Real Gün

Real sözünü gerçəklik kimi yozuruq amma bunu əsil gün kimi qeyd edirəm. Həmin əsil gün. Əsil həyatı zaman-məkan, sevgi-nifrət, ölüm-olum gerçəklikləri ilə biz azərbyacanlılara görk edən həmin Gün! O gün başımıza gəlmədi, həyatımıza soxulmadı, yanımızdan ötüb keçmədi. Həmin o gün unudulmuş keçmişdən və güman edilmiş gələcəkdən yoğrulmuş biz zaman kəsimidir. O zaman ölənlərlə olanların canından-qanından qurulmuş yeni bir həyat mənzərəsini sərgilədi. Yadımdadı…

İnsanlar evdə oturmurdular, evlərin həyətlərində topa-topa dayanıb gərgin müzakirələr aparırdılar. Söhbət bitəndə, bir-birini tərk etmirdilər, yan-yana, baş-başa dayanıb gözlərini yerə dikirdilər. Uzun piyada gəzintilərlə evlər ziyarət olunurdu. Buna qonaqlıq demək olmaz, sadəcə bir-birimizə baş çəkirdik. Olurdu ki, evlərdə maraqlı əhvalatlar, tarixi faktlar danışılırdı. Daha doğrusu nəql eidlirdi. Nağılvari söhbətlərin dinləyiciləri isə bu dəfə uşaqlar yox, böyüklərin özləri idi.

Uşaqlar da oyuncaqları kənara qoyub böyüklərə qarışırdılar. Heç kim onları böyük süfrələrdən, böyüklərin söhbətindən uzaqlaşdırmağı düşünmürdü. Deyiləni hamı eyni cür eşidirdi. Yas mərasimləri yox idi, yalnız dəfn mərasimləri olurdu. Küçədə mütləq öz dilimizdə danışırdıq ki, düşmən yaxındadır sözlərimizi anlamasın. Bütün sözlər təkcə qulaqları yox, könülləri də isidirdi. Yolları unutmuram…

Qərənfillərlə örtülmüş qan izləri insanı qorxutmurdu. Gülün gücünü hiss etməyə başlayırdım. Yolları səkilərdən, qırmızı torpağı boz torpaqdan ayıran yeganə bələdçimiz o qərənfillər idi. Qırmızı rəngin reallığının şahidi olurduq. Həm qanı, həm də çiçəyi bir məkana, bir zamana yerləşdirən həmin Real Günün üzü bu cür idi. Biz azərbyacanlıların idealizmi öz realizminə qovuşdu. Şəhidlik anlayışı, azadlıq hissi, qurbanolma ideyası həmin gündəcə öz maddi təzahürünə yetmişdi.

Bir xalq kimi bizim maddiliyimiz o biri xalqların maddiliyindən fərqlənirdi. Biz başqa cür var olmağa başladıq. Hətta şəhərsalma mədəniyyətimizdə Şəhidlər xiyabanı kimi xüsusi məkan təyinatı formalaşmışdı. Özü də bütün şəhərlərimiz üçün. Şəhərlərimiz yeni şəkil aldı. Başqa xalqlar öz şəhərlərini gəzintiyə çıxanda biz şəhərimizi ziyarət etməkdə idik. Yadımdadı əyalətdən gələn qonaqlarımız Şəhidlər xiyabanını görməyə mütləq can atırdılar.


Xiyabana gedəndə hər bir azərbaycanlı öz tarixini, amalını incələməyə başlayır, öz ictimai-tarixi düşüncəsini formalaşdırmağa başlayır. Şəhidlərin məzarları, qərənfillərin düzülüşü, səssiz, sözsüz ünsiyyətlər insanların düşüncələrinə, həyat qabiliyyətlərinə xeyli təsir edir. Həmin Real Gün- ayılma günü, yenidən doğulma günü, dəyişmə günü, Yerin altı ilə üstünün bir olduğu əsil gün bir daha ələ düşməz. Əsil qərənfilli, əsil qırmızı Gün!


Sara Cavadzadə
www.kafiye.net