Kənddəki evimizin uğursuzluğu – 4

(Povest)





Nənəm belə kobud olanda, “məhz bu arvada görə ərə getsəydim, birdəfəlik canım qurtarardı ” düşünürdüm. Maşından düşdüm, dədəm qapını çoxdan açmışdı. Qapıdan bir-bir girdikcə “Bismillah ” deyirdik. Molla qardaşdan başqa heç kim evə girmədi, çünki özü əlində Quran kitabı tək girmək istəyirdi. Baxdığım qorxulu filmlərdəki kimi, dedim indi qışqıra-qışqıra üstümüzə qayıdacaq.. Evdəkilər gözünü evin qapısına zilləmişdi. Mən tualetə tərəf baxırdım. Gözümə görünən körpə uşağı unuda bilmirdim. Tualetə çox yaxın getmədim, əvvəldən də yazmışdım, xarabadır. Bir-neçə addım yaxınlaşdım. Elə bil yandırılmışdı. Yaxınlaşanda taxtaların üstündən bilmək olardı. Tualet tərəfdən nənəmlə mən yatan otağın pəncərəsinə baxdım, molla qardaşı gördüm. Əlində kitab yoxuydu, gözlərini mənə zilləmişdi, qəribə, izah edə bilməyəcəyim baxışları vardı. Elə bil qarşımdakı başqa adamıydı.

─Nə olub? – özümü ondan qorxmadığımı göstərmək üçün sualımı bir az acıqla verdim.

─Çəkil ordan! Çəkil! –Üstümə qışqırdı.

Tualetə baxdım.Tualetdə ağlayan körpə səsini eşitdim. Tualetə yaxınlaşdım, sonra dayandım. Körpə uşağın olması mümkün deyildi. Düşünürdüm, günahlarımdır. Bətnimdə ölməyini istədiyim, qarğış etdiyim körpəmin ahıdır başımı pozub. Mümkün deyil, mən onu tələf eləməmişəm, sadəcə alınmadı, dünyaya gətirə bilmədim.

─Bacı, ordan çəkil!

Pəncərəyə tərəf baxdım, molla qardaş üzümə gülümsəyirdi, kitab da əlində. Bəyaq əlində kitab yoxuydu, əminəm. Artıq körpənin səsi də kəsilmişdi.

─Çəkil bacı, onlar yanındadır.

Bədənimə yenə soyuq tər gəldi, nə sağıma-soluma baxdım, nə də arxama. Dabanıma tüpürüb anamgilin yanına qaçdım.

─Nə oldu? –Hamı təlaş keçirdi.

─Qorxdum.

─Qorxma, keçib gedər, inşallah. –Anam həmişəki kimi nəvazişliydi.

─Yanımızda dayan! –Dədəm dilləndi.

Bir az keçdi, həyətə molla qardaş kimi gənc oğlan, arxasınca dədəmlə eyni yaşda olardı, bir kişi girdilər. Bizlə salamlaşdılar. Kişinin əlindəki kitab böyük idi, qədim kitaba oxşayırdı, arasından cırılmış, solmuş vərəqlər görünürdü.O birinin əlində heç nə yoxuydu.

─İçərdədir, –dədəm deyəndə, iti addımlarla evə tərəf getdilər. Gənc olan molla istiqamətini bağa tərəf döndərdi. Hamımız maraqla ona baxırdıq. Bağdan bir ovuc torpaq götürüb dua oxudu, sonra o da evə girdi, qapını bağladı. Gəl indi bunların işindən baş çıxar. Cibimdən telefonumu götürüb, facebooka status olaraq yazmaq istədim, fikrimdən daşındım. Statusluq yazı deyildi. Rəfiqəmə mesaj bölümündən yazdım. “Gözün aydın, cin-şeytanların kənddəki evimizə kimi bizlə gəlib”

Sevdanın xasiyyətinə bələd olan adam kimi, cümləni tam oxumamış zəng eləməliydi. On dəqiqədən sonra zəng elədi, danışa bilməzdim, adboy verdim. Mollalar evdən çıxana qədər yazışdıq, mənə pişik tapmağı məsləhət gördü. Pişiklər əcaib varlıqları görürmüş. Axırda əsəbləşib, “yaxşı da, eşşəklər də hər şeyi görür. Kömək elə, mollalardan gözüm su içmir. Sizin rayondakı molladan soruşa bilərsən. Xahiş edirəm, maraqlan, mənə xəbər elə.” Yazdım.

