ayağa qalxdım, iti addımlarla qapıdan çıxdım. Hiss edirdim ki, arxamca baxır, daha onun səsini eşitmək, üzünü görmək istəmirdim. Qərarımı vermişdim, Etibar adlı insan ömürlük həyatımdan silinməliydi. Azlıq çoxluğa tabe olduğundan birgə keçirdiyimiz az günlərin xoş xatirəsini də yaddaşımdan silmək çətin olmayacaqdı….

Ardı var….



Şefaqet Cavanşir
www.kafiye.net