ÖTƏN GÜNLƏR



Gözlərim önündə bir xəyal kimi,

Yenə də canlanır ötən günlərim.

Gəncliyin sökülmüş xərabəsindən,

Boylanır nigaran xatirələrim.



Ömrün baharının gözləri nəmli,

Dolan bulud kimi yağmaq istəyir.

Qısqanıb saçımın bəyazlığını,

Əlin-ayağını yığmaq istəyir.



Deyəsən ömrümdən köç edib gedir,

Görən kim olacaq növbəti yarı.

Mənimlə bərabər üzü gülmədi,

Məndən uzaqlaşıb sevinsin barı.



Mən bahar fəslini sevdiyim anda,

Payız fəsli məni sevirmiş yaman.

Mənimçün bir ömür gedibdir boşa,

Gendən baxanlara keçibdir zaman.



Bağışla, bağışla gənclik illərim,

Mənim həyatıma gəlmisən baha.

Boylanıb arxamca, səsləmə məni,

Mən sənə boylanan deyiləm daha.



Müəllif.M.Duyğulu.

05.05.2021.
www.kafiye.net