Kənddəki evimizin uğursuzluğu – 5

(Povest)



Qapını üzümə dədəm açmışdı. Mənə nifrət edən insanlar belə mükəmməl qisas düşünə bilməzdi, dədəm düşünmədən onların ürəyindən tikanı çıxartmışdı. Onlar tərəfdən baxanda ağlıma yalnız bu gəldi. Səsim batanacan qışqırırdım. Evdəkilər əl-ayağa düşmüşdülər, məni sakitləşdirirdilər. Mən ağrıdan, onlar təlaşdan ağlayırdılar. Anamın burnuma, gözümün altına qoyduğu buz ağrılarımı hardasa sakitləşdirirdi. Dünyanı sağ gözümlə eyni rəngdə görən hava rəngindən ikiqat tünd rəngdə olmuş sol gözüm vardı. Burnumun iki qaşımın ortasına yaxın sümüklü hissəsi təbiətcə cəzaydısa, çünki kompleksim vardı, indi ağrısı əsl əzabıydı. Bilmək istəyirəm, bu əzabları qazanmaq üçün ailəlikcə hansı canfəşanlığı eləmişdik?
Başımda zıppazıp ağrılar vardı. Özümü həqiqətən yaxşı hiss eləmirdim.

─Ağrın bir az keçdi? –Dədəm atalıq nəvazişini həmişəki kimi hiss elətdirirdi.

Mən atama “dədə” deyirəm. Əvvəllər əsəbləşirdi, özünü “vaxtsız qocalmış” hiss edirmiş. Sonra öyrəşdi, daha “dədə” deyəndə reaksiya bildirmədi. Arada hörmət xatirinə “dədə” demirəm, ya “ata”, ya da “papa” deyirəm. Üzünə demişəm, başımıza gələnləri yazsam, təkcə dədəmdir. Dədəm bilirəm ki, başqaları ona mənim haqqımda danışmadıqca, yazdığımı oxumayacaq.

─Başım dəhşət ağrıyır.

─Həkimə gedirik. Siz də gəlirsiz.–Anamla nənəmin gəlməyini istəyirdi.

Anam süfrəni yığışdırmadı.Çörək də qalmışdı süfrədə. Ağrılardan ağlıma necə gəldi bilmədim, anama çörəyin üstünü nəyləsə örtməsini istədim. Çörəyin uşaqlıqdan bizə din qədər “müqəddəs” olduğunu öyrətmişdilər. Böyüdükcə yanlış fikir olduğunu anlamışdım, mənə görə qazandığın çörəyin qədrini bilmək, şükür etmək müqəddəsliyindən vacib və özüməməxsus qanunuydu.

Yağış qəfildən necə başlamışdısa, o cür də kəsmişdi. Paltarımı dəyişməyim üçün dədəm mətbəxə keçdi. Anamın köməkliyiylə əynimə quru paltarlarımı geyindim.

Rayon xəstəxanasına gəldik, həkim ağrıkəsici iynəsi vurmaq istədi, razılıq vermədim. Kişi həkiminin qarşısında yanımı aça biməzdim, utanırdım. Hər kəsin otaqdan çıxmasını istədikdən sonra tibb bacısı iynəni vurdu. Ondan da iki dəfə üzr istəməli oldum. Səhv edən kimi üzr istəmək məndə vərdiş halı aldığından, yersiz üzrlərim az olmurdu. İndi şükürlüyəm, əvvəllər üzrü hörmətdən salmışdım. Rəfiqəm irad bildirdikdən diqqət yetirməyə başlamışam.

Sümüyüm sınmamışdı, sadəcə, bərk dəydiyindən burnum şişmiş, gözümün altı göyərmişdi. Gözümün göyləri tez keçsin, burnumun şişi tez yatsın deyə həkim “sinya-off” adlı dərman yazdı. Həkimlə sağollaşıb, yoldakı apteklərin birindən dərman aldıq. Sonra dədəm maşını restoranın qabağında saxladı. Birinci maşından düşmək istəmirdim, simamdakı xoşagəlməz görüntü hər kəsin mənə baxmağına səbəb olacaqdı. Dədəm deyəndə ki, otaqda tək oturacağıq, razılaşdım.

