Teatr üçün çox darıxmışam

Mənim teatrım evimizdən, binamızın blokundan başlayıb. Sonra məktəb səhnələri, qəsəbə klubunun səhnəsi…Böyük səhnələr isə məni tamaşaçı kimi tutub saxlaya bildi. Bunda bir sehr var, dostum! Tamaşaçı rolumu əldən vermək istəmədim və indiyədək teatr səhnəsəini qarşılayan və onun pərdəsinin açılışını səbrsizliklə gözləyən bir tamaşaçıyam. Mən teatrlara müəllimlərimlə gəlmişəm. Onlar məni aktyorlarla, rejissorlarla qiyabi tanış edirdilər, teatrın mənasından danışırdılar. Onlar teatr mövzusuna elə böyük anlayışla yanaşırdılar ki, mən bu varlığın təəssüratları altında əzilirdim, bərkə-boşa düşürdüm. Bəlkə də yoğrulurdum. Bəli, teatrla yoğrulmaq artist olmalı anlamına gəlmir. Teatr sənəti ilə yoğrulmaq gözəl nitq, təmkinli dinləmə, mənalı davranış, səmimi rəftar kimi keyfiyyətləri özünüifadəyə gətirməkdi. Həyatın müəyyən məngənələrində insan bu qabiliyyətlərini unutmaqda ola bilər. Yenə də özünütərbiyənin gedişatı onu tələb edir ki, anlamadığın özünü, uyğunlaşa bilmədiyin mühitini kənardan seyr edib özündən çıxıb yenidən özünə qayıdışın üçün o ünvanı-teatrı tapmalısan. Özünü itirmiş kəs  yalnız teatrda özaxtarışına çıxa bilər. Müxtəlif təyinatlı teatrları olan şəhər, ölkə, cəmiyyət heç bir sakinini, vətəndaşını, fərdini sənətdən kənarda yaşatmamalıdı. Bunu sənətkar və tamaşaçı bir anda- üz-üzə anlamalıdı.ADVERTİSEMENTREPORT THİS AD

Bugün- 10 mart Milli Teatr günü münasibətilə öz adımdan bütün tamaşaçıları təbrik edir, onlara rəngarəng repertuarlı, zəhmətkeş teatr truppası ilə qarşılaşmağı, böyük sənət seyrləri arzulayıram!


Sara
www.kafiye.net