Sevda evin də, tualetin də şəklini çəkib göndərməyimi istədi.
şəkilləri çəkib facebookdan göndərdim.

Mollalar evdən çıxdılar. Molla qardaş mənə baxa-baxa bizə yaxınlaşdı. Dədəmə:

─Sizin qızınız ailəlidir? –deyə soruşdu.

─Başa düşmədim, –sual dədəmin xoşuna gəlməmişdi.

─Ruhlar ailəli, ya da ailəsi dağılmış qızları narahat edir.

Nənəm:

─Bu nə uydurmadı?! Əvvəlki evin sahiblərinin uşaqları körpəydi. Onları niyə narahat edirdilər?

─Onları narahat edən qızınızdı.

Dözə bilmədim, çünki yalan danışdığını gözlərindən oxuyurdum:

─Bir dəqiqə, birincisi, mənə bura gələnəcən belə şeylərə inanmırdım. İkincisi, mən evin də, tualetin də şəklini çəkib Sevdaya göndərmişəm. Bildiyi adamlardan bu haqda maraqlanacaq.

─Siz evin şəklini göndərmisiz? –Molla qardaş təəccüblə soruşdu.

─Hə.

─Çox nahaq!!! Belə söhbətləri çox yaymazlar.

─Özüm bilərəm! Sizə də zərrə qədər inanmıram. Dədə, Sevda deyir, evə pişik salaq. Pişiklər hər şeyi görür.

─Qızım, bir dəqiqə… İndi biz gecə evdə qalmayaq?

Yaşlı molla dilləndi:

─Qala bilərsiz. O otağa yaxınlaşmayın, narahat edirsiz.

─Qızın əşyaları var, axı…

─Otaqda nə varsa, qonaq otağına daşıdıq, narahat olmayın.

─Sabah yenə gələcəm. Üç gün dua oxunmalıdır. Biz gedək, dayı – molla qardaş cavab verdi.

Mollaların üçü də getdilər. Dədəm bizə baxdı:

─Həyətdə yaşamağa gəlmişik? Keçin içəri

Çarəsizlikdən dua oxuya-oxuya evə girdik.

Nahar üçün anam mətbəxdə yemək hazırlayırdı, dədəm bağda iş görürdü, torpaqla oynamağı xoşlayırdı. Gələcəkdə tövlə tikmək üçün, birdəfəlik buralara köçmək üçün səbrlə, təmkinlə mənim ailə qurmağımı gözləyir. Arzularımın şəhərlə bağlı olduğunu yaxşı bilir. Düzdür, nikbin olmayanda, insanlardan səbəbsiz bezəndə, ucqar kəndlərin birində yaşayıb, toyuq-cücə saxlamaq həvəsinə düşürəm. Sonra özümə gəlirəm, ay qız, otur oturduğun yerdə, gəlib-keçici hisslərinə aldanıb yuxarıdakına əlavə iş çıxartma, xalxın oğlunu da bədbəxt eləmə, deyirəm. Elə namizədim yoxdur, özümə əmin olmadıqca, olmasa yaxşıdır.

Guya kitab oxuyuram, fikrim-zikrim otaqdadır. Nənəm əlində xalamın mənə bağışladığı təsbehi dua edərək çevirir, dodağının altında mızıldandığından oxuduğu duanın mənasını başa düşmürəm. Burnumun içi qaşındı, cüt səbr asqırmağımla nənəmin sevincək mənə baxmağı bir oldu.

─Allah duamı qəbul elədi, –dedi.

─Nənə, sən allah, hardan bildin?

─Cüt səbr saldın. Cüt səbr ailəmizə düşür. Bu il bəxtin açılacaq.

Nənəmin sözlərinə mən də güldüm, qonaq otağına bitişik mətbəxdəki anam da güldü, nənəmin dediklərini təsdiqlədi.

─Cüt səbr Şəfiyə də düşür. İnşallah ay maa, allah səsimizi eşitsin.

─Deməli, hamınız mənə səs verirsiz, hə? Ay arvad, sən arada allaha yalvar ki, pensiyən qalxsın, avropa nənələrinin pensiyələri qədər olmasa da, heç olmasa, üç yüzə çatsın, hər ay bu nəvənə əllidən-yüzdən görüm-baxım elə. Yoxsa “nənə” elə təkcə adın qalacaq.