─Gör papan səninçün neynir!

Artıq sürprizin nə olduğunu anlamışdım. Ayrı otağa keçənəcən gözaltı kimin mənə baxıb-baxmadığına fikir verirdim. Sonra dədəm lülə-tikə kababı, salat, yuxa, təndir çörəyi, qazlı su sifariş verdi. Öz aramızdı, yavaş-yavaş ağrı-acını unudurdum. Rayona gələndən bəri ilk dəfə ürəyimiz açılmışdı.

Nənəm sifarişlərimiz süfrəyə gələnəcən şükür edirdi, dua oxuyurdu, bitirdiyi hər duaya görə anam “amin” deyirdi. Mən ürəyimdə bizi evin bizdən əvvəlki sahibiylə tanış edən qohumumuza lənət oxuyurdum. “Şərəfsiz, xeyirli ev olsaydı, bizə heç deməzdin. Allah bəlanı versin ” deyirdim. Lüləni görən kimi qohum da yadımdan çıxdı, ev də, burun da…

Nəyi var yedik-içdik, dədəmin ürəyindən vurmaq keçirdi. Maşın sürdüyündən içmədi, Bakıya qayıdanda mütləq içəcəyini dedi. İlk dəfə anamın atamın içkiylə bağlı istəyinə “İnşallah ” dediyini eşitdim. Pis hadisələr yadı doğma, doğmanı daha da doğmalaşdırarmış. Gülümsədim, dədəmlə anamı ilk dəfə müqayisə elədim. İlk dəfə dədəmin qocaldığını gördüm, anamın gözünün altındakı əlavə bir-iki yersiz qırışların fərqinə vardım. Ağlamaq istəyirdim, iyirmi-otuz ildən sonra onları görə biləcəkdimmi? Qocalıqlarının aciz vaxtlarında harda olacağımı düşündüm. Spirtli içki içdikdən sonra kədərini danışıb ağlayan əyyaşlar kimi hiss elədim özümü. Baxmayaraq ki, ən sevimli içkim çaxırdı, o da kef üçün yox, qan azlığımın qarşısını almaq üçün səhər acqarına, axşam yatmamışdan əvvəl bir xörək qaşığı qəbul elədiyim dərmanıydı.

Dədəm evə aparmağımız üçün mənim istəyimlə bu dəfə toyuq kababı sifariş verdi. Hesabı ödədikdən sonra restorandan çıxdıq, bizi qorxudan evimizə aparan yola rəvan olduq. Yolda dədəm başına gələn maraqlı hadisələrdən danışırdı, biz gülürdük. Güldükcə ağrı hiss edirdim, dilimə gətirmədim.O anı pozmaq qəlbi təmizlikdən uzaq insana məxsus olardı, hətta ağrıya dözməyə dəyərdi.
Dədəm maşını darvazanın qarşısında saxladı, maşından düşdük. Dədəm açarı dəmir qapıya salanda açılmadı. Təəccüblə qapının cəftəsini yoxladı, qapı açığıydı.

─Bıy, bismillah! Ədə Cavad, sən qapını açarla bağlamamışdın? –Nənəm soruşdu.

─Bağlamışdım, –deyərək dədəm həyətə girdi. Ardınca biz girdik.

Evimizin qarşısında molla qardaşla, ağsaqqal kişi vardı. Evə baxırdılar, öz aralarında söhbət edirdilər. Atam dəmir qapını möhkəm örtəndə bizim varlığımızı hiss elədilər. Həqiqətən ikiüzlü, təhlükəli insanlara rast gəlmişdik.

Dədəm onlara yaxınlaşanda gülərüzlə salamlaşdılar. Ağsaqqal dədəmə əl də uzatdı. Əlbəttə, dədəm nə qədər hirsli olsa da, hörmət xatirinə ağsaqqallıa əl tutuşdu, salamlarını aldı.

─Siz bura nətər gəlmisiz?

