Aslanlı qəbristanlığı


(poema)


2ci bölüm



Bəzən qəzəblənir uşaq deyərək,

Qanmaz sırasına qatılan zaman.

Ona qüvvət gəlir, o, üsyan edir,

Öz körpə mənliyi satılan zaman.

Nə sirdir?, şirindir baldan da dadı,

Dəcəldir, eşitmir tanışı, yadı.

Nədənsə tez susur hər bir övladı,

Atanın qaşları çatılan zaman.

Ancaq bəziləri demir baladır,

Onlar bu körpəcə qəlbi qanadır.

Yaxşı ki, hər dövlət ata-anadır,

Günahsız körpələr atılan zaman.

Qaçaraq evindən Bakıya gəldi,

Dərdlər, düşüncələr qəlbini dəldi.

Gündüzlər oxudu, gecə işlədi,

Üzü hər vaxt güldü, qəlbi inlədi.

Onunçün çox ağır ötüşdü illər,

Az da olsa qəmin bölüşdü illər.

Məktəbi qurtardı, hüquqa girdi,

Vaxt çatdı, dördüncü kursu bitirdi.

Ancaq, rektor ilə danışıb Zaur,

Söylədi:

– Bu sənət heç məni tutmur.

Çox xaiş edirəm, ərizəmlə siz,

Məni bu məktəbdən azad edəsiz.

– Dəli olmusanmı, söylə, ay Zaur?

Yoxdur oxumaqda sənə tay, Zaur.

Oğlum, oğlum, deyə, yandı, alışdı,

Zaur eşitmədi, o razılaşdı..

Arzu da insana ana kimidir,

Düşünmə isidər yad qucaq səni.

Sən ondan qaçsan da doğma balatək,

Nə vaxtsa qoynuna alacaq səni.

Yenə də hazırlıq, yenə imtahan.

Bu qəbul onunçün bir başqa dastan.

Arxitektor oldu, diplom da aldı,

Nazirlik saxladı, Bakıda qaldı.

Verəndə ilk dəfə, ilk layihəni,

O heyrətə saldı bütün aləmi.

Bir ildən etimad göstərib ona,

Memar yolladılar ucqar rayona.

Bəs bura gələndən o neyləmişdi?

Yol saldı, binalar.., çox şey dəyişdi.

Zaur ayrılmazdı hələ keçmişdən,

Ayırdı telefon qəfil səsiynən.

– Alo, eşidirəm, kimdir danışan?

– Mənəm, tanımadın?, qağa, Qaraşam.

Yaxşı, evdə ol ki, gəlirəm sizə,

Əgər axtarmasam, çıxmazsan üzə.

Qaraş iş yoldaşı, yaxın dostuydu,

Bu dəmdə dostuna ehtiyac duydu.

O asdı telefonu, kədəri yenə,

Ağrılı, acılı doldu qəlbinə.

Beynində keçmişlə düzdüyü sapı,

Qırdı qəfil səslə, döyülən qapı.

Gələn Qaraş idi, üzü gülürdü,

Sanki sifətindən nur tökülürdü.

Dedi:

– Yox vaxtımız, dur geyin gedək,

Təzə film gəlib, tamaşa edək.

Göydən düşmə oldu bu təklif ona,

Getməsə dərd onu yetirər sona.

Kiminsə qəlbinə vurub min naxış,

Gülür ağır-ağır yaralı baxış.

Bu hislər bəlkə də hamıya tanış,

Bizi eşqə salan gözdümü, Yarəb?

Bir azdan növbəyə dayanıb dostlar,

Layihə haqqında danışırdılar.

Bir qız yaxınlaşıb, Zaura birdən,

Dedi:

– İki bilet götürün lütfən.

Qaraş heç Zaura aman vermədi,

-Götürrük, qəşəng qız, baş üstə, dedi.

Zaur qıza baxdı, qız isə ona,

Baxışlar utanıb, çevrildi yana.

Bir anlıq Zauru od aldı, yandı,

Unutdu hər şeyi, özünü dandı..

Kinoda yan-yana oturdu onlar,

Gözaltı, xəlvəti hey baxışdılar.

Birdən Zaur dedi:

– Bağışlayın siz,

Bəlkə tanıyıram, kimlərdənsiniz?

Qız gülüb, söylədi:

– istəmirəm mən,

Məni tanıyalar valideynimnən.

Tanımaq istəsəz, adım Nigardır.

-Özünüztək gözəl adınız vardır.

-Ancaq yalan tərif xoşlamıram mən.

-Tərif söyləmədim, dedim ürəkdən.

-Yaxşı,oxuyursuz, ya işləyirsiz?

-Anket doldurursuz, ya neyləyirsiz?

-Sadəcə olaraq xoşladım sizi,

Sizin kişi kimi söhbətinizi.

Mən sizi görməkçün sotuşdum bunu,

Bilsəm soruşmazdım sirr olduğunu.

– Şirkətdə lobarant işləyirəm mən,

Ancaq demədiniz heç özünüzdən?

– Bir ildir gəlmişəm sizin rayona,

Oralı oluram, getsəm hayana.

– Bəs doğma yurdunuz yoxmudur məgər?

Niyə gəlmisiniz, var isə əgər?

– Axı sənətim var, axı memaram,

Mən doğma yurdumu heç vaxt danmaram.

-Yoxsa, o baş memar Zaur sizsiniz?

– Bəli, gec də olsa təyin etdiniz.

– Təsəvvür edirdim sizi mən yaşlı,

Görünür yanıldım əməlli, başlı.

– Siz ki, yanılmırsız, saçım ağarıb.

– Ən uca dağların başı qar alıb.

Söz tapmadı Zaur, desin ilk dəfə,

Üzünü çevirdi ekran tərəfə:

– Kinodan çıxanda ötürsəm sizi,

Deyin, incitmərəm ürəyinizi?

– Sizə zəhmət olar.

– Yox, nə deyirsiz?

– Elə isə onda ötürərsiniz..

Filmin sonu oldu, dördü də çıxdı,

Dönüb məsum – məsum Qaraşa baxdı.

Dostu tez anladı Zaurun halın,

Dedi, tələsirəm, salamat qalın.

Qaranlıq küçədə qoşaydı onlar,

Dinməz gedirdilər, hey susurdular.

Çatdılar, görüşçün dilləndi sözlər,

Susub ayrıldılar, danışdı gözlər.

O gün evə gəldi, özgə bir halla,

Hər şeydən asudə, xoş bir əhvalla.



( ardı var.)


Sakit Memmedov
www.kafiye.net