─Kopaqqızının danışığına bax e! Az, mənim pensiyəm heç 150 manat eləmir. O pulu siz nəvələrə verim? Qoca arvadam, sabah gözünüzü aşdız, bir də gördüz ki, yoxam. Kəfən pulumu toplamıyım mən?

─Nənə, qadam, birinci mən səndən pul-mul görməmişəm. Sən bəzi nəvələrinə verməsən, kəfənin qiyməti baha deyil ha, çoxdan yığmışdın.

Sözümü nənəmə gülə-gülə deyirdim. Nənəm anama baxdı:

─Mən buna dua edirəm ki, yaxşı oğlan çıxsın, ərə getsin, uşaqlarını görüm, bu mən barədə nə fikirləşir?

Arvadı əsəbləşdirmişdim.

─Yaxşı day, zarafat edirəm, ürəyinə xal düşməsin. Mən gedirəm oğluna köməy eləməyə. Bel əlində torpaq eşələmək işinə baxır. Allah eləyə xəzinədən-zaddan nəysə çıxa. “Amin” deməyən dillər qurusun!

Cümləmi nənəm də, anam da ciddi qəbul elədilər ki, bir ağızdan “Amin” dedilər. Gülümsəyərək evdən çıxdım. Bağa girmək üçün gərək tualetin yanından keçəydim. Bağla evin ortasında tualet tikmək hansı axmağın ağlına gəlib, hələ də mənə çatmır. Dədəmin yanına da getmək istəyirəm, di gəl, ürək edə bilmirəm. Dədəmi səsləməyə məcburdum.

─Dədə! Ay dədə!

Dədəm əlində bel göründü. Tualetəcən gələndə yanına qaçdım.

─Nəysə gözünə göründü? –Narahat oldu.

─Yoox, bağa gəlmək istəyirdim, tək gəlməyə qorxuram.

─Qorxma, gəl!

Dədəmin böyrünə düşüb bağın içinəcən getdik. Bir dəfə maraq güc gəldi, tualetlə üzbəüz pəncərəyə baxdım. Pəncərə bağlıydı, heç nə görmədim. Dədəm işini görməklə məşğuldu, mən sosial şəbəkədə Sevdayla yazışırdım. Sevda günortadan sonra tanıdığı, dindarların diliylə desək, bəsirət gözü açıq qohumunun evinə gedəcək. Qohum qadının nə söyləyəcəyi mənə maraqlıydı.

─Dədə,…

─Hmm…

─Evə pişik salaq.

─Səyləmə, kənd yerində sənə pişiyi hardan tapım? Həm də yazıq deyil heyvan? Mən boyda kişi əsim-əsim əsdi, bapbalaca heyvanın bağrı yarılar ki…

─Düz deyirsən. Vallah, mən mollalara inanmadım.

─Onlara mən də inanmadım. Sabah əmin gələcək.

─Bıy, tək gələcək?

─Hə. Bəyaq danışdım hər şeyi.

─Nə dedi?

─Deyir, boş şeydi, inanmıyın elə şeylərə.

─Baxarsan, immenni o otaqda yatacaq.

─Deyir də. Kimdi onu otağa buraxan? Nənənin bağrı o dəqiqə yarılar. Şəfi…

─Hmm.

─Get papıya su gətir.

─Mənə bir milyon dollar versələr də, burdan ora tək addım atmaram. Neynirsən e, burax o beli, gedək evə. Mən evdən çıxanda ana salat hazırlayırdı.

─Fikrinə çox salma bu məsələni. Qorxudan xəstəlik taparsan.

─Düz deyirsən, bir ay burda qalsaq, dediyin olacaq.

Dədəm əlindəki beli ağaca söykədi, tualetəcən gəldik. Yenə körpə səsini eşitdim, yenə bədənim üşüdü. İti addımlarla qapının ağzına gəldim. Geri dönəndə dədəm tualetin yanındaydı. İlahi, mən eşitdiyim səsi dədəm də eşitmişdi.

─Dədə!

Qışqırdım, mən tərəfə baxmadı. Yanına qaçıb qolundan tutub çəkdim.

─Qurban olum, evə gedək.

─Uşaq səsi gəlir. Burda uşaq var?

─Yox. Gözümüzə görünür.

Hələ də körpə ağlamasını eşidirdik. Nənəmlə anam qapının ağzına çoxdan çıxmışdılar. İkisi də yanımıza gəlmək istəyəndə, dədəm dayanmaları üçün əliylə işarə elədi. Gözünü tualetdən çəkə bilmirdi.

