İstedadlı şair, gözəl insan

Fəridə Köçərli İbrahimova

haqqında yazdığım “Tərlanlar oylağının şair qızı” adlı irihəcmli oçerkimin nəşr olunmasında əməyi olanlara, şəxsən

Balayar Sadiq

müəllimə təşəkkürümü bildirirəm.

Buyurun,

Damla

xanım, sizin üçün və oxumaq istəyənlər üçün əlavə etdim oçerki statusa.

TƏRLANLAR OYLAĞININ ŞAİR QIZI

Onun üçün dünya da, Vətən də, kainat da Laçından başlanır ‐ Laçının şairləri ilhama gətirən aylı‐ulduzlu səmasından, sal qayalarından, cənnət bağlarından, dumanlı dağlarından… gülündən, çiçəyiindən, lələsindən, nərgizindən…quzeyindən, güneyindən başlanır,.. ən əsas da hər daşı, hər qayası, hər qarış torpağı əziz olan Sadınlar kəndindən başlanır Vətən.

Bilmirəm niyə, amma bu, həqiqətdir ki, iyirmi faiz torpağımızın erməni manqurtları tərəfindən işğal olunduğu zamanlarda mən əsir yurdlarımızdan ən çox Laçının və Şuşanın həsrətini çəkmişdim.Hələ uşaqlıqdan bəri tez‐tez dinlədiyim, qəlbimi kədərli notlara söykəyən bir mahnıya sevgidən qaynaqlanmışdı bəlkə bu sevgi?

“Ay Laçın, can Laçın,

Mən sənə qurban, Laçın” deyə haray çəkib yaddaşımda həmişəlik kök salan bir səslə kim ifa etmişdi bu mahnını? Nədən belə qəmli səslə, belə sızlayan ürəklə oxumuşdu?‐ bunu demək çətindir.Amma qəlbləri kədərli notlara kökləməyi bacarmışdı oxuyan və mən kiçik olduğum üçün mahnıda söhbətin hansı Laçından getdiyini belə anlamamışdım.İllər sonra Azərbaycanımızın bu adda dilbər bir guşəsi olduğunu öyrənəndə, məhz həmin mahnıda adı çəkilən Laçın olduğunu düşünmüş və çox sevmişdim o tərlanlar oylağını. Daha sonralar isə əslən Laçından olan, bacı qədər çox sevdiyim və dostluq tariximizin cəmi doqquz yaşı olsa da, onu uzun illərdən bəri tanıdığım doğmalarım qədər əziz bildiyim Zoya adlı dəyərli bir dostumun və anası Reyhan xanımın simasında bütün laçınlıları çox sevdim.Ölməz sənətkarımız Məhəbbət Kazımovun səmavi səsində dinlədiyim “Laçınım” mahnısının ürəkləri riqqətə gətirən musiqisindən və sözlərindən ülviləşdi Laçın adı mənə.Məhz bu yazımı qələmə alarkən yazımın qəhrəmanından öyrəndim ki, yuxarıda iki misrasını qeyd etdiyim mahnı əslində Laçın adlı bir xanıma ünvanlanıbmış və elə Laçın rayonunda olmuş hadisə ilə bağlı yazılmışdır.Rayonun adı isə o torpaqda çoxluq təşkil edən Laçın quşunun adından götürülüb.

Onu ‐ bu yazımın qəhrəmanını tanıdığım gündən Laçın adı çəkiləndə ilk ağlıma gələn elə onun özü olur.Laçını onsuz, onu Laçınsız təsəvvür edə bilmədiyim insan ‐ təpədən‐dırnağa Laçın həsrətinə bürünmüş, uzun illər boyu yazılarında Laçın adlı, Qarabağ adlı Vətən nisgillərindən yazıb haray çəkən, talan olmuş yurduna qovuşmaq həsrətilə çırpınan Sadınlar kəndinin tək şair qızı Fəridə Köçərli İbrahimova.

Müsahibimə ilk sualım da elə bu haqda olur:

‐ Fəridə xanım, Laçın adı çəkiləndə ilk olaraq nə gəlir xəyalınıza?

Cavabı o qədər möhtəşəm oldu ki:

‐ Bu sualı Laçını tanımayan adama versəniz, o məkan haqqında ağlına gələni deyə bilər bəlkə.Məsələn, mən Kəlbəcərdə olmamışam deyə, Kəlbəcər barədə belə bir sualın cavabında xəyalıma gələnləri deyə bilərəm.Laçın barədə isə deyim ki, Laçın elə mən özüməm, Laçın mənim anamdır.Hər daşı, hər qayası, bircə ovuc torpağı belə mənim üçün əvəzsiz olan, əziz olan, Laçın nisgilim azalsın deyə torpağını suya qarışdırıb içdiyim, daim ürəyimdə yaşatdığım bir məkandır.O diyar mənim üçün onun o torpağı qanlarıyla müqəddəsləşdirən şəhidlərimdir, uğrunda ölən babamdır, Laçının qoynunda ölən, otuz ildən bəri məzarını ziyarət edə bilmədiyim atamdır.Hələ uşaqlıq çağlarından bəri məhəbbət və sədaqət rəmzi kimi tanıdığım, anamın da adını daşıdığı, Laçının özü boyda sandığım Qumru quşudur ‐ Laçın səmalarında qanad çalan”.

Əsl adı Roza olsa da, mən Fəridə adı ilə tanıdım yazımın qəhrəmanını.İki adının olmasının da kiçik bir tarixçəsi var.Roza adlı çox bacarıqlı bir jurnalist xanım qohumunun adını vermişdi atası ona, qızının da onun kimi ağıllı, savadlı və ziyalı olmasını arzulamışdı.Amma dövrünün qaydalarına, kəndin adətlərinə görə həmin il kənddə doğulan bütün körpələrə ad verən kəndin sayılıb‐seçilən, hörmət sahibi olan ağbirçəyi Gülüm xalanın istəyi ilə Fəridə çağırmağa başladı hamı onu, Roza adı yalnız sənəddə qaldı.

Haşiyə: Bu hal Fəridə xanım ailə qurana kimi davam etdi.Həyat yoldaşı Ələddin müəllim onu Roza adı ilə çağırmışdı hələ məktəb illərindən və bu ənənəni sonralar da davam etdirdi. “Harda olsam, mütləq hər iki adımı təqdim edirəm qonşulara, tanışlara.Anlaşılmazlıqların yaranmaması üçün edirəm bunu. “Roza bu evdə yaşayır?- deyə soruşanlara, “Yox, orda Fəridəgil yaşayır” cavabını verməsinlər deyə”.

