Ovunmayan həsrət…ŞƏHİDİM!


Səhər -səhər idi. Bir sarı donlu gəlib, kəsmişdi qapımızı. Götürüb apardı… Addımların irəliyə, baxışların geriyə çəkirdi səni…


Bu bayram qoşa butalı kəlağayı alacaqdın … Eynən nənəm kimi, qaşbənd, vurub, yaşmaq tutacaqdım… Qoşa butalı kəlağayı tutub gözüm…hardasan?



Bir yaz görüm necəsən?

Yarıcanım hardasan?

Sağım, solum, bütünüm,

Sənsiz elə darıxdım.

Dolanıram başına

Dörd divarın səhərdən.

Gələn-gedən nəfəsim

Yenə səssiz pıçılda

Gecənin qulağına.

Səni çox istəyirəm,

Mehribanım, əzizim.

Yatmamışam gecəni

Oturub səhərəcən

Adını zikr etmişəm

Dilim ucu qabardı.

Səhv-düz, tələm-tələsik,

Qara-qura eybi yox.

Eləcə yaz ki, sağam.

Canım, gözüm, əzizim.

Bağışladığın güzgü

Əlimdən heç düşməzdi.

Dünən salıb qırmışam,

Topalayıb yığmışam,

Bərk sıxıb saxlamışam

Ovucumun içində.

Qorxuram küsər, gedər

Bir ömür xatirələr…

Ayım, günüm, əzizim

Yarıcanım hardasan?

Köhnə şəhər, dar küçə

Külək, sazaq, dörd divar.

Yolun hansı yanadır?

Ordan boylanım sənə

Sağım, solum, bütünüm

Yarıcanım hardasan?




Göy üzünü yenə qara buludlar alıb. Dünya kir-kirə kimi, başıma dolanır. Əzir, doğrayır düşüncələrimi bir buğda dəni kimi. Qıymır bir ovuc torpağı mənə, qarışım ona, cücərim bir bahar yolunun üstə…Yollardan ha soraqlaram, hara apardı səni? Bilirsən, küləklər necə sərsəri əsir küçəmizdən…? Yağışlar da kəsib-kirimir, bəxtsiz gəlin kimi, gözünün mitiyini tökür o gün bu gün…



Yavaş-yavaş geyim-keciminidə ortalıqdan yığışdırırlar…Bir cüt ayaqqabın qapımızın girəcəyində gözü yolda qalıb… Şəkillərini bir-bir gözdən itirirlər…


Xəbərin varmı? Pəncərəsi cilik-cilik olub küçəmizin… həsrət-həsrət baxışlar boylanır gözlərindən…. Keşkə… keşkə geri qanrılasan, dönəsən gəlməzindən… Gözlərimdən boylanan qırmızı qərənfillər ağlamaqdan yorulub…Yolun kəsə başından, qanrılasan geriyə… Sənsiz ömrüm tez bitə…Tez gələsən…tez… Ünvansız məktublarımı poçtalyon geri gətirir…Eh…hardan bilsin, nə can yanır bu odda?


Nə səsin var, nə də sorağın… Eh…səni məndən alan…. Nə olar, fələyin çərxin çevir… Göyün üzün aç, ALLAH! Çiçəklər gülümsəsin günəşə sarı…Bəxtinə gün çıxsın, uman, küsən könlümün!

Deyirlər o tayda durnaların köçü başlayıb… Sən gedəndən bir dəstə durna teli topalamışam. Tək-tək əzizləyib, gecədən ta sübhəcən ümid göyərdirəm. Elə ki, gün dönür, gözlərim zillənir yollara. Hər qaraltıya sevinirəm. Ümid üzülmür ki, bilirsən… yenə gözləyirəm və hər gün beləcə gözləyəcəm ta sən gəlincə!


Sən uzun yolların yolçusu oldun. Yuxun uydurduğumuz nağılların qonağıdır. Sevdan doluxsunmış bir gözəlin gözlərindən boylanır dünyaya…. Artıq çox uzaqdasan. Minlərlə kilometrlər uzanır aramızdan. Yüzlərlə yol dirəkləri boylandıqca gözlərimi qaraldır. Yaşanıb, bitənlərin Notr-Damısan. Ağrın canıma, tüstün gözlərimə dolub…Sən unudulan deyilsən! Vətən torpağından cücərən hər çicəkdə sənin ətrin duyulacaq, ŞƏHİDİM!



Azadə Novruzova
www.kafiye.net





Bir açık hava ve yazı görseli olabilir