Səmədi sordu




Yurduma yaz gəlib, çöllər al geyib,

Yazın bu naxışı Səmədi sordu.

Ömrün fəsilləri nə tez dəyişir?

Payızı həm qışı Səmədi sordu.




Atını ov üçün yoran ovçudan,

Ovuna min tələ quran ovçudan,

Balalı ahunu vuran ovçudan,

Geyranın baxışı Səmədi sordu.




Bəzən söz açsa da min bir gözəldən,

Təbiət vurğunu oldu əzəldən.

İşiylə tarlada nəğmə düzəldən,

Qızların yarışı Səmədi sordu.




Hicran bənövşənin qəddini əydi.

Lalənin xal kimi qəlbinə dəydi.

Göylər nərə çəkdi, onu dilədi,

Şimşəyi, yağışı Səmədi sordu.




Sakit, düşür yenə qara saça dən,

Bəs niyə demirlər, “tez qocaldın sən?”

Uğurlar qazanan hər bir şairdən,

Ellərin alqışı Səmədi sordu.





Sakit   Memmedova
www.kafiye.net