Fəridə xanımla ilk tanışlığım zamanı onun çox sevdiyim bir roman qəhrəmanının adını daşıması diqqətimi çəkmişdi ‐ əsərlərini böyük maraq və həvəslə oxuduğum dünya şöhrətli türk yazarı Rəşad Nuri Güntəkinin məşhur “Çalıquşu” romanının baş qəhrəmanı, minlərin, milyonların çox sevdiyi fədakar Fəridənin adını daşıması.Onda Çalıquşu ləqəbli Fəridə bənzərliyi axtardım və tapdım ‐ insanlığın zirvəsində olmağı bacarması, dürüstlüyü, mərdliyi, ədəbiyyata sevgisi, şairliyi onu Rəşad Nurinin sevimli qəhrəmanına bənzətməyimə əsas verirdi. Tanıdığım gündən bəri kübarlığının, yüksək mədəniyyətinin, Vətəninə olan dünya boyda məhəbbətininin, zəngin qəlbinin heyranı olduğum Fəridə xanım bütün yaradıcılığı boyu əsasən əsir yurdlar mövzusunda yazdığı şeirləri ilə diqqət çəkirdi.

Yuxarıda qeyd etdiyim kimi Laçın rayonunun Sadınlar kəndində, təbiətin çox səxavətlə ətrafa gözəlliklər bəxş etdiyi bir zamanda, torpağın, təbiətin qış yuxusundan oyandığı, ilk baharın müjdəçisi olan qaranquşların səmada göründüyü, novruzgüllərinin çöl‐çəmənə gözəllikdən libas geyindirdiyi vaxt, bayramlar ayı sayılan mart ayında dünyaya gəlib qəhrəmanımız.Sadə, əməksevər və ziyalı bir ailədə böyüyüb.Atası Novruzov Köçəri İsgəndər oğlu aqronom, anası Qumru xanım evdar qadın idi.Ən çox ata nənəsi Hürü xanım haqda böyük məhəbbətlə danışır Fəridə xanım: ‐ Atamı yetimçiliklə böyüdüb Hürü nənəm. Çətinliklər bahasına, minbir əziyyətlə boya‐başa çatdırıb övladlarını.Sahədə, günəş altında işləyib, gicitkən ovub yeməklə gün keçirib, çantasında daşıdığı əl boyda çörək parçasını günlərlə özüylə zəmiyə aparıb, ətrafdakılar onun yeməyə çörəyi olmadığını düşünməsinlər deyə. O dönəm üçün oxumaq, ali təhsil almaq az adama nəsib olardı.Amma Hürü nənəm heç nəyə baxmayaraq onları oxutdurub, atamın da, əmilərimin də ali təhsil almalarına nail olub.

Atamdan fərqli olaraq anam atalı‐analı, xoşbəxt bir ailədə böyümüşdü.Əslən Sadınlarla qonşu olan Hacılar kəndindən olan anam, əksər laçınlıların yaxşı tanıdığı Borşu oğlu Ağalar bəyin qızı idi.Sovetlər hakimiyyət başına gələndən sonra o, əksər bəylərdən fərqli olaraq, varidatının çoxunu könüllü olaraq hökümətə təhvil vermişdi və bu səbəbdən də sürgün edilməmişdi.O zamanlar Azərbaycan Cümhuriyyətinin müdafiəsi üçün Nuru Paşanın başçılığı altında ölkəmizə gələn Türkiyə ordusunun, onun tanınmış üzvlərindən biri olan Sultan bəyin dəstəsinin tərkibində mübarizə aparırdı.On nəfərlik dəstələrdən birinə başçılıq edirdi, qorxmaz və cəsur, mərd bir insan idi.Orduya maddi və mənəvi dəstək olmuşdu çətin dönəmlərdə. Anamın qardaşı, mənim dayım atamla eyni ali məktəbdə oxumuşdu, dostluq etmişdi.Bu yolla anamı tanımışdı atam, beləcə yaranmışdı onların arasında mehr‐məhəbbət və bu sevda uzun illər davam etdikdən sonra, taleyin qismətilə bir ömür davam edən xoşbəxt ailənin təməlini qoymuşdu bu cütlük.Yeddi övladın böyüyüb boya‐başa çatmasına nail olmuşdular.

Ailədə dördü qız, üçü oğlan övladı olmaqla yeddi uşaq idik.Mən üçüncü övladıydım valideynlərimin.Bir də ermənilərin qətlə yetirdiyi əmimin oğlu da valideynlərimin himayəsində, bizimlə bir evdə böyüyürdü və doğma qardaşlarımızdan ayırmırdıq onu.Beləliklə, səkkiz uşaqdan ibarət bir ailə kimi davam edirdik həyata.Eyni vaxtda beş uşaq məktəbə yola salırdı anam ‐ üç qız, iki oğlan.Hər birimizin səliqə‐səhmanına xüsusi diqqət ayırırdı həm də.Məktəbli formamız şıq, təmiz və ütülü olardı həmişə.Bunlar böyük zəhmət, vaxt tələb edirdi və anam bu işlərin öhdəsindən gəlməyi gözəl bacarırdı.

O donəmlərdə anamın ətrafında olan kənd qadınlarının demək olar ki, hamısı kolxoz işində çalışırdı.Yayda məktəblilər belə kolxoz işinə qatılırdılar.Amma atam nə anamın, nə də bizim ‐ övladlarının çətinlik çəkməsinə razı olmayıb, ailənin maddi vəziyyəti ilə bağlı bütün işləri öz öhdəsinə götürüb, bizim təhsil almağımız üçün səy göstərib.Əslində anamın işləmək üçün zamanı belə qalmırdı.Həddən ziyadə qonaqpərvər olan atamın gələn qonaqları da hədsiz çox olurdu.Daim qonaq‐qaralıydı evimiz.Uzaqda yaşayan dostların, tanışların, qohumların kəndə yolu düşəndə qonağımız olurdular, “Köçərinin evində qonaq özünü rahat hiss edir, baxmayaraq ki, külfəti böyükdür” deyirdilər. Valideynlərimdən nənəmə qarşı həmişə böyük diqqət və qayğı görürdük.Bu səbəbdən də Hürü nənəmə hörmət və məhəbbətimiz çox güclü idi.Gözəl rəssamlıq qabiliyyətinə malik olan qardaşım Knyaz nənəmin karandaşla rəsmini çəkmişdi, o foto indi də gözlərim önündən getmir.Uzun illər sonra bizim köçkünlük həyatımız başlayanda, biz doğma yurdumuzu tərk etmək məcburiyyətində qaldığımız zamanda hər kəs evindən gücü çatdığı qədər ev əşyaları, zinət əşyaları aparmağı düşünəndə, anam evimizdən Hürü nənəmin həmin rəsmini də özü ilə götürmüşdü və hamı bu məqamı təəccüb və heyrətlə qarşılamışdı, “O qədər var‐dövlətin arasından bu şəkli gətirmək nəyə lazım idi?” deyə sormuşdular”.

