Kənddəki evimizin uğursuzluğu – 3

(povest)



Hiss edirdim,kimsə arxadan mənə yaxınlaşır. O an mənim yerimdə olsaydınız, şahidi olacaqdınız, adamın ürəyinin dayanmağı nədi, az qala bədənindən çıxa. Qorxudan duamı səsli oxuya bilmədim.

Mümkün deyildi, dua yadımdan çıxmışdı. “Allah” deyirdim, ardını gətirə bilmirdim. Beynimin düşünmə funksiyası fəaliyyətini dayandırmışdı. Dədəmin bir sözü var. Ölmək ölməkdir, xırıldamaq nədir? Cəld geri dönüb, dünən yatdığım qapıya kürəyimi çırpdım. Qapını astaca açan dədəmdi. Mən dədəmdən, dədəm məndən qorxmuşdu. Çırpıldığım qapı açılanda ombalarım yerə dəydi və çox incitdi. Ağrımın hayından olduğum vahiməli otağın fərqində deyildim. Deməli, ağrı-acı qorxu hissini adama unutdurur. Bu vəziyyətdə gərək dədəm əlimdən tutub ayağa qaldırmalıydı, canıyananlıq eləməliydi, eləmədi. Ayağa qalxıb utanmadan əllərimlə ombalarımı sığallaya-sığallaya guya ağrımı yüngülləşdirmək istəyirdim. Dədəmə baxdım, mənə yox, pəncərə tərəfə baxırdı. Bu dəfə geri dönüb dədəm baxan səmtə; pəncərəyə baxdım. Baxa-baxa asta addımlarla atama tərəf getdim. Pəncərədən tualetə tərəf baxaraq ağlayan qız vardı. Əynində uzun, boz rəngdə parça, qurşağından aşağı qırmızı ləkələri vardı. Ləkələrin qan olduğu mənim ağlıma gəlmişdisə, dədəmin də ağlına gələrdi. Dədəm mən gördüklərimi görməsəydi, başımın pozulduğunu fikirləşərdim. Otaqdan çıxdım, dədəm qolumdan tutdu, məni özünə tərəf yaxın çəkdi. Qız ağlayaraq bizə tərəf baxdı. İlahi, o qızın gözlərinin, simasının rəngini yaza bilmirəm. Təsəvvür edin, iki gün basdırılmayan meyidin rəngi necə olar?!…

Dədəm bir dəfə yüngül infarkt keçirmişdi, ikinci dəfə lap güclüsünü keçirəcəyi də ağlımdan keçdi.Qızın gözlərinə fikir verdim, qapının arxasına baxırdı, o da elə bil qorxurdu. Bizim gördüyümüz ruhdursa, vallah, ruhların qorxduğunu yox, qorxutduqlarını eşitmişəm. Qapının arxasındakının nə olduğu mənə maraqlıydı, di gəl, ürəkli oğul istəyirəm ( burda dədəmi nəzərdə tuturam), ürəkli qız axtarıram ( artıq özümü nəzərdə tuturam) iki addım qabağa getsin. Qız qəfildən qışqırdı, dədəmlə mən də ona qoşulub qışqırdıq. Bu zaman qapı üzümüzə çırpıldı. Dədəmlə qışqıra-qışqıra anam yatan otağa qaçdıq. Qapı açıq qaldı, biz anamın üstündəki ədyalı çəkib, yataqda bir-birimizə sığınıb, ədyalı başımıza çəkdik ki, heç nə görməyək. Yazıq anamın qışqırmağına da fikir vermədik. Dədəmi bilmirəm, səmimi olacam, mən öz hayımdaydım. Anan ikimizin də üstünə qışqırdı.

─Nə olub sizə? Niyə qışqırırsız?

─Getmə…Bura gəl, getmə! –Dədəm kəkələyirdi.

─Hara getməyim? Dayan, su gətirim. Sənə dedim də içmə!

Anam otaqdan çıxanda dədəm yanımdan qalxdı, anamın qolundan tutub otağa tərəf çəkib qapını örtdü.

─Ruh var… Dədəmin goruna and olsun, ruhu gördük.

Qapı açılanda atam iki saniyəlik qışqırıb susdu. Nənəmiydi, o da bizim səs-küyümüzdən səksənmişdi.

─Ə niyə səsinizi başınıza atırsız? Ürəyim qırıldı, dedim, görən nə olub?

─Mama, ruh var. O otaqda ruhu gördük.

Nənəm qapısı bağlı otağa baxdı, bizim otağın qapısını örtdü. Əliylə işarə elədi ki, səsimizi çıxarmayaq.