Mən qapının ağzında dayanmışdım, telefona baxırdım. Sevdadan nə qədər zəng, mesaj gəlmişdi. Adətən telefonum səssizdə olduğundan gələn zənglərdən gec xəbərim olur. Düzü, telefonla danışmağı sevən insan deyiləm. Bir gün həyatımda insan olsa, ümid edirəm, bu xasiyyətimə hörmətlə yanaşacaq, xarakterimə bələd olduqdan sonra peşman olmayacaq. Nənəmlə anam atama tərəf getdilər. Atam onlarla nə danışdı, fikir vermədim. Sevdanın mesajlarına baxdım.

─Şəfi, qohumum deyir, o evdə cinayət olub. Polis çağırsınlar. Polis gəlməmiş tualetə əl vurmasınlar, yoxsa cəncələ düşərsiz. Evdə üç ruh var. Biri pisdir, ikisi yaxşı.

Mesajı oxuduqca, qorxum, həyəcanım artdı. Nənəm demişkən, durduğumuz yerdə poxa düşmüşdük. “Soruşmadın ki, mənlə nə əlaqəsi?”- yazdım və rəfiqəmdən cavab gözləyirdim.

Anamgil tərəfə bir-iki addım atanda dayandım, təzədən dəmir qapıya yaxınlaşdım, həyətdən çıxdım. Gözümün qabağına burnum sınandan sonra evdən çıxmağımız, kənd yolu gəldi. Bizim həyətdən başqa hər yer quruydu. Yer yaş olmalıydı. Belə çıxır, yağış təkcə bizim həyəti isladıb? Burda işarə vardı, əmindim. Ruhların narahatçılığı haqqında çox eşitmişdim, hətta, bir qadının zorlanıb öldürüldükdən sonra ruhunun günlərcə qatilinə əzab verdiyini, qatilin bezib polisə təslim olmağı haqqında qəzetdə oxumuşdum. Orta məktəbdə oxuyurdum, bugün iyirmi doqquz yaşım vardı, oxuduğum hadisələr hələ də xatirimdədir.

Sevdadan mesaj gəldi: “Qadın deyir, ola bilsin cinayət sən doğulduğun ildə olub. Polis çağırsalar üstü açılar, evdə heç nə qalmaz.”

İlk dəfə gördüyüm ağsaqqala baxdım. Molla qardaş ( ona daha qardaş deməyə dilim gəlmir, baş verənlərin sizlərə aydın olması üçün qardaşı yazmağa məcburam) qatil ola bilməzdi, yaşı buna əl vermir, yaşda məndən kiçikdir. Yanındakı ağsaqqal kimdi?

─ “Qatil sağdı, ya o da ölüb?” yazdım mesaj bölümünə.

─ “Onu soruşmadım” –rəfiqəm cavab yazdı.

─ “Niyə soruşmadın?”

─ “Ağlıma gəlmədi. Sabah bizim kəndin mollasının yanına gedəcəm, ondan da soruşacam. İndi çox gecdi, sabah tezdən gedəcəm”

─ “Oldu qadam, sabah mütləq yaz. Bu arada, burnumu əzmişəm. Qəribə hadisələr olur evdə. Yağış yağdı, ancaq bizim həyətə. Nə kəndə, nə rayona yağmamışdı”

─“ ((((((( Bu nədir? Həə, qohumum dedi ki, qəti heç nədən qorxmasın. Qorxsa, pis olan ruh ona xətər yetirə bilər. Qorxmasın qəti. Atangilə də de, qəti qorxmasınlar.”

─ “Yaxşı”

Telefonu şalvarımın cibinə qoydum, söhbətin nədən getdiyi mənə maraqlıydı, dədəmgilə yaxınlaşdım. Yaxınlaşdıqca ağsaqqalın dədəmə pul təklif etdiyini eşitdim.

─Sənə verdiyindən ikiqat pul verirəm, nə istəyirsən?

─Niyə də, ağsaqqal, onu izah elə, bilək.

─Bəyaq dedim, başa düşmədin? Deyirəm ki, bacım məndən xəbərsiz satıb evi. Ona görə geri almaq istəyirəm. İyirmi min verirəm. Daha nə lazımdır sənə?

Ağsaqqal dədəmin üstünə xod gedirdi. Beləcə, damarına basdı.

─Birincisi, evi satmıram. Satsam da sizə satmayacam. Sən elə danışırsan ki, ev yiyəsi guya sənsən. Mən indi sizi polisə verə bilərəm e, evi mənə satıblar, açarın biri də özlərindədir. Hansı haqla evimə girmisiz?