Ömrünün ən gözəl, təkrarsız anları Sadınlar kəndi ilə bağlı olan Fəridə xanımın uşaqlıq illəri bütün yazı qəhrəmanlarımdan fərqli olaraq, at belində keçib. Uşaqlıq xatirələrini o qədər maraqla danışır ki, sanki özüm yaşamışam kimi təsəvvürlər canlanır xəyalımda.Mənsə xatirələrini dinlədikcə onun at belində təsvirini çəkdim xəyalən, çox möhtəşəm görüntü alındı doğrudan da.

‐”Mən uşaqlıqda həddən ziyadə dəcəl və ərköyün bir qız olmuşam.Ən çox da dəcəlliklər etdiyim o vaxtların atlarla bağlı xatirələri gəlir göz önümə.

İki atımız vardı.Kəndin bütün ailələrində olduğu kimi bizim evdən də hər səhər atam o atları örüşə ötürürdü. Səhərlər valideynlərin dağ yamaclarına ötürdükləri atları axşama yaxın, hələ toran düşmədən uşaqlar gedib evə gətirirdilər.Bizdən də birimiz öz atlarımız üçün dağ yalmanlarına tələsirdik. Ən çox da mən həvəsliydim bu işə.Bəlkə atları evə gətirmək üçün gedən yeganə qız mən idim kənd uşaqları arasında.Atları sadə yolla, cilovunu ələ alıb dağdan düzə endirməklə rahat şəkildə aparmaq mümkün olduğu halda, at çapmağın dərdindən on dəqiqəlik yolu bir saata gedirdik evə. Yolda bir atlının mənim atımı ötüb keçməsinə əsla imkan verməzdim. Atı evə qan‐tərin içində gətirməyim adət halını almışdı artıq. Yazıq atın dərisindən qalxan isti buğ ətrafda duranlara belə təsir edirdi.Çox qoçaq olduğumu tez‐tez təkrarlayan əmim mənə “Ataman Katovski” ləqəbini vermişdi və mən çox sonralar anlamışdım ki, bu, çox cəsur, mərd və mübariz bir inqilabçının adıdır.Sonralar atam at çapmağı birdəfəlik olaraq mənə qadağan etdi”.

İbtidai təhsilə doğma kənddə başlayan Fəridə çalışqan, əlaçı olması ilə seçilirdi.Cəmi səkkiz nəfərdən ibarət sinfin tək xanım şagirdiydi, oğlanların hamısı ‐ Yaqub, Mayıl, Əbülfət, İslam, Rəhbər ona bacı gözü ilə baxır, o da onların hər birisini qardaşı kimi dəyərləndirirdi.Məktəb xatirələrindən danışarkən ilk müəllimini ‐ Əbülfət Eyvazovu, Sadınlar kənd məktəbinin direktoru Xanlar Mirzəyevi, Nizami Mirzəyevi, qonşuluqda yaşayan Zakir müəllimi və digər müəllimlərini hörmətlə xatırlayır qəhrəmanım.

İlk şeirini də ibtidai siniflərdə oxuduğu vaxt yazmışdı Fəridə.Böyük Vətən müharibəsində itkin düşən əmisi Nurəhməd Novruzova xitabən yazmışdı o şeiri.Məktəbdə şəhid və itkinlərin şəkli olan guşədə əmisinin şəklini ona göstərəndə çox təsirlənmiş, hətta ağlamışdı…kövrək uşaq qəlbindən qopan misraları çətinliklə xatırlayır:

“Əziz əmim, nə müddətdir.

De, getdiyin neçə ildir?

Vətəninə qayıt bir də”.

İkinci şeirini nənəsinə həsr edib.Həmişə nəvələrinə keçmiş həyatının çətinliklərindən söhbət açan Hürü nənəsinə çox acımışdı…beləcə dilə gəlmişdi qəlbindəki duyğular:

Həyatın ağ günün, qara günün də

Elə nənəm görüb bəlkə ilk dəfə.

Kipriklə odları bir‐bir çəksə də,

“Yanıram” kəlməsin almayıb dilə.

Qeyd edim ki, nənəsini bu qədər çox sevən qəhrəmanım olmamışdı, onun ürəyində qərarlaşan nəhayətsiz Hürü nənə sevgisi hələ də qalmaqdadır… bu, ibrətamizdir.Zaman dəyişdikcə, insanların bir‐birinə, doğmalarına mehri azaldıqca, hətta valideynlərə belə soyuq davranan kəslərə böyük örnəkdir nəvənin nənəyə olan böyük sevgisi.Amma onun şeirə olan marağını ciddiyə almırdı valideynləri.”Dayısına oxşayıb şeir yazmaqda” deyib, üstündən keçirdilər.

Səkkizinci sinfi doğma Sadınlarda bitirdi gənc Fəridə. Orta təhsilini davam etdirmək üçün qonşu Qarıqışlaq kəndinə üz tutmalı olacaqdı səkkizilliyi bitirən şagirdlər. Adətən qız uşaqlarının qonşu kənd məktəbinə gedib‐gəlməsi kənd əhalisi tərəfindən heç də normal qarşılananmırdı.Amma dövrünün əksər cahil insanlarından fərqli olaraq gözüaçıq, müasir fikirli valideynləri onun təhsil almasını çox istəyirdilər.Daha bir səbəb də ondan bir yaş böyük olan qardaşı Knyazın da qonşu kənddə təhsil alması idi ki, o, qonşu kəndin həm uzaq, həm də qışda, payızda palçıqdan, yağışdan, qardan çətinliklər yaradacaq yolunu onunla birlikdə qət edəcəkdi.

Haşiyə: yeri gəlmişkən qeyd edim ki, söhbətlər əsnasında qardaşı Knyaza olan sonsuz, fərqli, aşırı bacı məhəbbətinin olduğunu açıq duymaq olurdu müsahibimin danışıqlarından. Hətta yeni ailə qurduğu vaxtlarda qardaşı üçün hədsiz darıxdığını, yuxuda sayıqlayıb qardaşının adını çəkdiyini danışanda necə kövrəldiyini xəttin o başından belə hiss etmək mümkün idi.Bir qardaşın bacısı tərəfindən bu qədər çox dəyərləndirilməsi şansların ən qiymətlisidir sanıram.

