Boz ayın gəlməsi və getməsində mifoloji elementlər

“Mart gəldi, dərd gəldi, mart çıxdı, dərd çıxdı”. Bu deyim günümüzdə tez-tez el məsəli kimi işlədilir. Əslində isə hər kəsə məlumdur ki, mart bayramlar ayıdır.

Bu təqvim əvvəlcə ilin son çərşənbələrinin başlanması ilə qədəm qoyur. Daha sonra isə 8 Mart Beynəlxalq Qadınlar Bayramı, ilaxır çərşənbə və nəhayət azərbaycanlıların ən sevimli bayramı olan Novruz Bayramı başlayır. Beləliklə, insanlar yazın ilk ayını ehtiyatla gözləsələr də, həm də səbirsizliklə gözləyirlər. Bu baxımdan martın “dərd” və bayramlar ayı olması arasında böyük paradoks var.

Maraqlıdır, bəs  “Mart gəldi, dərd gəldi, mart çıxdı, dərd çıxdı” deyimi necə yaranıb?

Bəzi folklorşünaslar bildirir ki, bu deyimin yaranmasının əsas səbəbi mart ayında hava şəraitinin qeyri-sabit keçməsi ilə bağlıdır. Məlum olduğu kimi, Boz ay bu təqvimdə özünü daha çox göstərir, hava tez-tez küləkli, dəyişkən, buludlu, tutqun olur. Bu da kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün sıxıntı yaradır. Beləliklə, qədim zamanlarda ölkəmizdə mart ayına problem, dərd kimi baxıblar, onun tezliklə çıxmasını gözləyiblər. Martdan sonra isə təbiət tamamilə oyanmağa, yaşıllaşmağa başlayır. İnsanların da həyatları rahatlaşmağa doğru getdiyindən “Mart çıxdı, dərd çıxdı” deyirlər. Deyilənə görə, əvvəllər “Boz ay çıxdı, dərd çıxdı” deyimi olub. Lakin sonralar poetik səslənməsinə, qafiyələnməsinə görə mart sözündən istifadə edilib.

Bəzi ekspertlər isə qeyd edir ki, yaz fəsli gəlişi ilə insanlarda bayram əhvalı, xoş ovqat yaratsa da, həm də hava şəraitinin dəyişikliyi ilə əlaqədar olaraq sağlamlıqlarında problemlər də yaradır. Belə ki, bu ayda insanlarda tez-tez baş ağrıları, yorğunluq, müəyyən xəstəliklərin şiddətlənməsi müşahidə edilir.

Tanınmış filosof Niyazi Mehdi mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Hətta mən də gəncliyimdə, – hərçənd etnoqrafik kitabları oxumağa başlamışdım, – hesab edirdim ki, Novruz bayramı unikaldır və bu bayramın boyalı yumurtaları, səmənisi, tonqalı yalnız türklərə, kürdlərə və farslara xasdır. Sonralar gördüm ki, rusların pasxasında da yumurtaları boyayırlar, tonqal üstündən tullanırlar, şəkərbura bişirməsələr də, türlü xəmir dadlılarını hazırlayırlar. Sizin sorunuzla bağlı cavabı vermək üçün bizə ünlü etnoqraf Freyzer də əl tuta bilər. O ölüb-dirilən tanrıların siyahısını vermişdi. Burada Osirisin, Adonisin, Temmuzun, Dionisin, İsusun adları sıralanırdı. Onların hamısını, bəzən parça-parça edib, öldürürlər. Sonra isə baş Tanrı dirildir. Adətən mart ayında təbiətin oyanmasında həmin tanrıların dirilməsinə tanıq, şəhadət tapırlar. Bəlkə də martın hər ildə fırlanıb gəlməsi mifi məcbur etmişdi ki, tanrıların da ölüb-dirilməsini dəfənlik akt kimi yox, söklik (tsiklik) əvəzlənmələr kimi versin. Ölüb-dirilmə və yenə ölüb sonra dirilmə mədəniyyətlərə öz variantlarını vermişdi. Məsələn, Baxtinə görə, Avropa karnavallarında mədəniyyətin bir çox sayğılı simvolları öldürülürdü ki, sonra dirilsinlər. Necə ki, ağacı kəsəndən sonra o yeni pöhrələr verir, eləcə də karnavalda Bibliyadan ”Atamız bizim” duası parodiya edirdilər ki, ilin ciddi dönəmlərində təzə-tər qavranılsın. Bir sözlə, bitkilər aləmi göstərir ki, başını kəsmək lazımdır ki, pöhrələnsin və dirilsin. Bu prosesin analogiyası tanrıların dirilmək üçün öldürülməsinə, sənətdə janrların təzə-tər qavranılması üçün parodiya edilməsinə gətirib çıxarmışdı”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

www.kafiye.net