Ağsaqqal da, molla qardaş da susurdu. Dədəm deyəcək sözlərini hələ bitirməmişdi:

─Deyəsən, məni sakit görüb dəyirmançı bilmisiz. Sən kimsən mənə göstəriş verirsən? Çıxın evdən. Vopşe, rədd olun evimdən.

─Axşamınız xeyir!

Əmimin gəldiyini heç kim hiss eləməmişdi. Əmim birinci dədəmə, sonra ağsaqqalla yanındakına əl uzadıb “salam” verdi.

Yayda qaranlıq saat səkkizdə-doqquzda düşsə də, saat beşi keçirsə, hamı üçün axşam sayılırdı. Mən əzəldən belə görmüşəm, belə bilirəm.
Əmim mənim üzümə baxdı, qaşqabaqlı soruşdu.

─Sənin üzünə nə olub?

─Mən qapını açanda üzünə dəydi, –dədəm cavab verdi.

Mən əmimin üzünə gülümsədim.

Əmim dəvətsiz ağsaqqala diqqətlə baxdı.

─Nə məsələdir?

─Evin lap köhnə sahibidilər. Evin açarı özlərində var, açıb içəri keçiblər. Ağsaqqal, açarı ver bura. Düz iş görmürsən. –Dədəm əsəbləşmişdi.

Ağsaqqal söz-söhbəti uzatsaydı, bizim xeyrimizə olardı hər şey. Polis çağırardıq, Sevdanın qohumu demişkən, cinayət olmuşdusa, üstü açılardı.

─A kişi, sən niyə şişirdirsən açar söhbətini. Sənə iyirmi min verirəm də.

─A kişi, şişirdirsən nədi? Mənim evimdə anam, yoldaşım, cavan qızım var. Mən nə bilim sabah bir də gəlməyəcəksən?! Açarı ver bura!

Ağsaqqal açarı vermək istəmirdi, getmək üçün bir iki addım atanda əmim qabağını kəsdi.

─Bir dəyqə dayan, polis çağıraq, məsələni onlar həll eləsin.

Molla qardaş həyəcanla ağsaqqala yaxınlaşdı:

─Dayı, açarı ver, söhbət böyüməsin.

Ağsaqqal gördü ki, daş qayaya rast gəlib, məcbur boz pencəyinin cibindən açarı çıxarıb əmimə verdi. Sakitcə ikisi də darvazaya tərəf gedib, dəmir qapıdan çıxdılar. Əmim arxalarınca getdi, darvazanı qapısıyla birlikdə bağladı.

─Bunlara bax, ayaqları yerə dəymir ki! – ağbirçəyimiz dilləndi.

Evə girdik, anam süfrə üstündəki qızardılmış kartofla toyuğu götürdü, mən də kirli boşqabları aparıb, yerinə təmiz boşqab gətirdim, süfrəyə düzdüm.
Toyuq kababımızdan yedik, əmimlə dədəm əlli-əlliyə vurduqdan sonra Sevdanın mesajından danışdım.

─Sevda evin şəklini qohumuna göstərib. Qohumu deyir: – o evdə cinayət olub. Ona görə ruhlar sizi narahat edir.

─Bəsdirin! Nə ruh? Hamısı boş şeydi!

─Boş deyil, Yaman. Öz gözümlə görmüşəm, –dədəm əmimi inandırmağa çalışırdı.

─Yaman gözüylə görməsə inan deyil. Bir-iki gün qal burda , inanarsan.- nənəm dedi.

─Sevda onu da dedi ki, üç ruh dolaşır. İkisi yaxşıdır, biri pis.

Hamı üzümə baxdı. Mən hər şeyi danışmamışdım:

─Amma dedi ki, qorxmayın. Yəni, qorxmasaq, polis çağırsaq, cinayətin üstü açılar, onlar çıxıb gedər.

Az danışan anam da dilləndi:
– Yaxşı, tutalım üç ruh var. Siz ki birini görmüsüz, tualetdən də körpə uşaq səsi eşitdiyinizi deyirsiz.

─Kim deyir? –Əmim soruşdu.