Ətraf kəndlərdən olan şagirdlərin də onilliyi bitirmək üçün üz tutduğu Qarıqışlaq yetərincə böyük bir kənd idi.O kəndlə bağlı gözəl xatirələri çözələnir müsahibimin.Üzünə təbəssüm qonur gözəl illəri xatırladıqca. Qardaşı Knyazla birgə qonşu kənd məktəbinə getməsindən, ən yaxın rəfiqələri hesab etdiyi Aybəniz və Qəmərdən, sevimli müəllimlərindən ‐ riyaziyyat müəllimi Ələsgər Mirzəyevdən, heç unuda bilmədiyi, erməni vəhşiliyinin qurbanı olan vətənpərvər İbiş Əsgərovdan, onun məktəb direktoru olan həyat yoldaşı Suğra xanımdan, rus dili müəllimi, hökmlü və zabitəli Çingiz müəllimdən, sevimli astronomiya müəllimi, onunla bağlı çoxlu gözəl xatirələrinin olduğunu vurğuladığı Süleymanov Şakir müəllimdən…və başqalarından unudulmayan məqamları nəql edir… məktəb yolunun çətinliklərindən, kənd çayının üstündəki körpünün payızda, qışda sürüşkən və təhlükəli olmasından danışır. “Yaxşı ki, məktəbimizin yataqxanası vardı, yoxsa əsas da qış aylarında gediş‐gəliş üçün təhlükə törədən körpünü hər gün keçib getmək qorxulu idi”.

Haşiyə: İbiş müəllimin mərd və mübariz bir insan, əsl qəhrəman olmasından, dəfələrlə ermənilərlə üz‐üzə gəlməsindən, fərqli biri olmasından fəxrlə danışsa da, onun faciəli ölümünü, oğlunun ermənilərə əsir düşməsini, sevimli müəlliminin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsini ürək ağrısı ilə, acı təəssüflə qeyd edir Fəridə xanım.Adını heç vaxt eşitmədiyim, üzünü görmədiyim qəhrəman İbiş Əsgərovun ruhu qarşısında baş əydim bütün varlığımla, “məkanın cənnət olsun” dedim bütün qəlbimlə, belə qəhrəmanların olması ilə qürur duydum.

Əvvələ qayıdıram ‐qəhrəmanımın məktəb illərinə.Həmişə cəldliyi və çalışqanlığı ilə seçilən, uzun hörükləri simasına və boyuna xüsusi gözəllik verən gənc və gözəl Fəridə dərslərini əla oxuyurdu.Sinfin ən fəal, ictimaiyyətçi şagirdlərindən sayılırdı.Arzuları böyük idi qəhrəmanımın, hüquqşünas olmaq, haqqın, ədalətin keşiyində durmaq fikrindəydi.Arzuların gerçəkləşməsi isə asan başa gəlmirdi təbii.

Atası onu bu istəyindən daşındırmaq üçün çox çalışdı, “Qız uşağısan, bu sənətin yiyəsi olmaq çox çətinliklər yaradacaq sənə” dedisə də, sənədlərini BDU‐nun hüquq fakültəsinə təqdim etdi Fəridə.BDU‐nin Azərbaycanın ən mötəbər ali təhsil ocağı olduğunu, hüquq fakültəsinin abituriyentlərinin isə ən savadlı məzunlar olduğunu nəzərə alsaq, bu ixtisası seçənlərin “qurd ürəyi yemiş” olduğunu qeyd etməmək doğru olmaz.Müasir dövrdən fərqli olaraq, hətta sənədlər də müsahibə yolu ilə qəbul olunurdu abituriyentlərdən.Test üsulu yox idi.Hər həftə bir imtahandan keçmək şərtilə dörd imtahandan keçməli idi qəhrəmanımız. Keçdi də.Amma yenə də dövrün qaydalarına əsasən, imtahanların dördündən də üç qiyməti alan fəhlə övladları asanlıqla, ixtisara düşmədən tələbə adı qazanırdılar.O, fəhlə övladı olmadığına görə belə güzəştlərin ona heç bir aidiyyatı yox idi. İmtahanları müvəffəqiyyətlə verən Fəridə bir neçə balı çatmadığına görə müsabiqədən keçə bilmədi.Növbəti il imtahanlarına hazırlaşmaq qərarına gələn gənc xanımın qarşısında böyük çətinliklər dururdu.O, illik iş stajı olmadan növbəti ildə sənədlərini universitetə təqdim edə bilməyəcəkdi.Bütün bunları nəzərə alan Köçəri ata qızına bu məsələdə də dəstək olmağı bacarır, Fəridəyə və qardaşına dayısının evinin yaxınlığında mənzil kirayələyir.Elə dayısının çalışdığı kondisioner zavodunda işə başlayan Fəridə hər bir işdə ailəsinin maddi və mənəvi dəstəyini hiss etməkdə idi.İşlədiyi sexdə işə məsuliyyəti, qabaqcıl işçi olması, planı vaxtından qabaq yerinə yetirməsi, nümunəvi davranışı, əməksevərliyi ilə tanınan Fəridə sex komsomol təşkilatının katibi seçiıir.Az müddət keçməsinə baxmayaraq işdəki çətinliklərlə bağlı məsələlərdə sex rəisi briqadirdən çox onunla məsləhətləşirdi.Oxumağa az vaxtı qalırdı artıq onun.Digər institutlara çox rahat şəkildə daxil ola bilərdi əslində.O isə, məhz hüquq deyib durur, qərarını dəyişmək istəmirdi.Onun bu düşüncələrinin nədənini o qədər gözəl anlayıram ki. Gəncliyin özünəməxsus qaydaları var ki, bunlar əksəriyyətimizin başına gəlib düşünürəm.Beləcə, növbəti il də onun üçün uğursuz oldu bu baxımdan.Səkkiz min abituriyentin arasından seçilən 25 nəfərdən biri olmaq şansı milyonçu məmur balalarına nəsib olurdu əsasən.Sovet dönəminin dəmir qaydalarının ölkəmiz üçün heç zaman keçərli olmadığını gözəl anlayırıq hər birimiz.Amma bu qaydalar içərisində pozulması mümkün olmayanları da olmamış deyildi.Ölkənin əsas universitetlərinin və institutlarının yüksək ixtisaslı kadr hazırlayan fakültələrinin məmur övladlarından ibarət olmasından narahat olan SSRİ MK‐si bir qərar qəbul etdi.Qərarda adı çəkilən fakültələrə yalnız fəhlə və kolxozçu övladlarından sənəd qəbul ediləcəkdi.Bu, elə bir vaxtda baş verdi ki, Fəridə həmin ildə hüquq hazırlığı kursunu oxumuşdu və belə abituriyentlər növbəti ildə heç bir çətinlik çəkmədən bitirdikləri kurs üzrə olan fakültənin tələbəsi olurdular.Arzusunun reallaşmasına tək bircə addım qalmış bu qərarın verilməsi onu çox məyus etdi.Atası dövlət işində çalışdığına görə onun bu fakültəyə sənədləri qəbul edilməyəcəkdi. Beləliklə, bu qərarla gənc Fəridənin arzusunun həyata keçməsinin qarşısına daha bir sədd çəkildi.

