Bu şeiri yatmaq istərkən,amma yata bilmədiyimdə birbaşa yazdım.Allahım,bunun üçün çox təşəkkür edirəm Sənə!


GÖSTƏR MƏNƏ YOLUNU



Göstər mənə yolunu,göstər,düşüm yoluna,

Qurban olum o yolun həm sağına,soluna!

Salamlaşıb,görüşüb,

Qucaqlaşıb,öpüşüb hər gül ilə,çiçəklə,

Danışıb dil ilə yox,sinəmdəki ürəklə,

gəlim sənə sarı mən.

Bu istəkdə,həvəsdə yarı sən ol,yarı mən…


Göstər mənə yolunu,göstər deyim salam mən.

Yorulmaram,bezmərəm,incimərəm,küsmərəm,

Gülüm, sənin qadanı gündə yüz yol alam mən…

Olaq bir can,bir ürək,ayrılmağa nə gərək?

Ayrılığın,hicranın,bu ağrının-acının,

intizarın,həsrətin,dərdin-qəmin,kədərin

bu istəyi,arzusu bu niyyəti bəsidi!

Sən mənim ol,mən sənin,

Sanaq ömrün payızı,qışı da yaz fəslidi.

Dünya fanı,ötəri…

Bu dünyanın şənindən,fərəhindən,dəmindən

çoxdu min cür xətəri.

Yoxdu onun gözündə nə mərhəmət,ədalət,

nə insaf,nə mürüvvət,

nə eşq,nə də məhəbbət

gülüm,zərrə qədəri…


Göstər mənə yolunu,öpüm də qar-yağışın.

Alıb təzdən güc,həvəs,

Dərdə,qəmə,kədərə,hər ələmə deyib bəs,

Fərəh ilə,şən ilə mən sarılım qələmə,

Nalə,fəğan,nə ah-zar day,gəlməsin dilimə.

Əllərindən yapışım…

Əcəlimlə çarpışım…

Aşım-daşım,gəncləşim,uşaqlaşım təzədən.

Deyim…

Deyim…Deyim ki :

Dünya elə beləymiş,beləcəymiş əzəldən –

Ağrısız-acısız,qəm-qüssəziz,kədərsiz…

Nə ayrılıq,nə həsrət,nə göz yaşı,intizar,

nə bir azar varıymış,

Dünya şirin bal kimi,şəkər kimi,qənd kimi

Bir ismətli,vəfalı,mələk kimi yarıymış!..

Dünya elə qarsız,boransız,sazaqsız,şaxtasız,

Fırtınasız,tufansız bir gülşən,bir gülüstan,

bir solmaz-saralmaz baharıymış…

İnandır mənə,gülüm!

İnandır!..

İnandır mənə dünyanın beləcə olduğuna –

Şəkər kimi,qənd kimi,bal kimi olduğuna…

Yar kimi olduğuna…

Var kimi olduğuna…

Yandır!..Sönmüş ocağımı yandır!..

Sönmüş çırağımı yandır!..

İnandır!..

İmandır!..

İnandır!..

İnandır!!!

Qırma qanadımı,qırma qolumu.

Göstər!..

Göstər!..

Göstər!..

Göstər,gülüm!..Göstər mənə yolunu!..

Göstər mənə yolunu!!!



Məzahir İsgəndər

29.04.2021
www.kafiye.net