Ədyalı başıma çəkdim. Uşaq vaxtı qorxanda əlimə ədyaldan, yorğandan nə keçsə, başıma çəkərdim. Guya təhlükədən canımı qurtarıram. Qarşı tərəfin qapısının açıldığını eşitdik. Ədyalı burnumacan çəkdim, qorxaraq qapıya baxırdım. Nənəm qulağını qapıya dirəmişdi, anam dədəmin arxasında gizlənmişdi. Addım səslərini eşitdik. Kimsə hikkəylə qonaq otağına tərəf getdi. Qonaq otağında nəyinsə yerə düşüb sındığını eşitdik. İçimi çəkdim, sakitcə ağlamağa başladım. Həyatda iki cür ölümdən qorxmuşam. İndi də qorxuram. Belə əcaib, müəmmalı ölməkdən və …. ya da yazmıram. Hər kəsi olduğu kimi, məni də sevməyənlər var. Kim bilir, bəlkə aralarında kimsə qatil ruhunu bədənində gəzdirir? Düşmənimin zəif tərəfimi bilməyini istəmərəm.

Anam yanıma gəldi,başımı sinəsinə sıxdı. Ana qucağında ağlamaq, ürəyini boşaltmaq kimi gözəl bir şey yoxdur dünyada. Bu dünyada ana ürəyi qədər dözümlü ikinci ürək də tanımıram. Ana ürəyi dağ ürəyidir.

Addım səsləri bizim qapımıza yaxınlaşanda dayandı. Nənəm qulaqlarını qapıdan araladı, dədəm anasını qucaqladı. İndi yadıma düşəndə anlayıram: insan bir sevgidən, bir də qorxudan bir-birinə sığınır. İkisi də mənim üçün möhtəşəmdir. Şəkil çəkənimiz olsaydı, bizim mənzərəmizi çəkərdi.

Qapımız üç dəfə döyüldü, bu dəfə qışqırmadıq. Mən daha da anama qısıldım….

Yenə addım səslərini eşitdik, qarşı tərəfin qapısı açılmağıyla çırpılmağı bir oldu, içimizi çəkdik.

O gecə dördümüz də ikinəfərlik döşəkdə bir-birimizə qısılıb, gözlərimizi qapıya zilləmişdik. Nənəmlə anamın ortasındaydım. Dədəm öz anasının yanındaydı.

─Pəncərədən qaça bilərik.

Anam nə təklif etdiyini özü də bilmirdi və hamımız anamı çox yaxşı başa düşürdük.

Anamgilin pəncərəsi həyətin dəmir darvazasıyla üzbəüzüydü.

─Gecə vaxtı hara gedək? Meşə tərəfdə yaşayırıq, –dədəm cavab verdi.

─Ən yaxın qonşumuzla aramızdakı məsafə yarım saatdan çoxdu, – nənəm dilləndi.

Mənim danışmağa taqətim qalmamışdı. Həm də nə danışacaqdım, vəziyyətimiz ortadaydı.

Nənəm mənə:

─Sən uzan yat! –dedi. –Su da yoxdu uşaq içsin, özünə gəlsin.

Səhər açılana, anam məni oyadana qədər yatmışam. O qorxuyla necə yatmışam, xəbərim olmayıb. Otağın qapısını birinci atam həyəcanla, qorxaraq qəfildən açdı. Heç kim yoxuydu. Qarşımızdakı otağın qapısı bağlıydı. Bir-bir otaqdan çıxdıq, növbəylə hamama keçdik, əl-üzümüzü yuduqdan sonra qonaq otağına gəldik. Gecə sındırılan gülqabıydı, anamın otuz üç illik evliliyi qədər salamat qalmışdı. Ayağımıza qırıntıları batmasın deyə addımlarımızı ehtiyyatla atırdıq.

Mən yatanda ev paltarımı dəyişməmişdim, nənəmin donu stulun başındaydı. Anamla dədəm otaqlarında paltarlarını çoxdan geyinmişdilər. Səhər yeməyini yemək ağlımızdan da keçmirdi. Bir nəfər kimi evdən çıxdıq, dədəm evin qapısını bağlayırdı. Mən gözümü bağ tərəfdəki tualetdən çəkmirdim.

─Niyə gözümə körpə uşaq görünürdü? – sualını verirdim özümə.

Nənəm ümidlərini çağıracağımız molla qardaşa bağlamışdı. Nədənsə hiss edirəm ki, məsələnin kökü təkcə mollalıq, dualıq deyil.

