APREL 21, 2017 SARACAVADZADE TƏRƏFİNDƏN Şair


Kim demiş ki, şair ailə saxlamalı?..
Azadlığın kəfən boyda gəlinliyə bağ etməli,
Güzgüsünü yad əllərdə qorumalı…


Kim demiş ki, şair könül bağlamalı?..
Sözlər sazın tellərində uçuşurkən,
Bağlar ipək güllərini min könülə paylamışkən,
Kitab qədər vərəqləri qəriblərin gözlərinə, dillərinə calamışkən…


Kim demiş ki, şair başın bağlamalı?..
Bu baş papağın almaz, bu baş çətirin tanımaz,
Çoxdan soyuqladı, desən?..
Nə gözlərindən bəslənər, nə qulaqdan kamın alar,
Özbaşına qalmış bu baş,
Heç bir başa yandaş olmaz, o yastığa da enəmməz…


Kim demiş ki, şair qoşa qarımalı?..
Haçanacan gözlərini o gözlərə cütləməli,
Qulaqları eyni səsin avazında tutulmalı,
Bir yolunda iki yola bürünməli və sonunda dördyol üstdə yolayrıcı qazanmalı…


Kim demiş ki, şair bir ev tiksin?..
Divarları qalınlansın,
Çöldən gələn baharı da duyulmasın içəridə,
İlıq Günəş şəfəqləri qalsın qapı dalında,
Əvəzində gözlərini bulandıran çilçırağı işıldasın,
Soyuq nədi, isti nədi bilinməsin, bəyaz nədi, yaşıl nədi,
Bu sonsuzu aman-zaman, vur-tut bircə şərqisində tanısın?…


Kim demiş ki, şair valideyn olsun?..
Oğulların can haqqını
Yer üzündə bir ömürlük bayraq etsin,
Diriləri ölənədək baş daşına hüzurlansın…
Şairləri nə tanırsız, ürəkləri döyünürkən, təhəri nə?..
Fikirləri dil üstünə düzülürkən xirtdəyində qəhəri nə?..
Çöl üzündə odun olub bir barıta yanmamalı şair oğlu


Kim demiş ki, şair yuva qurmamalı, quşların da yuvası var,
Min yuvadan uçuşanlar şair rəngli bir ocağa tapınmalı
Dil bəsləyər, söz öyrədər, can isidər şair oğlu.



Kim demiş ki, şair heç yar olmamalı?..
Sevgisini daş ürəkdə yaralasa, şair olmaz şair oğlu…


Kim demiş ki, şair ana-ata olmamalı, quşların da balası var
Doğuluşu möcüzətək anılıbsa, bir həyatın doğuşuna toxunmalı.
Bu şair də insan olub, olacağı yenə insan
Bəs o evin pəncərəsin, darvazasın kilidini kim qoymalı?..
O külfətin naharını, çərəzini, isti çaylı süfrəsini kim qurmalı?..


Sara/ APREL 21, 2017 SARACAVADZADE TƏRƏFİNDƏN Şair
www.kafiye.net