Sevimli sənətinə yiyələnmək şansını itirən Fəridə sənədlərini İqtisadiyyat Texnikumuna təqdim edir.Yüksək balla texnikuma qəbul olunan gənc iqtisadçı fəal tələbə kimi tanınır, hətta sinif nümayəndəsi seçilir.

Haşiyə: illər öncə, yeniyetməlik dövründə, Qarıqışlaq kənd orta məktəbində Fəridə ilə eyni sinifdə oxuyan, əslən Quşçu kəndindən olan İbrahimov Ələddin İbiş oğlunun yazımın qəhrəmanına bəslədiyi hisslər unudulmamışdı.Sevdiyi xanımın həyat yolunu daim diqqət mərkəzində saxlayan gənc Ələddin, məhz sevdiyi xanıma görə həmin texnikumun yaxınlığında yerləşən Neft‐Kimya Texnikumuna qəbul olunur.

‐ Fəridə xanım, necə başlandı sizinlə Ələddin bəy arasında özəl münasibət?

Gülür.Aradan illər keçməsinə baxmayaraq, utana‐utana danışır bu mövzuda:

-“İlk dəfə orta məktəbi bitirdiyimiz il Ələddin sevgisini etiraf etdi mənə.Bərk qəzəbləndim, rədd cavabı verdim.Aradan bir müddət keçəndən sonra, mən Bakıda qardaşımla kirayə qaldığım zamanlarda, o, hardansa ünvanımı öyrənib məktub yazırdı.Hiss etdirməsəm də ürəyimdə ona qarşı qəribə doğmalıq hisslərinin baş qaldırdığının fərqindəydim.Əsgəri xidmətdə olanda məktublarını səbirsizliklə gözləyirdim. Məktublarla bağlı baş verən bir neçə unudulmaz məqamları xatırlayır…belə məqamlardan onun sevgisinin nə qədər güclü olduğunu anlamamaq mümkün deyil. Ailəsi onların qovuşmasının əleyhinə olsa da, bir‐birini dərin məhəbbətlə sevən gənclərin, əsas da Fəridə xanıma bütün varlığıyla bağlı olan Ələddin bəyin bu mövzuda qərarını kimsə dəyişə bilmədi.

Elə texnikumda oxuduqları müddətdə onlar ailə qurdular.

Sinif yoldaşı, tələbə yoldaşı və həyat yoldaşı…çox maraqlı faktlardır.Onların arasındakı sevginin qarşılıqlı olduğunu etiraf edən Fəridə xanım, ona yazdığı bir bəndlik sevgi şeirinin tarixçəsindən danışır:

“Ələddin hərbi xidmətdə olanda çoxlu məktublar yazmışdı mənə.Günün birində mən də onun çoxlu sayda məktublarına bircə dəfə cavab yazmaq qərarına gəldim. Yazdığım aşağıdakı şeiri məktubla ona göndərdim.

Nəzərlər toqquşub yerə baxanda

İlk dəfə anladım nədir məhəbbət.

Anladım, gizlənib süzgün baxışda,

Səpir baxışlardan ətir məhəbbət.

Məktubumu isə bu sözlərlə bitirdim: “Mənə bir daha məktub yazma!”

Məktubdakı şeirlə sonuncu cümlə arasındakı məna çox böyük təzad təşkil edir.Sadəcə bir gənc qızın sevgi etirafı kimi qəbul etmək olar bu məktubu.

Onlar ailə qurandan sonra Fəridə xanım sənədlərini Xalq Təsərrüfatı İnstitutuna təqdim edir və qiyabi yolla instituta qəbul olunur.Eyni zamanda Ələddin bəy AZİ‐yə daxil olur.Bir müddətdən sonra cütlük işləmək üçün Ukrayna Respublikasına yola düşür.Artıq onlar iki nəfərdən yox, dörd nəfərdən ibarət ailə olmuşdular.Cütlüyün İnam adlı üç yaşlı oğulları və Könül adlı iki yaşlı qızları vardı. Ələddin bəy xarici ölkədə tikinti sahəsində ixtisası üzrə işə başlayır.Fəridə xanım isə ixtisası üzrə işləyə bilməzdi, çünki uşaqlar çox kiçik idilər.O, yalnız bağçada işləyə bilərdi, amma o ölkənin dilini bilmirdi hələ ki.Ukrayna xalq dilini öyrənmək üçün o, kursa getməli oldu, kursu bitirdikdən sonra bağçada tərbiyəçi‐müəllimə işində çalışmağa başladı.

1988‐ci il Dağlıq Qarabağ hadisələri başlanana qədər onların həyatı qaydasında idi.Erməni manqurtlarının işğalı nəticəsində cənnət Qarabağ diyarından məcburi köçkün düşən böyük sayda insanların arasında Fəridə xanımın və Ələddin bəyin də yaxınları, doğmaları vardı.Dağlıq Qarabağ əhalisinin başına gətirilən müsibətlər, dünyada analoqu olmayan Xocalı faciəsi, işğal edilmiş rayon və kəndlərin əhalisinin başına gətirilənlər şair təbiətli, şair ruhlu Fəridənin qəlbində silinməz izlər buraxmışdı.Yuxarıda qeyd etdiyim kimi, mən onu ilk olaraq təpədən‐dırnağa Laçın nisgilinə bürünmüş, Laçınlı günlərinin həsrətini çəkən, Laçın üçün, işğalda olan torpaqlar üçün daim mübarizəyə çağıran bir şair kimi tanımışam.

