SARA

İYUL 23, 2017

Ağdam- can şəhər!

…Bugün Ağdamı düşünmüşəm. Bir daha düşünmək məhsuldar oldu. Xeyli araşdırmalar etdim. Yadların könlündə, gözündə Ağdam iniltisini duydum. Düşmənlərin yox ha, üçüncü tərəfdən olanları deyirəm. Onlar bizim üçün də, Ağdam üçün də yaddırlar axı. Sözümün canı var…

Mən Ağdamı heç vaxt görməmişəm. Amma müasir texnoloji imkanlardan istifadə edərək onu tanıya bilmişəm. Qoy azərbaycanlılar ölkələrinin tanıdılması üçün çox da narahat olmasınlar. Bizi dünyada tanıdan nə “Qız qalası”, nə “Alov qüllələri”, nə də “Şəki Xan sarayı”dır. Bir zavallı şəhərimiz öz görkəmində Azərbaycanı da, azərbaycanlıları da, erməniləri də çoxdan tanıdıb dünyaya. O şəhər miskin görkəmli əzəmətli Ağdamdır. Şəhəri görən jurnalistlər bədbinliyin təsirindən söz qıtlığı çəkib, fotoqraflarsa dilə gəlib təkcə şəkillərlə deyil, sözlərlə, cümlələrlə ürəklərini soyutmaq istəyiblər.


Bugünki araşdırmalarımla Ağdamı da, onu görməyə gedən, görüb unutmayan kəsləri də görmüş və düşünmüşəm. Və onları yad adlandırmışam hər şeyə rəğmən- onların əməyindən bəhrələndiyimə rəğmən. Həmin bloqlarda, yazılı mətnlərdə bir rasional düşüncə sapması qırmızı xəttlə görünməkdədir. Bu, erməniləri belə vandal əməllərin sahibi olaraq deyil, bir müharibə tərəfi, bəzən də bundan əziyyət çəkmiş və bu əziyyətlərin müqabilində həmin torpaqlarda azad, məmnun görünməkdə haqqlı tərəf olaraq tanıdılması kimi bir təmayüldən ibarətdir. Onlar gözlərilə gördüklərini öz adı ilə çağırmaqdan çəkinən miskin media əhliymişlər. Onlar azərbaycanlılardan fərqli azadlıqlarında belə Qarabağda vandalları, barbarları, insanlığın qənimlərini yanlayaraq onların sözlərini, izahatlarını ciddi informasiya mənbəyi olaraq öz yazılarında təqdim edirlər. Görünən dağıntıları, fəsadları müharibə adı altında mücərrəd bir qüvvənin nəticəsi kimi çatdırmaq, bunu törədənləri sadəcə barbar adlandırıb cinayətkarların izlərini itirməkmi istəyiblər?


Dil yanılanda düz danışar deyə xatırlasaq, o yadların dil yanılmalarını nəzərdən qaçırmamaq fürsətimiz olacaqdır. Məsələn, Stanislav Mudrıy öz bloqunda yazır ki, onun komandası Ağdama ehtiyatla giriblər, çünki şəhər tamamilə minalanmış durumdadır. Oranın əhalisini isə yerlilər adlandıraraq, həmin “yerlilərin” sökülmüş tikililərdən yığdıqları köhnə armatur, kərpic, daş ləvazimatlarını satışa qoyduqlarını qeyd edir. Yəni bu jurnalist (S.Mudrıy) hansı məntiqlə öz oxucusunu inandıra bilər ki, yerli əhali öz evinin daşını niyə söküb satmaq qərarına gəlib? Dünyanın hansı bir yerində insanlar bu cür düşünə bilər ?.. Bundan yalnız şübhəyə düşmək olar ki, əcaba həmin daşların, kərpiclərin, armaturların sökülən evlərdən yığılıb satılması oğurluq aktı deyilmi ?..Və ya dönə-dönə qeyd edilir ki, bu dağıntılar hər iki tərəfin güclü artilleriya zərbələrindən sonra olub. Bəs bu “peşəkar” media komandası özünün çernobıl təcrübəsilə fəxr etdiyi halda niyə dağıntıların tarixini araşdırmayıb. Şəhərin üzündən görünür ki, həmin dağıntılar texnika, artilleriyadan çox, əl əməyinin izləridir. Eybi yoxdur, onlar “bilməsələr” də, biz azərbyacanlılar çox gözəl bilirik ki, ermənilər binaları da, insanları Xocalıda öldürdükləri kimi soyuq silahla, dişləri və əllərilə cəzalandırmağa qadirdilər. Fotoqraf Frantisek Staud Ağdamı dünyanın ən böyük xarabazar şəhəri adlandırdığı halda, orda gözünə dəyən, ermənilərin səfalətdə xoşbəxt, işgüzar əhali qələminə verir. Yəni Ağdam kimi bir şəhəri görən adamlar köks ötürüb danışdıqları halda oranın “yerli” əhalisi xoşbəxt görünürlərmiş. Bu kimin istehzasıdır? Müharibəninmi, insanlığınmı ?..