─Tualetdə nəysə var. Vopşe əminə zəng edirəm, indi çıxsın yola. İki saatlıq yoldu, axşamacan gələr.

İkimiz də evəcən gəldik. Dədəm dünənkindən bərk qorxmuşdu. Nəydi bilmirəm, körpənin səsini ancaq ikimiz eşidirdik.

Anamın nahar üçün hazırladığı süfrənin ətrafında heç birimiz oturmadıq. Nənəmlə mən bizdən əvvəl evi almış adamın bizə evin üstündə pay verdiyi divanda oturmuşduq. Adam necə bezibsə, aldığı evi bizə aldığından da ucuz satmışdı. Belə getsə biz də ucuz aldığımızdan ucuz satacağıq. Əgər sata bilsək!…Tərifləmək kimi olmasın, vicdan məsələsində üç yerdən birincisini tutacaq ailəyik. Dədəm qonaq otağının pəncərəsinə söykənib müəmmalı, qapısı bağlı otağa baxır. Anam süfrə arxasında oturmuşdu, kürəyi atama tərəfiydi, onun da gözləri müəmmalı otaqdaydı, nənəm yenə təsbeh çəkib dua edirdi, çarəsizlikdən gücü dua etməyə çatırdı. Mən dizlərimi qarnıma yığıb, gözlərim yerdə tualet haqqında fikirləşirdim.Baxdığım hansısa qorxulu filmlərlə oxşarlığı olub-olmadığımı xatırlamağa çalışırdım. Düşünürdüm ki, insan taleləri bir-birinə bənzəyirsə, qorxulu hadisələr də o cür bənzəməliydi. Müəmmalı otaq yadıma düşmürdü. Əmimin gəlməsini səbirsizliklə gözləyirdim. Əmim mistikalara inan insan deyildi. Hərçənd mən də inanmırdım. Yenə yazıram, dədəm mən gördüklərimi görməsəydi, eşitdiklərimi eşitməsəydi, özümdə psixi pozğunluqların olduğunu zənn edərdim. Belə olmadığı halda, deməli, ağlım da, şüurum da yerindədir.

Aclığımı hiss elədim. Düşünürəm ki, madam başımıza bir iş gələcək, tox olmağımız məsləhətdir. Qəribə də olsa, arzularımın arasında toxqarına ölmək var. Ölümümə yaxın hansısa incitdiyim insanlardan üzr istəmək yadıma düşməz, bir saat şansım olsa, mərci supuyla, balıq qızartması, mənim üçün kababların şahı olan lüləylə mədəmdə o tərəfə yola çıxaram. Baxmayaraq ki, vərməşil, düyü, lobya suplarından başqa bütün yeməklərə “yox ” dediyimi xatırlamıram.

Anamın sol tərəfində oturdum. Böyük sinidə qoyulmuş kartof qızartmasından bir az boşqama boşaltdım, qızardılmış toyuğun döş hissəsini də götürdüm, ilk tikəmin siftəsini ətlə başladım. Nə anam mənə fikir verirdi, nə də dədəm. Nənəm həmişəki mövqeyini dəyişmədi.

─Xoşbəxt adamsan, vallah. Bu həyəcanla yemək yeyə bilirsənsə, halaldır sənə!

Ac olanda dünya-aləm dağılsın, fikir vermərəm. Nənəmə cavab qaytarmağa həsəvim yoxuydu, ət çeynəyirdim, gözüm süfrədə içi qatıqla dolu kasa axtarırdı. Kartofu qatıqsız yeyə bilmirdim. Anama:

─Qatıq yoxdu? –soruşanda,

─Yadımdan çıxıb. Get götür! –deyəndə, səs tonundan evimizin ən səbrli sakinin necə səbrsiz olduğunu hiss elədim.

Anam da əvvəl belə əndrabadi söhbətlərə inanmırdı. Belə baxıram, indiki inamı əlli-əlliyədir. Qorxurdu, bizim qədər yox. İndiki vəziyyətdə qatıqsız keçinmək olardı. Mətbəxə tək girmək mənim özümə görə ağılsızlığıydı. Anam şir-pələng ürəyi yemişdi.

Mən dədəmə görə hələ də narahatam.Doyduğumu hiss elədikcə qorxu hissim bir addım qabaqda olur. Nə varsa, bağın qarşısını kəsən tualetdə var. İnternetdə “ruhlar” , “cinlər” haqqında axtarış vermək ürəyimdən keçir, qorxuram ki, oxuduqdan sonra indiki vəziyyətdə belə ola bilməyim, havalanım, evin sirri açılmamış başım pozulsun.

