SINAQ

(Təmsil)



Bir gün meşələr şahı,

Heyvanların padşahı.

Aslan fikirə getmiş,

Gecəni sabah etmiş.




Düşünüb daşınaraq,

Meşəyə salmış soraq.

Yığaraq heyvanları,

Sınaq etmiş onları.




Demiş, əziz dostlarım,

Vəfalı, qardaşlarım.

Bu bəzəkli meşədə,

Cənnət kimi guşədə.




Bütün ili sərasər,

Yaşayırıq bərabər.

Bu gün bir azca dedim,

Sizləri sınaq edim.




Kim olarsa ağıllı,

Götürsün krallığı.

Heyvanlar sevindilər,

Ona əhsən dedilər.




Aslan tutub ceyranı,

Önə qoydu aynanı.

Dedi, baxın aynaya,

Gətirin bir-bir saya,




Söyləyin bu ceyranın,

Yada ki, bu aynanın,

Haradadır qüsuru?

Açıq eylədim turu.



Meymun baxıb aynaya,

Güldü hey doya-doya.

Dedi ki, bu ceyranın,

Yada ki, bu aynanın,




Ağzı yaman böyükdür,

Burnu özünə yükdür.

Vay -vay qüsuru çoxdur,

Bunda gözəllik yoxdur.




Tülkü onu dinlədi,

Gözlərin süzüb dedi.

Yox bilmədin ay axmaq,

Bir onun gözünə bax.




Sanki oğurluq yağır,

Süzülür ağır-ağır.

Dovşan keçərək önə,

Söylədi dönə-dönə.




Durun aynaya yaxın,

Ona aşağıdan baxın.

Qısadır ön ayağı,

Çox uzundur qulağı.




Bir az da qorxusu var,

Ondan da heyvan olar?

Önə çıxıb canavar,

Dedi, deyim nəyi var.




Dişlərini qıcayıb,

Tapdı onda bir ayıb.

Aman bu nə vəhşidi,

Bizi yeyəcək indi.




Vahiməlidir səsi,

Leş qoxuyur nəfəsi.

Hər bir heyvan beləcə,

Qüsurlar tapdı neçə.




Kənarda sakit duran,

Bir azca boynun buran,

Maral da bir söz aldı,

Bir az xəyala daldı.




Qaşın döndərib yaya,

Baxdı şəffaf aynaya.

Dedi, ay əziz dostlar,

Bunlarda heç qüsur var?




Çirkinlikdən yox əsər,

Biri-birindən betər.

Tikan güldən nə anlar,

Gözəl deyib atalar.




Meymun baxar güzgüyə,

Adını qoyar özgüyə.

Aslan eşidib bunu,

Bağladı bu oyunu.




Dedi, qoy salım yada,

Nə ceyran nə aynada,

Qüsur filan yox idi.

Kimsə bunu bilmədi.




Taxın artıq bayrağı,

Maral keçdi sınağı.

Unutmayın ki, dostlar,

Hərinin öz gözü var.




Aynaya baxsan necə,

Görəcəksən eləcə.



Müəllif.M.Duyğulu

29.05.2020.
www.kafiye.net