─Ata-bala. –Anam cavab verdi.

─Əşşi, bir az da siz şişirdirsiniz! Elə şey yoxdu.

Üç ruhdan biri imdadımıza çatdı. Bizim yerimizə əmimi inandırdı. Müəmmalı otaqdan ayaq səsləri gəldi. Sanki hoppanırdılar. Biz artıq qorxaraq öyrəşmişdik. Əmim ilk dəfə şahidi olduğundan rəngi-urfu qaçmışdı.

─Sevda dedi ki, qorxmayın qəti. Qorxanda adamı incidirlər. Şəxsən mən, siz qorxmasaz qorxmaram.

─Bu nədi? –Əmim soruşdu.

─Dediklərimiz,–anam cavab verdi.


Əmim rumkasını yerə qoydu, ayağa qalxıb müəmmalı otağa yaxınlaşdı. Qapını üç dəfə döydü….

Qapının o biri üzündən əmimə cavab olaraq, ancaq ayaq səslərini eşidirdik. Əmim yenə qapını döydü, bu dəfə səs gəlmədi. Dədəm əmimin yanına gəldi. Əmim bizim gözləmədiyimiz halda qapını qəfildən açdı, içəri keçdi. Maraqdan mən də qapının ağzına gəldim. Otaqda əmimdən başqa heç kim yoxuydu, Dədəmlə otağa girdik, otaqda hardasa iyirmi illik köhnə şkaf vardı. O da keçmiş evin sahibindən qalmışdı.

─Gördüz? Otaqda heş kim yoxdu.

Əmim qəhrəmanlıq eləmiş adamlara bənzəyirdi. Mən bənzədirdim, çünki qəti qorxusu yoxuydu.

Otağa girdim, əmimin yanına gəldim. Dədəm:

─Kişinin yanındakı yoldaşlarıyla Quran oxumuşdu,–dedi.

─Nə vaxt? –əmim soruşdu.

─Səhər.

─Sizdə inandız, hə? – deyib əmim başını yellədi.

Həqiqətən mən də əmim kimi düşünürdüm Dua oxunan evdə belə hallar olmamalıdı. Əgər mollalar oxuduqlarıyla onları qızışdırmayıblarsa… Yəni demək istədiyim budur, fərqli sözlərlə onların bizi qorxudub yola salması üçün nəysə oxuya bilərdilər. Yoxsa “otağa girmək olmaz” nə deməkdir?

─Gecə burda yatacam, baxarsız, –deyən əmimə heyran qalmışdım.

Qapının ağzına nənəm gəldi.

─Səyləmə ə! Mənim bağrımı yarmağa gəlmisən? Gecə az qala qızla birgə məni boğurdular. Divanda yatarsan.

─İmenni burda yatacam!

Əmimin tərsliyinə bizim kimi nənəm də bələdiydi. Ailəlikcə tərslik canımızda olduğundan, bəzən bir-birimizin tərsliyinin fərqinə varmırıq.

─Yaman,havalanıb eliyərsən e, qaqam. –Anam narahatçılığını bildirdi.

─Heş nə olmaz. Rusiyada birinci kirayə qaldığım evdə də belə hallar olurdu.

Maraq məni otaqda olduğumu unutdurdu:

─Əmi, sonra nə oldu?

─Heş nə, bir il yaşadım.

─Qorxmadın?

─Yoox, belə qorxutsan özünü, kölgən də qorxudacaq səni.

Sevdanın dediyini deyirdi əmim. Özümü qorxutmasam, gözümə görünən varlıqlarla ünsüyyət qura bilərdim. Özümü inandırmağa çalışırdım. Ruhlarla ünsüyyət qurmağın öz üslubu vardı. Bu haqda əvvəllər eşitmişdim, bunun üçün xüsusi adamlar var.

─Yaxşı, gəlin çörəyimizi yeyək, –dədəm dilləndi, qonaq otağına getdi.

─Əmi, doğrudan, qorxmasan, onlar sənə toxuna bilməz?

─Qorxursan?

─Bir az.

─Adi vəhşi heyvana qorxmadığını göstər, sənə hücum eləməyə tərəddüd edəcək.

─Nə olsun, əmi? Yenə də hücum edir.