Anam sonunda dözə bilmədi:

─Cavad, heç olmasa, bir bir tikə çörək ye. Ac qalsaq, guya Yaman tez gələcək? ( anam əmimi nəzərdə tuturdu) Yeyək, həyətdə oturaq. Bəxtimiz yoxdu. Neçə il boğazından kəs ki, kənd yerində evimiz olacaq, istirahətimiz olacaq….

Anam qəhərdən cümləsini tamamlaya bilmədi. Valideyinlərimin sözü düz gəlməyəndə atamın xasiyyətini bəhanə edib anama təsəlli vermək asanıydı. İndi baş verən hadisənin kökünü özümüz anlamırdıq. Hələ böyük adamıq, bu gecə də evdə yatacağıq…O da yata bilsək!….

Nənəm anamın dediklərinə qüvvət verdi:

─Gəlin düz deyir. Ac başla adam fikirləşə bilmir. Çörəyimizi yeyək, görək neynirik.

─Olar mən həyətdə Sevdayla danışım? Mənə mesaj yazmalıydı.

Mənə görə həyət evdən təhlükəsiziydi. Və planım vardı. Sevdayla danışdıqdan sonra nənəmi həyətə çağırmaq, nə qədər ki saat beşi keçməyib meşədə gəzmək istəyirdim. İndi meşədə zoğal ağaclarından zoğal yeməliydim. Ürəyim dəhşət tut da istəyir. Əslində dədəm indi bizə kabab çəkməliydi. Allaha ağır getməsin, onsuz da naşükürlük edəndə Allah yadıma düşməmişdi, çox bəxtsiz ailəyik.

─Çox uzağa getmə, qapının ağzında ol. Bu gecəni sağ-salamat yola versək böyük işdir!

İndiyəcən dədəmi belə ikinci dəfə narahat görmüşəm. Digərləri uzun məsələdir. Zamanı çatanda onları yazacam, oxucumdan nəysə gizlətmək fikrim yoxdur. Hərçənd yazdıqlarımı çoxunuz oxuyacaqsınız, inanmayacaqsınız. Evin qəribə taleyi sizin qədər mənə də maraqlı və qaranlıqdır.

Həyətə çıxdım. Sevdanın nömrəsini yığdım, gözümü tualetdən çəkmədən zəngimə cavab verməyini gözləyirdim.

─Şəfi, yanında kimsə var? –Rəfiqəmin səsində həyəcan vardı.

─Hə. Danışdın qohumunla?

─İndi gedirəm danışmağa. Amma əvvəlcə şəkli göndərdim. Evə baxdım, özüm qorxdum…

Hövsələm daralırdı, saniyələr dəqiqələrin, dəqiqələr saatın yerinə keçmişdi.

─Neçə dəqiqəyə çatarsan?

─Rayonda qalır. Papamla gedirəm.

─Sən canı, nə desə, gizlətmə məndən.

─Narahat olma, çatım, sənə zəng edəcəm, özüylə danışarsan.

─Yaxşı olar. Davay, sağ ol. Konturum da azdır.

Telefonu adboy verdim. Nənəmi çağırmaq istəyəndə göy guruldadı. Qəribəydi, isti keçən hava birdən-birə necə dəyişə bilərdi? Mən biləni əvvəlcə göy üzündə xəbərdarlıq əlaməti olaraq qara buludlar olmalıydı. Yağış yağdı, elə-belə yağmadı. Əməlli-başlı yağdı. Birinci göy üzünə bir-neçə saniyə, sonra tualetə tərəf baxdım. Yağış otuz saniyə olardı, bəlkə də çox, məni hamamdan təzə çıxmış adam kimi islatmışdı.

Tualetin yanında gecə gördüyüm qızın fiqurunu görürdüm sanki. Dəqiq bilmirdim, yağış guruydu, hadisələr psixoloji təsir də edə bilərdi. Evə keçmək üçün qapıya yaxınlaşdım.Gözüm yenə o tərəflərdəydi. Qapını açmaq istəyirdim, qapı özü mən tərəfə açıldı və burnuma möhkəm dəydi. Qışqırdım, burnumun ağrısına dözə bilmirdim, diş ağrısından betərmiş. İlahi, cəhənnəm əzabı varsa, ilkin mərhələni artıq mən yaşamışdım.



Ardı var


Şefaqet  Cavanşirzade
www.kafiye.net