Meyvələr və insanlar.


Dünən bir gənc kişinin ictimai yerdə ağacdan heyva dərdiyini gördüm. Haqsız yerə ürkdüm. Niyə ürkdüyümü indi şərh edim. Azərbaycanda meyvələr çoxdu, ucuzdu, addımbaşı satılır və insanlar nəinki onları yeməkdən, hətta onları görməkdən belə, doymuş kimidirlər. Görəsən bu adam bahalı maşından düşüb, yavaş-yavaş ağaca yaxınlaşıb, oğrun-oğrun ağacın altına girib hədəfinə əl uzadanda nəyin tamarzısında olub? Özü də yaxınlaşmağı, budağı seçməyi, meyvəni qamarlamağı xeyli dəqiq məsafədən hesablanmış planın, məqsədin, ideyanın, arzunun, amma bunları işardan necə bir ehtirasın dışarı atdığı daş olduğunu göstərirdi. Ehtiraslar bəzən haqlı olaraq  pisliyə yozulan insan halıdır, onlar insanlara daş yağdırar. Daşlayanı da, daşlananı da rüsvay edər. Çünki insanın susadığı, yandığı məqamlarda közərən qığılcımları əlin-dilin yana-yana söndürülüb soyutmaqla var olan neçə-neçə iysiz, dadsız, rəngsiz canlar həyata calanır. Bu,  həyatın çöhrəsini ləkələyir, havasını alır. Belə olanda ehtirasın doğurduğu başqa cılız hisslərin- qısqanclıq, həsəd, qibtənin ağuşunda boğuluruq, boğuluruq, əl-qol yana düşənə, çiyinlər bükülənə, səslər qısılana qədər. Bundan sonra bizə qalan rəzalət mənzərələridir, başqa heç nə…

Heyvadan danışdım, bu, payızın müjdəçisidir, amma payızın gəlişi ilə başqa bir meyvənin mövsümünü, bu prozamla bağlı elan etmək istəyirəm. Bu meyvə şaftalıdır. Sözün düzü yay günlərim elə gərgin keçmişdi ki, iyul ayına qədər şaftalının nübarını gecikdirmişdim. Özü də onu sevdiyim halda. Bir dəfə şaftalının nübarını əlimdən, belə qaçırdım. Necə, sizə  əxz eləyim. İyul ayında teatra dəvət almışdım. “Şah Qacar” tamaşasına. Azdramanın qarşısında potensial tamaşaçıları gözdən keçirə-keçirə bir skamya tapdım. Axşamın günü isti olmur, sərin meh də vardı. Məmnuniyyətlə oturub gözləmə mövqeyində idim. Kənardan iki ortayaşlı adamlar göründü. İkisi də skamya axtaran kişilər kimi nəzərimə düşdülər. Əllərində bir rəngli torba vardı. Yer tapmayıb bardurun üstündə özlərinə yer axtarmağa başlayanda onlara boş qalmış öz uzun skamyamı təklif etdim. Çox sevincək gəlib əyləşdilər. Torbanı mənə yaxın qoyub ağzını açdılar. Yuyulmuş, üzü sulu gilasları, şirin alçaları və şaftalıları mənə təklif etdilər. Təşəkkür edib əllərimi gizlətdim. Onlarsa, meyvələri bir-birinə calayaraq mənə uzatmağa başladılar. Bir gilas, bir alça götürdüm və onlara qoşulub yedim. Ünsiyyətimizi müşayiət edən təkcə şaşırtılı dişləmələr deyildi, həm də bir-iki ağızlıq söhbət idi. Meyvələrin Quzanlıdan yığılıb gətirildiyini, bu adamların da ağdamlı olduğunu öyrəndim. Üçümüzü də məhz bu teatrın qarşısındakı skamyada birləşdirən ümumi dəyəri aşkarladım. Onlar da “Şah Qacar” tamaşasına baxmağa gəliblərmiş. Sonda mənə uzatdıqları şaftalını yeməmək qərarımı anladılar və soruşdular ki, niyə onu yemirəm. Dedim ki, mən onu başqa adama saxlayıram. Onlar da mənim tək olmadığımı öyrənmiş oldular və meyvə torbasının hamısını mənə həvalə edib skamyadan sivişib getdilər teatrın binasına doğru. Bir əlimdə şaftalı, o biri əlimdə klaç skamyadan tərpənmədim. Torbanı da ağzı açıq qoydum. Vaxt yetişdi, gözləntim də bitdi. Sevgilimlə teatra daxil olar-olmaz ona şaftalını uzatdım. Meyvəni görüb çox sevindi, amma dedi ki, onu saxlayım tamaşadan sonraya. İndiki klaçlar nisbətən iri ölçüdə dizayn olunur, görünür android telefonların onda saxlana bilməsi ehyiyacındandı. Mənsə telefonumu da, bu şaftalını da klaçıma yerləşdirdim. Artıq teatrın foyesində idik. Mənə bir reklam məqsədli çay paketi uzatdılar mən onu  tələsik götürdüm, yollandıq yuxarıya. Zalda yerlərimizi tutduq. Oturacaqların, divarların, pərdələrin rəngini müzakirə obyektinə çevirdik, çoxdandı görüşmədiyimizi yada saldıq, bir də tamaşaçılarla işçilərin intizamından zövq alırdıq. Neçə ki, tamaşa hələ başlamamışdı, mən həmin ağdamlı dostlarımı gözlərimlə axtarmağa başladım. Amma tapmadım. Gözdən ilim-ilim itmişdilər. Söhbətimiz onunla bitdi ki, texnologiyanın inkişafı ilə insanlar geyimlərini çox sadələşdiriblər. İnsanların sadəliyi teatrda daha dəqiq və konkret sezilirmiş.