Ən uyğun halda mənzərənin acı təəssüratlarını ifadə edərkən, onlar ya müharibənin, ya da barbarların adını çəkirlər. Hətta Ağdamda yaşamış qohumlarının xoş xatirələrindən danışan Alyona Salayeva ermənilərin birbaşa adını çəkmir. “Barbarlar dağıtdılar”-deyir. Barbarlığın tarixi məlumdur hamımıza. Onu da bilirik ki, belə müəmmalı adlarla heç bir fəsad üçün məsuliyyət subyektini müəyyənləşdirmək mümkün deyil. Belə çəkilişlər, video yazılar öz əhəmiyyətini bu baxımdan azaltmış olur. Amma biz onları izləyirik və bu izləmə davam edəcək. Oraya getmək, , məlum etnik təmizləmə siyasətinin nəticəsi olaraq biz azərbyacanlılar üçün təhlükəlidir. Amma bizim yaddaşımız və ümidlərimiz belə cəsarətsiz media nümunələrindən asılı olmamalıdır. Yaddaşımız onu deyir ki, Ağdam şəhərinin indiki halı müharibə illərindən (1988-1993-cü illər) sonrakı dövrdə erməni vandalizminə məruz qalıb. Atəşkəs rejimində, azərbyacanlıların silahlarının susduğu, bunun əvəzində qaçqın çadırlarını qurduqları zaman ermənilər Ağdamı sakit, maneəsiz şəraitdə talayıb, ev-ev söküb dağıdıblar. Buna görə də onların adları erməni olaraq biz azərbaycanlıların yaddaşında üçüncü tərəfdən fərqli olaraq tamam başqa mənanı verir. Biz azərbaycanlılar üçün vandalizmin, barbarlığın, faşizmin bariz nümunələri ermənilərdir ki, bu millətin adı gələndə belə onlar haqqında öz təsəvvürlərimizi qoruyub saxlamalıyıq.


Dünya tarixində almanlar faşist damğasını hələ öz üzərlərindən silə bilməyiblər. Çünki onlar dünyanın yaddaşını təzələmək gücündə deyillər. Bunun əvəzində o xalqın (almanların) öz əcdadlarını, tarixi şəxsiyyətlərini tənqid etmək, hətta lənətləmək üçün dəyanət göstərməyə gücü varmış. Məhz belə olduğu təqdirdə tarixdə sərgilənən eybəcər mənzərələr bir daha təkrar canlana bilməyəcəkdir. Biz azərbaycanlılar da Qarabağ müharibəsinin müasir tarixində şahidi olduğumuz eybəcərliklərə görə səbəbkarların adlarını üçüncü, dördüncü tərəflərdən sormamalıyıq. Hətta ən böyük nailiyyətimiz ermənilərin kim olmuş olduqlarını onların özlərinə çatdırmağı bacardığımızda baş tuta bilər. Bu müharibənin ən yaxın və ən kövrək şahidləri biz azərbaycanlılar olmuşuq. Yaşından, cinsindən, sosial mənsubiyyətindən asılı olmayaraq hər birimizin təfəkküründə kök salan Qarabağ müharibəsinin təəssüratları dünya üçün də, Azərbyacan üçün də xeyli əhəmiyyət daşımalıdır. Onu da bilirik ki, indi düşmən də öz ayağını Ağdamdan kəsib. Minalanmış bir şəhər bağrı barıtlı ola-ola tək-tənha nəyisə, kimisə gözləyir. Bu şəhər çox bombardman yaşayıb, minalara da beləcə dözür. Dözür ki, onun izləri itməsin, naxışları unudulmasın, yolları kəsilməsin. Heç kim- nə qərib jurnalistlər, nə də ona qənim kəsilmiş ermənilər o naxışların, o minarələrin, o çay evinin, “Çörək muzeyi”nin hansı məramla, hansı ümidlərlə tikildiyindən xəbərsizdilər. Hardan bilsinlər, axı o şəhəri salan, ucaldan, bəzəyən də indi səssiz qalan azərbaycanlılardır. Ağdamdakı hər bir başı kəsik, divarı çökmüş yarımçıq binaların, rəngi solmuş minarələrin öz rəngini, öz daşına qovuşub bərpası, bütövləşməsi yalnız azərbaycanlıların əlindədir. Ağdam buna görə nə diplomatları, nə jurnalistləri, yalnız azərbyacanlıları (ağdamlıları) gözləyir.



Sara / İYUL 23, 2017
www.kafiye.net