Əvvəllər yalnız laçınlılar oxuyurdular onun şeirlərini ‐ “Laçın” qəzetindən oxuyurdular.O qəzetin ştatdankənar müxbiri idi Fəridə xanım.Sonra kondisioner zavodunda çalışdığı illərdə zavod qəzetində dərc olunmağa başladı.İşlədiyi kollektiv onu şair kimi tanımağa başladı.

Onun vətən mövzusunda olan çoxlu sayda şeirlərini davamlı olaraq oxumağım belə əsas vermişdi ki, o, yalnız bu mövzuda yazır.Günün birində onun “Yenə qonağım ol” şeirini oxudum və o şeirdə olan bir cümlə məni heyrətə gətirdi.Anasına müraciətlə yazdığı “Sənə qurban olsun mənim öz oğlum” ifadəsi.

Yurd‐yuva həsrəti dara çəkirdi,

Nisgilli illəri əkib‐biçirdi,

“Dörd oğlum Laçına qurban” deyirdi,

Sənə qurban olsun mənim öz oğlum,

Yenə qonağım ol, gəl, qurban olum.

Bu bircə bənddə dünya boyda ürəyinin heyrətamiz diləklərini ifadə edən iki ana obrazı var.Dörd oğlunu Laçın adlı Vətəninə qurban deyəcək qədər güclü olan Qumru ananın və öz yeganə oğul övladını cənnət ətirli Qumru anaya qurban deyən Fəridə ananın obrazı…əsl Azərbaycan anaları, əsl Azərbaycan qadınları…hər birisi sözdən əzəmətli bir ana abidəsi yaratmış zərif və müqəddəs varlıqlar…eşq olsun belə qadınlarımıza, eşq olsun belə analarımıza.

Mənə elə gəlir ki, adını çəkdiyim dörd bəndlik şeirlə ana‐övlad münasibətləri mövzusunda çox böyük hisslər aşılamağı bacarmışdı yazımın qəhrəmanı.

Onun ana mövzusunda yazdığı şeirlərin kökü anasının vətənsizlik nisgillərindən qaynaqlanır.Qumru ana ilə bağlı oxuduğum bir epizodu heç vaxt unuda bilməyəcəyəm yəqin.Laçından köçkün kimi Bakıya üz tutan, oğlunun evində məskunlaşan Qumru ana bir topa açar gətirmişdi özü ilə ‐ evinin, otaqlarının, hətta həyat yoldaşının iş yerinin açarlarını.Açarları böyük ümidlə qoruyub saxlamışdı ‐ bir gün evinə qayıdacağı ümidi ilə, müharibənin, münaqişənin nə vaxtsa bitəcəyi ümidi ilə, ev‐eşiyini yenidən əvvəlki səliqə‐səhmana salacağı ümidi ilə…dünya belə qala bilməz düşünmüşdü.O yer‐yurdun yiyəsiz olmadığına, başbilənlərin arxa‐dayaq olacağına, İlahi bir ədalətin varlığına inanmışdı.Amma çox, laap çox çəkdi bu ümidin gerçəkləşməsi…Qumru ananın məhrəm əllərinin sığalına həmişəlik həsrət qaldı o ocaq, “Laçın” deyə‐deyə, əsir yurdunu görməyin həsrəti ilə Laçının dünya boyda nisgilini özü ilə məzara apardı Qumru ana…qoynunda doğulub boya‐başa çatdığı minlərlə laçınlının taleyini yaşadı o da.

Anasından danışanda çox kövrəlir Fəridə xanım:

‐”Dağlıq Qarabağa erməni təcavüzü başlananda mən ailəm və uşaqlarımla birgə Ukraynada yaşayırdım.Anam Azərbaycandan qəzet bağlamaları göndərirdi, mən qəzetlər vasitəsilə ölkəmizdə baş verən yeniliklərlə, o cümlədən Dağlıq Qarabağ hadisələri haqda olan məlumatlarla ətraflı tanış olurdum.Hadisələrin pik həddə çatacağına inanmasam da, bu, baş verdi.Kənardan hərəyə bir cür təsir bağışlaya bilər bu mövzuda eşitdikləri, amma vətənlərini tərk edənlər üçün, elə laçınlılar üçün, anam üçün dünya məhvərdən qopmuş kimi idi”

Dünyasını yenicə dəyişmiş həyat yoldaşının məzarından uzaq düşməsinin də bir ayrı yanğısı vardı Qumru ananın ürəyində.Oğlunun şəhərdə şifariş edib hazırlatdırdığı, yaxınlarda kəndə aparılacağı nəzərdə tutulan məzar daşı dözülməz göz dağına çevrilmişdi onun üçün. Başdaşısız məzar haqda düşüncələr çox sızlatmışdı ürəyini.”O məzar daşı məkanına yetə bilmədi.Qardaşım onu gözdən uzaq bir yerə apardı ki, anam bir daha görməsin”‐ deyir Fəridə xanım.

Həyat yoldaşı ilə məzar qonşusu olmaq istəyinin heç vaxt mümkün olmayacağını bütün qəlbi ilə anlayan Qumru ana son olaraq, o məzar daşının yanında dəfn olunmağını istəmişdi övladlarından.

‐”Anamgilin və digər qohumlarımın köçkünlük həyatı başlananda biz Azərbaycana gəldik.Uzaq məsafələri qət edib gəlməyimiz Vətən yarasını sağaltmayacaqdı kimsənin, lakin edə biləcəyimiz başqa nəsə yox idi, qohumlara, ən çox da anama dəstək üçün gəlmişdik yad ölkədən.

Bütün analar vətənpərvərdir sanıram, amma bəziləri çox vətənpərvərdir, onlardan biri idi anam.Sinəsi sözlü, söhbətli, bayatılı biri idi…

Köksündə yağı, dağlar,

Çəkiblər dağı, dağlar.

Diriykən ölü olduq,

Bizə de ağı, dağlar!‐bu, onun yazdığı çoxlu sayda bayatılardan biridir.Şeirlərini, bayatılarını onun əziz yadigarı kimi qoruyub saxlayıram

Anam Buzovnada, qardaşımın bağ evində qalır, gününü evin bağçasındakı gül‐çiçəklərə qulluq etməklə keçirirdi.Məcbur qalıb tərk etdiyi yurdu üçün darıxır, “İti zəncirdə saxlayıb gəlmişəm” deyə çox ağlayırdı, olanları unuda bilmirdi.