─Yenə də qorxaq adama edilən hücum qəddarlıqla olur.

Əmim mənə cəsarətindən pay vermişdi.

─Getdik! –deyib, otaqdan çıxdı.

Əmimin otaqdan çıxmağıyla qapının arxasınca çırpılaraq bağlanması bir olmuşdu. Mən otaqda, qapıdan bir az aralıda qalmışdım. Yenə qorxdum, qarnımda bağırsaqlarımın bir-birinə dolaşdığını hiss elədim. “Qorxsan, kölgən də səni qorxudacaq” cümləsi yadıma düşdü.

Əmimlə atam qapını açmağa çalışırdılar. Gözlərimi yumdum, ” ayətül- kürsün” -ü oxumağa başladım. Çaşmırdım, sözləri özümdən xəbərsiz sırayla deyirdim. Kürəyimdə soyuqluq hiss elədim. Sanki kimsə mənə toxunurdu. Gözümü açdım, sürətlə geri çəkildim. Dədəmlə gördüyümüz qızın ruhuydu. Burnumla nəfəs ala bilmirdim, ağzımı açdım ki, boğulmayım.

─Kömək elə!

Ya ruh danışdı mənimlə, ya da mən zənn eləmişəm danışır. Yenə eşitdim səsini:

─Kömək elə,..

─Nə… nə kö-kö- köməyi?

Dilim topuq vurmuşdu, kəkələyirdim. İki ayağımın arası islanmışdı. Vəziyyətimi yəqin anlayarsız. Çox su içən,böyrəyi ona xəbərdar eləməmiş tualetə getmək yadına düşməyən insanın qorxudan bacardığı ancaq bu ola bilərdi.

─Qızım… qızım ordadır, –deyirdi.

Hansı qızından danışırdı, başa düşmürdüm.
Qızının harda olduğunu soruşmaq istəyirdim, əmim əlində evdəki stullardan birini tutmuş, pəncərənin şüşəsini sındırdı, üstümə qışqırdı.

─Tez ol, bura gəl.

Dədəm də qışqırırdı, səbəbini bilmirdim.

─Şəfi, bura gəl!

Pəncərəyə çatanda qapı açıldı, anam yerə dəydi. Dədəmlə əmimin səsi kəsildi, beş saniyədə onları qapının ağzında gördüm. Nənəmlə dədəm anamın qolundan tutub ayağa qaldırdılar. Fikir verdim, bir anlıq islanmış şalvarıma, sonra üzümə baxırdılar. Mənə hörmət xatirinə yaş olmuş yerə baxmadılar. Bəlkə də mənə hiss elətdirmədən baxmışdılar. Anam mənə yaxınlaşdı.

─Sənə toxunmadılar? –anam ağlayırdı.

─Yox, başqa şey oldu. Ağlama, qadan alım.

─Sabah çıxıb gedək burdan! –Qapının ağzında dayanan nənəm üsyan elədi. O da ağlayırdı, –Bu nə dərddir düşmüşük. Bəxtəvər olduq, oğlum ev aldı…

─Məncə də…

Anam nənəmlə razılaşdı.

─Əksinə, getməyək. Dədə, gecə sənlə gördüyüm qızla danışdım. Deyirdi,kömək elə, qızım ordadır.

─Hardadır? –Əmim soruşdu.

Əmim deyəsən, mənə görə ağlamışdı, gözləri ağlayan adamın gözlərinə bənzəyirdi. Dədəmdən danışmıram, üz-gözü mənə görə qaralmışdı.

─Bilmirəm. Soruşmaq istəyirdim, imkan vermədiz. Vopşe, pəncərəni niyə sındırdız?

─Arxanda qaraya bürünmüş ifritə vardı, neyləməliydik? –Dədəm acıqlandı.

─Başa düşürəm də, onlar kimdir, nədir, bilmirəm, təkcə mənlə danışmağa çalışırlar. Bəyaq qorxmadım, çalışırdım qorxmayım da.

─Qorxmadığın üçün yer yaşdı?

İndi nənəmi kişilərin içində məni pərt elədiyi üçün vicdansızca boğardım. Əmim nənəmə gözünü ağartdı, eybini üzünə vurduğu insanın uşaq yox, cavan qız olduğunu baxışlarıyla işarə elədi.