Dədəm:

─Getdik, – deyəndə, üçümüz də qabağına düşdük, dəmir darvazaya yaxınlaşanda dədəmlə birlikdə qapını açdıq.

Anamla nənəm maşının arxa oturacağında oturmuşdu. Dədəmin maşını boz rəngdə 1985-ci ilin istehsalı olan Qaz 24- dür. Deyərdim dünyada ən rahat maşındır. Mən dədəmin yanında – qabaqda oturdum. Dədəm maşını qızdırdıqdan sonra sürərək həyətdən çıxartdı.Maşından düşüb darvazanı açarla bağladı.

─Hara gedirik, –Anam soruşdu.

─Dünənki mollanın evinə.

─Ondan əvvəl nəysə yeyək, rəngimiz-urfumuz yerinə gəlsin.

Nənəm haqlıydı. Adam toxqarına yaxşı fikirləşir.

─Yolda təndirlə pendir alaram, –dədəmə yemək maraqlı deyildi.

Yolda təndir, pendir, ayran almışdıq. Biz yeyirdik, dədəm yox, maşını molla qardaşın evinə aparan yolla sürürdü…

Molla qardaşın evində özündən və nənəsindən başqa insan yoxuydu, qardaş nənə himayəsində böyüyən gənc olub. Valideyinlərinin başına nə gəldiyini soruşmadığımız üçün məlumatımız yoxdur. Bizi tez gözləmirdi, yenə də yaxşı qarşıladı, nənəsi də xoşgəldin elədi. Nənəsinin yüzün ipindən tutmağına heç üç il qalmamışdı. İki il neçə aysa bir əsrin nənəsi titulunu üstündə gəzdirmək ehtimalı yüzdə yüzdür. O da Allah əl gəzdirməsə…

Kəndimiz işğal olunmasa, ya da satılmasaydı, day orasını geniş yazıb mətləbdən uzaqlaşmaq istəmirəm, nənəm kənddə yaşasaydı, siması indikindən də cavan görünərdi. Nənəmin köhnə şəkillərini anamın albomunda görmüşəm. Həqiqətən gəncliyində çox gözəl olub. Sonradan başa düşmüşdüm, babam niyə nənəmi üç dəfə qaçırdıb. Hə, hə, nənəm çox tərs qız olub. Gözəlliyinə bələd olduğundan nazlanmaq vaxtını digər qızlara nisbətən çox uzadıb. Babamla əmiuşağı olublar. Rəhmətlik kişi neçə dəfə ürəyini açıb, ” yox ” cavabından başqa cavab eşitməyib. Nənəm atasını tez itirmişdi, anasıyla qohumlar arasında tək yaşayırdı. Babam gördü ki, yox e, elçiləri çoxdu, qız əldən çıxacaq, ilk fürsətdə nənəmi qaçırıb. Nənəm də ilk fürsətdə babam onu evdə tək qoyanda ata ocağına qaçıb, iki ayağını bir başmağa dirəyib ki, mən əmioğluna arvad olmaq istəmirəm, qutardı!…

Nənəmdə kürd tərsliyi, babam ondan betər tərs kürd. İkinci dəfə qaçırdı, yenə nənəm ata ocağına qaçdı. Yazıq kişi neyləsin, üçüncü dəfə qapını da, pəncərələri də bağlayandan sonra nənəm başındakı yaylığı ingilis bayrağıfason havada yellədi. Kişi qəfildən rəhmətə gedənəcən xoşbəxt yaşadılar.

Babam fağır kişi olub, kimi danışdırırsan, sakit, mehriban olubdu, deyirlər. Hərçənd görməmişəm. heç bir nəvəsini görməyib kişi. Ruhu şad olsun, şəkillərdən, qohumların xatirələtindən tanıyıram babamı.

Nənəmlə molla qardaşın nənəsi ( qəribə adı vardı, xatırlaya bilmirəm) bir-biriylə dil tapdı. Ümumiyyətlə, nənəm məndən başqa hamıyla dil tapır. Burdan belə nəticə çıxır ki, problem mənim özümdədir. Bir əsrlik nənə hər şeydən danışır, evimizin sirrindən danışmır. Bircə onu deyəndə ki, ev rəhmətlik bacısının olub, hamımız təəccübləndik. Molla qardaşa baxdım, bizimkilərdən əvvəl sual verdim.

─Dünən niyə demədiz qohumunuzun evidir?

Birinci mızıldandı, nə qədər ağılsız olasan, bu sualı gözləməyəsən.

─Vallah, mən özüm də heç nəyi dəqiq bilmirəm.