. Evdən çıxmaq, harasa getmək istəməzdi.Amma ömrünün sonuna yaxın, ölümündən bir ay əvvəl bir bəhanə ilə onu evimizə gətirdik, sanki halallaşmağa gəlmişdi evimizə son kərə…Elə o günlərin birində də çantasından çıxardığı açar topasını mənə uzadıb “bunları heç kəsə etibar etmədim, sənə etibar edirəm” dedi.Hələ mən Ukraynada olanda da anam göz bəbəyi kimi qoruyub saxladığı əlyazmalarını “Fəridəyə verərsiniz!” deyib yaxın qohumlara tapşırmışdı.O, evimizin ermənilər tərəfindən dağılmış olduğunu təxmin edirdi, amma ümidini itirmirdi heç zaman “.

Qarabağdan gələn açarlar mövzusunda Fəridə xanım Köçərlinin şeirini də oxumuşdum.O şeir Fəridə xanımın bütün sohbətimiz boyu adını böyük hörmət və ehtiramla çəkdiyi, şeirlərinin yazılmasında ondan mənəvi dəstəyini heç vaxt əsirgəmədiyini qeyd etdiyi, barəsində fəxrlə söhbət açdığı görkəmli ziyalı‐şair Vaqif Hüseyn oğlu Səlimovun “Açar” şeirinə cavab olaraq yazmışdı. “Atın daha açarları” deyib ellilərinə xitab etmişdi o şeirdə Vaqif müəllim.Fəridə xanım isə ona:

O açar gecələr gəzdirir məni

Atamın, babamın doğma elini,

Ağalar qəbrini…düşmən qənimi

Qəhrəman Əmirin doğma kəndini…

Atmaram açarı, atmayacam da!

‐deyərək beş bəndlik şeirlə cavab yazmışdı.

Düz otuz il idi ki, onun şeirləri Vətən nisgilli, Vətən həsrətli, Vətən adlı idı…şəhid qoxulu, şəhid ağrılı idi…

Yenə də ürəyim yaman dolubdur,

Bölüşə bilmirəm səninlə, yollar.

Səbrim tükənibdir, dözüm yorubdur,

Qolları Laçına bağlanan yollar

‐ deyə yollara müraciətlə yazdığı şeirdə vətənsizlik adlı həyat hekayəsini nəql edir şair.O, bu yolların həsrəti vüsala çevirəcəyinə, didərgin ellərin bir gün onlardan keçib yurduna qayıdacağına inandığını bəyan edirdi, səbr etməyi, əlini ellərdən üzməməyi istəyirdi yollardan.

… yuxarıda şeirdən öncə yazdığım son cümlələrdə “idi” kəlməsini işlətdiyim üçün nisbi də olsa, bir rahatlıq tapıram artıq içimdə.Çünki zaman dəyişdi artıq.Xalqımızın adını dünyanın döyüş salnaməsinə qızıl hərflərlə həkk etdiyi əsrin ən qısa və ədalətli müharibəsi başlandı…şair döyüş əzminə heyran olduğumuz Azərbaycan əsgərini mübarizəyə səsləyən şeirlərilə gəldi gündəmə:

Düşmüşdük illərdir çətin “oyuna”,

Həsrət idik ovuc torpaq payına.

İgid əsgər, fəda olum boyuna,

Laçınıma baxan gözünə qurban!‐ deyib ruh verdi əsgərlərimizə böyük sayda şeirlərilə.

Mən səni əzəldən sevmişəm, payız,

Dərd‐sərim bir olub səninlə saysız.

Axır ki, qoymadın Laçını yalqız,

Laçınıma baxan gözünə qurban, ‐ deyib, ilin payızına qurbanlar dedi vətəndaş şair… payızın 44 günlük müharibəsinın misilsiz qələbə sevincini bizlərə yaşadan əzmli əsgərlərimizi vəsf etdi şeirlərində:

Otuz il vətənsiz, ölüdən betər,

Diriltdiz, əsgərim, bizi yenidən.

Qarabağ sorağı dünyaya yetər

Danışsaq payızın 44 günündən!

Sevgi şeirlərinə nadirən rast gəlinir onun yaradıcılığında.Hətta elə düşünmək olar ki, o, heç vaxt sevgi yaşamayıb.Bu yazımı başlanğıcdan diqqətlə oxuyan oxucu belə olmadığını bilir.Uzun illərin arxasında onların zamanın sınağından çıxmış sevgi tarixçəsinindən bəhs edən hekayəsini bilirik artıq.Düz yeddi il davam edən və gözəl bir ailənin yaranması ilə nəticələnən, bu gün də davam edən gözəl bir sevgi hekayəsi.

Müsahibimə növbəti sualım da bu mövzudadır.

– Fəridə xanım, həyat yoldaşınızın xarakterindən, ailənizdən söz açmağınızı istərdim mümkünsə.Bəzi məqamlar barədə geniş yazmasam da, bir həqiqəti qeyd etmişəm ki, sizin həyat yoldaşınızla ailə qurmağınız hər ikiniz üçün çətinliklər bahasına başa gəlib. Valideynlərinizin bu məsələyə qətiyyətlə razılıq vermədiklərinə görə təbii.

‐ ” O, ilk baxışdan soyuqqanlı görünə bilər, qohumcanlı, qonaqpərvər görünməyə bilər.Əslində elə deyil.Yaxşılıq etdiyini heç vaxt üzə vurmaz.Elə olub ki, maaşını son qəpiyinə kimi köməyə ehtiyacı olan birisinə verib. Xarakterində xoşuma gələn nəsə olmaya bilər, məsələn, çox diqqətli olmaması.Amma bu, heç nəyi dəyişmir. Düşünürəm ki, o illər öncə mənə yaxşı sinif yoldaşı, yaxşı tələbə yoldaşı olduğu kimi, yaxşı da həyat yoldaşı olmağı bacardı.Qohumlarıma qarşı da, övladlarına qarşı da həmişə mehriban və qayğıkeş olub.Ailə qurana qədər o, düz yeddi il sevgisinə sadiq olub, dəyişməyib, mənim üçün mübarizə aparıb.Hətta mənim üçün texnikuma da, instituta da daxil olub ( məşhur filmin sözlərini xatırlayıb ürəkdən gülür…təbii ki, həqiqətdir bunlar, yazımın əvvəlində qeyd etmişdim bu haqda ).Yeddi il ərzində o, həmişə sevgimizin ötəri olmadığına inanmışdı”.

Elə bu güclü inamın nəticəsində də ilk övladları dünyaya gələndə adını İnam qoydular yazımın qəhrəmanları.Daha sonra qızları Könül gəldi dünyaya.Cütlük hər iki övladının məsud və bəxtiyar böyüməsi üçün əsl ana, əsl ata olaraq əllərindən gələni etdilər.