─Dədə, vallah, düz deyirəm. Bu gecə əmimlə otaqda qalaq. Qorxmursansa, sən də qal. Gecə görək nə olacaq?

─Bismillah, birdən qıza vergi-zad verilər e… –Nənəm yersiz cümləsini işlətdi.

─Hə nənə, falçı olacam!

─Nəysə-nəysə… Gedək, paltarını dəyiş, gecə fkkirləşərik.

Ümumiyyətlə, baş verəcək yaxşı-pis hadisələrə işarə edən yuxular görürəm. Uşaqlıqdan belədir. Zamanla yuxu yozmağı da öyrənmişdim. Əvvəllər tanıdığım yaşlı yəhudi dayıdan kartla fala baxmağı da öyrənmişdim, sonra tövbə elədim. Tövbə eləməyimə səbəb dost-tanışların, qohumların hər gün falına baxdırmasıydı. Dediklərim düz çıxanda bəziləri bir gündüz yığırdı, bir də gecə. Sizə deyim, fal həm də baş ağrısıdır, rahatlığın olmur.

Çimmək üçün hamama keçdim. Üzümə görə saçlarımı yuya bilmədim. Qırmızı kapron vannaya poroşok töküb içini isti suyla doldurdum. Sonra şalvarımı, uzun koftamı islatdım.

Hamamdan çxıb anamgilin yataq otağına keçdim.

Hamamdan çıxandan sonra adam yuxunun dərinliyində yatmaq istəyir. Məndə vərdiş olmuşdu. Qorxunu birtəhər canımdan çıxarandan bəri ilk dəfə rahat yatmışdım. Bu dəfə gördüyüm yuxudan özümə yer tapa bilmədim. Yuxudan ayılmaq istəyirdim, bacarmırdım. İki qadın, gənc qız müəmmalı otağa keçdilər. Qız hamiləydi, addımlarını çox ağır atırdı. Qapını örtdülər. Qız qışqırırdı, otağa yaxınlaşdım, qapını bir az araladım, doğurdu. Yaşlı qadın qıza pis-pis baxıb deyinirdi. Yaşlı qadından bir qədər cavan olan qadın qızın doğuşuna kömək edirdi. Yazıq qız necə qışqırırdısa ayaqlarım titrəyirdi. Az qala ürəyim gedə…
Qız mənə baxırdı, ağlayırdı. ” Kömək elə. Qorxma, kömək elə. Qızımı qurtar. Otağa girməyə ürək eləmirdim. Yaşlı qadından çəkinirdim. Körpənin səsini eşitdim. Doğuşa kömək edən qadın ağlayan körpəni anasından ayırdı, göbək bağını əliylə kobudcasına qopardı, körpənin göbəyinə düyün də vurmadı. Gördüklərimdən dəhşətə gəlmişdin. Gənc ananın ağlamaq səsi körpəsinin səsində itirdi. Qadın körpəni yaşlı qadına uzatdı. Qız bu dəfə qışqırmağa başladı.

─Yox! Yox!

Yaşlı qadın qucağında körpə, pişik surətiylə pəncərədən tullandı, gecənin qaranlığında gözdən itdi. Deyəsən, bağ tərəfə qaçırdı. Qız üzümə baxdı.

─Kömək elə! Qızıma kömək elə! Yalvarıram, kömək elə…

Evdən həyətə qaçdım. Tualetin yanından keçib bağa girdim.
Qaranlıqda heç kimi görə bilmədim. Tualet tərəfə baxdım, tualet öz-özünə alışıb yanmağa başladı. Qorxumdan ağaca söykəndim, yerə oturdum, dizlərimi qucaqlayıb eləcə baxdım. Elə bil kimsə yaxın getməyimə imkan vermirdi, ayaqlarımı bağlamışdılar.Tualetdən körpə çığırmasının səsini eşidirdim. Eşitməmək üçün qulaqlarımı tutdum, yenə də səsini eşidirdim. Dözə bilmirdim.

─Yox! Yoooox! Yooox! –deyə qışqırırdım.



Ardı var


Şefaqet Cavanşirzade
www.kafiye.net