─Kənddə tək molla sizsiz. Bizdən əvvəl evi alanlar da qapınıza gəlib, dua oxumusuz. Nənəniz yəni sizə heç nə deməyib?

Dədəm filmin maraqlı yerində kanalı dəyişdirdiyi kimi, söhbətin də maraqlı yerində araya söz saldı, gözlərini mənə ağartdı. Əlbəttə, molla cavab verməkdən yaxasını qurtardı.

Əsrlik nənə dilləndi:

─Qardaşım başqa rayonda yaşayır. Bacım ölməmişdən üç gün əvvəl evi mənə vermişdi. O vaxt mənim pula ehtiyacım vardı, satdım. Düzü, qardaşım evi satmağıma əsəbləşdi.

─Bacın xəstəydi?

Nənəm sualı ürəyimcə verdi.

─Yox, sap-sağlam arvadıydı. Xəstə niyə olur?

─Onda niyə evi sənə verdi? Bəyaq dedin ki, qızı, nəvəsi varmış. Onlara niyə vermədi, durduğu yerdə sənə verdi? Öləcəklərini əvvəlcədən bilirdi ki? Nəysə bacı, sən bizə düzünü demirsən. İncimə e sözümü gizlədib, nala-mıxa vuran adamlardan deyiləm. Deyək ki, mən qocalmışam, gözümə nəysə göründü. Hamımız dəli olmamışıq ha. Hamımızın gözünə göründü də o nədirsə.

Sağ ol, nənə! ” Əhməd haradadır ” filmindəki Zülümov demişkən, deputat kimi danışırsan.

Nənəmim suallarına cavab tapa bilməyən əsrlik arvad dilləndi:

─Vallah, özüm də bilmirəm evi mənə niyə verdi. Nəvəm gələr, dostlarıyla dua oxuyarlar keçib gedər. Çayınızı için, soyumasın.

Dədəm çay içə-içə düşünürdü.

Molla qardaş özü kimi iki molla dostuna zəng eləmək üçün otaqdan çıxmaq istəyirdi, verdiyim suala ayağını saxladı:

─Nənə, bacınızın nəvəsi ailəliydi?

Molla qardaş nənəsiylə bir-birinə baxdılar.

─Yox, niyə ki?

─Çünki körpə uşaq da görürdüm.

Əsrlik nənə qaşqabaqlı üzümə baxdı.

─Yox,… uşş.. uşaq nədi? Bacımın nəvəsinin 18 yaşı vardı, o da evdən çölə çıxmazdı. Ev yananda camaat köməyə gedib.

Anam:

─Nə vaxt olub?

─Nə?

─Ev nə vaxt yanıb?

─Yaddaşım zəifdi, ili dəqiq deyə bilməyəcəm.

Əsrlik nənə adamı hövsələdən çıxaranlardandır. Sonunda dədəmi də dilə gətirdi:

─Üstündən təxminən neçə il keçər?

Molla qardaş dilləndi:

─Otuz il keçər. Bəlkə də çox. 85-90-cı illər arası olub.

Dədəm cavabdan razı qalmış kimi göstərdi özünü, gülümsədi.

─Nəysə, Allah hamısına rəhmət eləsin.

Hamımız bir ağızdan ” Amin ” dedik.

─Qardaşlara zəng edim gedək. Mən sizlə gedərəm, onlar gələnəcən dua oxuyaram, –deyib molla qardaş otaqdan çıxdı.

Niyə belə düşünürəm bilmirəm, nə molla qardaşın, nə də əsrlik nənəsinin səmimiyyətinə inanmırdım. Birinci ev yox, evi aldığımız adamdan öyrənmişdik, bir otağı yanmışdı, təmir edib, Hamam-tualet tikib. Evinin təmir xərci bizə satdığından çox çıxıb. Dədəm niyə ucuz satdığını soruşmuşdu, uşağının müalicəsini bəhanə eləmişdi. Deməli, yalanmış. İnsafsız oğlu, düzünü desəydin, nə olardı? İnsan insana qənim üçün gəlib, burda deyiblər.

Əsrlik nənəylə sağollaşıb dədəmin maşınına mindik. Mən arxa oturacaqda nənəmlə anamın arasında oturmalı oldum. Məlum məsələdir, mənim yerimdə kim oturmalıdı?!

Təhlükəli evimizə çatdıq, məndən başqa hamı maşından düşdü. Nənəm niyə düşmədiyimi soruşdu. Qorxduğumu deyəndə, elə molla qardaşın yanında pərt elədi.

─ Az, gijdəmə, düş aşağı!.



ardı var….



Şefaqet Cavanşirzade
www.kafiye.net