şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
MENCE QADINLAR
Deyirlər qadınlar qulağıyla
sevər,kişilər gözləriylə. Məncə qadınlar qulağıyla yox,ürəyinin şah damarıyla
sevər. Qulağıyla sevsəydi qadın ona deyilən hər şirin sözə uyar,aldanardı.
Qulağına pıçıldanan tərif dolu, nəvaziş dolu, şirin vədlərlə dolu pıçıltılardan
xoşhal olar,inanardı.
Qadın, ruhun yolçuluğuna
çıxar, hər aldığı nəfəslə sevdiyi üçün yaşadığını hiss edərək, göy üzündə qoşa
uçan quşların nəğməsində görər eşqi. Çəməndə bitən gül-çiçəyin ətrində axtarar
xəyal etdiyi o sevgini. Yağan yağışın damlalarında, o damlaların torpağa
hoparkən yaratdığı özünəməxsus qoxuda -torpaqla yağışın ülfətində görər o böyük
sevgini, gecənin qaranlıq köksündə bitən hilalın nurunda, gecə ilə gündüzün
nəvbələşməsində, Ayla Günəşin bir-birini aramasında, mürgülü ulduzların
sayrışmasında axtarar uca məhəbbəti.
Ruhuyla sevər qadın,qəlbinin
ən dərin yerində toxunulmaz, müqəddəs bir guşə verər eşqinə. Bütün varlığıyla
sevər qadın, canına-qanına hopdurar sevgisini, damarında axan qanıyla vuran
nəbzi də sevgisiylə rutmlənər. Gözlərinə həkk edər eşqin surətini, onun
işığıyla doldurar dünyaya açılan pəncərəsini.
Toxunmadan da sevər qadın. Eşqini namusu kimi qoruyar .Allahı kimi təslim olar , sadiq olar. Çünki qadının eşqi-namaz kimidir; ”niyyət etdikdən sonra sağa-sola, ora-bura baxmaz” qadın.
Təmənnasız sevər qadın.
Qeyri-şərtsiz sevər, dünyanın nemətlərinə gözünü yumar, eşqini həyatının
mərkəzinə qoyar, onu rəngarəng göyqurşağı kimi ömrünün vərəqlərinə yansıdar.
Ömrünü beləcə bəzəyər qadın sevgisinin gücüylə.
Fədakarcasına sevər qadın. Ömrünü zərrələrə səpələyərək, həyatın çətin, amansız sınaqları önündə dik dayanaraq, ən acı iztirablara, ağrı-acılara davam gətirərək, əyilmədən, usanmadan , yenə də sevər qadın. Atıb getməz, tərk etməz. Bəzən canından keçər, eşqini ucaldaraq. Alışar-yanar bu yolda , amma ölməz, bitməz-tükənməz sevgisi; Simurq kimi küllərindən doğar yenidən…
Və…illərin sınağından, ruzigarın tufanlarından keçən bu böyük eşqin yolu xəyanətə qədərdir. Xəyanəti bağışlamaz qadın. Acılarla qıvrılsa da ədalətin qılıncını sıyırıb öldürər öz sevgisini , öz qəlbini qəbir edər, dəfn edər o böyük sevdasını öz qəbir qəlbində.
Belə sevər qadın…
Tamara Nadirova /Tənha Bulud/
Yorum Yapın