Poema.



Aslanlı qəbristanlığı


Epiqraf:



Adam var atası ölüb acından,

Pullanıb, kimsəni indi tanımır.

Qohumlar baxıblar uşaqlığından,

Əmisi, dayısı kimdi?, tanımır.

Adam var özüyçün alışıb elə,

Öləndə kimsənin gözü dolmayıb.

Adam var xalq üçün alışıb elə,

Son anda beş arşın bezi olmayıb.

Adam var geyinib bir iblis donu,

Qaldırıb, şah edib zamanı gəlib.

Adam var ki, mələk, gözləyib sonu,

Aparıb gəzdiyi o anı gəlib.

Mənim qəhrəmanım, mənim Zaurum,

Dünyanın xöşbəxti olmalı idi.

Gəl məni qınama, dinlə, oxucum,

Gül vaxtlı, ya vaxtsız solmalı idi.

~~~~~~~~ 1~~~~~~~~~

O yenə düşündü, layihə görən,

Keçə biləcəkmi müsabiqədən?

Əyildi, xətləri yoxladı bir-bir,

Yarımçıq olsa da, yox, pis deyildir.

Hiss etdi ki, birdən yorulub artıq,

Dincəlmək lazımdır ona azacıq.

Qalxdı, addımladı divana sarı

Düşündü, ömrümü eylədim yarı.

Bəs nəyi itirdim, nəyi qazandım?

Yoxsa ömrü verib, quru ad aldım?

Atası, anası düşdü yadına,

Qayıtdı xəyalı uşaq çağına..

Ata, anasının tək oğuluydu,

Qəlblərdə Zaura istək doluydu.

Hər şey gözəl idi, hamı şad idi,

Onların ömrünə kədər yad idi.

Sonra?.. , sonra hər şey dəyişdi birdən,

On beş yaşlı Zaur ağladı qəlbən.

Xəstələnərək bir gün düşdü yatağa,

Qalxmadı anası bir də ayağa.

İçkiyə qurşandı ata o gündən,

Məcnunluq yağırdı onun üzündən.

O, hər gün gələrək evinə sərxoş,

Danışıb, üzərdi Zauru boş-boş.

Söhbət eyləyərdi qəlbi qanadan,

Deyərdi, zülm edir bizə Yaradan.

Alıb səadəti, alıb varımı,

İnlədir, sızladır könül tarımı.

Araq çıxararaq sonra cibindən,

Demək, yetim qaldıq sənin ilə mən.

Deyərək, əlini stola çırpar,

Ananın əksinə baxıb, ağlayar..

– Niyə yetim qoydun, bizi sən niyə?

Nə vaxtdan başladın rəhimsizliyə?

Mən sənin yerinə gülürəm indi,

Dərdimi araqla bölürəm indi…

Düz bir il beləcə ömür sürdülər,

Nə üzləri güldü, nə gün gördülər.

Bir günsə…, bax o gün dəyişdi hər şey,

Ata ayıq gəldi, o baxdı key-key.

Zaurun arzusu bu deyilmidi?

Bəs niyə o gülmür, sevinmir indi?

Səhər açan zaman Zaur gözünü,

Gördü ki, atası qırxır üzünü.

Qalstuk bağladı, kostyum geyindi,

– Bu gün gec gələcəm, Zaurum, dedi.

Gözəl əhval ilə üç ay ötüşdü,

Ata-bala ancaq sevinc bölüşdü.

Hökmü ağırdısa əgər zamanın,

Gəlişi şirinmiş demə yamanın.

Bir axşam Zaura söylədi ki, sən,

– Oğlum, çalış məni başa düşəsən.

Tək yaşamaq mənə ağırdır, bala,

Lazımdır bir nəfər qeydimə qala…

Daha eşitmədi onun sözünü,

Yaşı gizlətməkçün, yumdu gözünü.

Keçib yan otağa ağladı Zaur,

Kimsəsiz otağı dağladı Zaur..

Ata axşam evə bir qız gətirdi,

Qohumsuz, tanışsız, yalqız gətirdi.

Zaur elə bildi, bu çox gülən “qız”,

Təzə anasının qızıdır “arsız”.

Atası oğlunu çağırıb bu dəm,

-Zaurum, tanış ol anan ilə sən.

Deyəndə, Zaurun əsdi dizləri,

O əksi axtardı yaşlı gözləri,

Taparaq sevindi, söylədi,

-Ana,

Niyə razı oldun ki, qəlbim yana?

Qız tutdu əlindən, oğlum, deyərək.

Zaur itələdi,

– Əllərini çək.

Məndən üç yaş böyük anama bir bax,

O, atan yaşadır axı, ay axmaq,

Məndən də sənə çox ana gərəkdir,

İnsan özü bunu qana gərəkdir.

Qulağa səs salan, bir sillə aldı.

Zərbədən yıxıldı, gözü qaraldı.

-İtil gözlərimdən, görməyim səni,

Sən ki, saymayırsan bir ata məni.

O qalxdı, geyindi, keçərək küncə,

Ananın əksini götürdü təkcə…



(Ardı var)




Sakit Memmedov
www.kafiye.net