“Övladlarımın vətənə faydalı, ağıllı, vətənpərvər olduqları üçün qürur hissi keçirirəm.Oğlum özündən çox ətrafdakıları düşünür, bizləri düşünür. Uşaqlıqdan belə formalaşıb xarakteri.Yaxşılıqlar etməkdən zövq alan biridir.Təəssüf ki, şeir, poeziya xoşlayan deyil, bəlkə də bu, onun orta məktəbi rus dilində oxumasından irəli gəlir.Aşırı vətənpərvər olduğu barədə bir faktı deyim.Onun hərbi xidmət yaşına çatmağına az zaman qalmışdı, biz Ukraynada yaşayırdıq.O, yad ölkədə xidmət etməkdənsə, Azərbaycanda ‐öz doğma vətənində əsgər həyatı yaşamaq niyyətində olduğunu israrla tələb edirdi.Elə bu səbəbdən də biz ölkəmizə qayıtdıq, İnam könüllü ərizə yazıb hərbi xidmətə çağırılmasını xahiş etdi və hərbi xidməti Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət etməklə başa vurdu”.

Mövzudan kənara çıxmamaq şərtilə qeyd edim ki, deyəsən şair övladlarının əksəriyyəti şeiri xoşlamır.Haqqında yazdığım, müsahibim olan çox sayda şairlərdən eşitmişəm bu faktı.Tanınmış şairimiz, böyük söz sərrafı, “Avesta”nı dilimizə tərcümə etmiş, dəyərli və oxunaqlı əsərlərin müəllifi Xanlar Həmidin məşhur bir şair haqqında dediyi sözləri xatırladım.Adını çəkmək istəmədiyim, bütün Azərbaycan xalqının sevimlisi olan, hətta ölkə xaricində belə kifayət qədər tanınan, şeirləri dillər əzbəri olan o şairin yolu öz doğma rayonuna düşəndə, heç kim onu qarşılamırdı”.

Deyim ki, Xanlar müəllimin haqqında danışdığı o şairin ruhu qarşısında bütün Azərbaycan xalqı sonsuz hörmət və ehtiramla baş əyir bu gün.Biz hamımız, əksər yaradıcı insanlar da elə o şair kimi belə hallarla üz‐üzə qalırıq doğmalar arasında.Görünür bu da həyatın yazılmamış qanunlarından biridir.

Fəridə xanım söhbətinə davam edir:

‐”Oğlum idmançıdır.İdmanın karate növü ilə məşğul olur.Azərbaycan cempionatının gümüş medalçısıdır.Çempion olmağına bircə addım qalmış təşkilatçıların səhvi ucbatından zədə aldı deyə yarışlara davam etməsi dayandırdı.

Poeziyadan uzaq olsa da, xeyirxah və mərhəmətli biridir İnam.Köməyə ehtiyacı olanlara biganə qala bilməz.Onun həyat yoldaşı,

gəlinim Qaratel xanım adı qədər gözəl və qoçaq bir xanımdır, fizika‐riyaziyyat müəllimidir. İki övladı var oğlumun: İbrahim və babasının adını daşıyan Ələddin.

Qızım Könül Slavyan Universitetini bitirib.Arzusu jurnalist olmaq olsa da, nəsibi filoloq olmaq oldu”.

Hər iki sənət bir‐birinə çox yaxındır demək olar.Amma hazırda öz işini biznes üzrə qurub Könül xanım.Bacarıqlı və dürüst bir xanımdır, hədsiz məsuliyyətlidir.Özünün təxəyyülünə uyğun nələrsə yaratmaq istedadı var, mədəni və mehriban bir xanımdır, dayısı Knyaz müəllim kimi peşəkar rəssam olmasa da, rəssamlıq qabiliyyəti böyükdür, valideynləri üçün diqqətli bir övlad, övladlarını çox sevən qayğıkeş bir anadır, ləyaqətli bir ömür‐gün yoldaşıdır Könül xanım…

və bütün yüksək insanı keyfiyyətlər ona anasından keçib ‐ Fəridə xanımdan.

Qızları Ramla və Ameradan, həyat yoldaşı Rüfət bəydən ibarət dörd nəfərlik xoşbəxt bir ailəsi var Könül xanımın.

Mən Fəridə xanımın yaradıcılığından saatlarla danışa bilərəm və ya çox geniş yaza bilərəm.Amma bu, oçerk çərçivəsini aşmış olar.

Mən onu bir şair kimi tanıdım.Bir insanlıq nümunəsi kimi sevdim.Yaxşını pisdən ayırmaq bacarığına, söz sənətinə xələl gətirənlərə yerlərini məqamında göstərməsinə, kübarlığına, xanımlığına heyran oldum.İnsanlıq aşılayan şeirlərinin yaxşı insanlara aid sətirlərində özünü gördüm qəhrəmanımın.

İnsan var, bir üzdə min bir sifəti,

Nə arı, həyası, nə məsləki var.

İnsan var, əlində hər cür fürsəti,

Gözü tox, vicdantək bir əmlakı var.

Vicdantək bahalı bir mülkün daşıyıcısı olan, sözlərinin əvvəlində də, sonunda da Vətən harayı eşidilən, yurd həsrətilə çırpınan, müasir poeziyamızda mənəvi‐əxlaqi dəyərlərə söykənərək yazıb‐yaradan, insan mənəviyyatının zənginliyini və gözəlliyini tərənnüm edən, bədii sənətin gücünü önəmli fikirlərin təcəssümündə ehtiva edən şair Fəridə Köçərli İbrahimova həyatının və yaradıcılığının ən gözəl dövrünü yaşamaqdadır. Hazırda “Yorulmuşam yorulmaqdan” adlı şeirlər kitabı nəşrdə olan, ikinci şeirlər kitab toplusunun nəşrinə hazırlaşan şair “Qızıl Qələm” Ali Media Mükafatı Laureatıdır, “İlin Vətənpərvər Şairi” diplomuna layiq görülüb. Halalıdır bu mükafatlar Vətən ətirli şeirlər müəllifi olan vətəndaş şairin.Bu fəxri adlar ən gözəl çiçəklərin bahara yaraşdığı qədər gözəl yaraşır sizə, Fəridə xanım.Tərlanlar oylağı Laçının, səmasında azad Qumru quşlarının qanad çaldığı Sadınlar kəndinin şair qızı, yazmaq, yaratmaq əzminiz tükənməsin heç zaman!



Arzu Heydərova.
www.kafiye.net