Tamaşa başladı. Biz tamaşaçılar çox sərbəst idik. Amma seyr vaxtı video və foto çəkimlərinin  qadağasından başqa. Elə bil Qacar da, onun anası da, öldürdüyü qardaşları da, düşmənləri və dostları da biz tamaşaçılarla dərdləşib, hesablaşırdılar. Antrakda çaya oturduq. Yenə sadə süfrəmiz vardı. Qənd və armudu stəkanda çay. Pirojnalar, kolbasalı və sosiskalı buterbrodlar son dərəcəyədək işləyən kondisionerin sərinliyindən qurumuşdular. O sərinkeş apparatının soyuğu məni ekstravaqant yay geyimində olduğuma dəqiqə-bədəqiqə peşman edirdi. Fasiləni çayla başa vurub zala qayıtdıq. Gözlərim səhnədə nəyisə axtardığından duyuq düşdüm. Aha tapdım görmək istədiyimi amma görə bilmədiyimi. Bu, xalı və xalçalar idi. Şah sarayı, Azərbyacan tarixi  və xalısız səhnə təqdimatı. Gözümü qamaşdıran Qacarın paltarları, qaş-daşlı tacı və mənim də ona bənzər  tərzdə bəzədilmiş iri rəngli qaş daşıyan sabolarım idi. O dəm yetişdi-tamaşaçının özünüifadəsi dəmi. Bu zaman aktyorlar sükunətdə tamaşaçıları dinləməyə başlayırlar. Bu, alqış dinləmələridir. Qalxdıq və onları ayaqüstdə alqışladıq. Teatrdan çıxıb çantamı əllərimlə qol-boyun asmaq üzrə əzişdirdim. Açdım ki, içindən şaftalı üzümə güldü. Keçib maşına oturub yola düzəldik. Sakit, sərin iyul gecəsində yolu evimizə doğru həm uzatdıq, həm də dolaşdırdıq. Axı xeyli vaxt idi bir-birimizi görmürdük. Bəs yaddaşa hopmuş, ürəkdə tıxanmış, qulaqlara həkk olunmuş sözlər necə canlanmalı idi ki?! Bakının gecələri ömrümüzə tarix yazır, dostlar, bu tarixi yaşamaqdan usanmayın! Musiqi məndən, söhbətlər ondan. Biz iki nəfərlik heyətlə maşında kompaniya qurmuşduq ki, günümz bitməsin. Birdən şaftalı yadıma düşdü. əlimi çantama apardım bir toxunuşdan klaç açıldı. Düşündüm ki, nübarım bugünə, bu şaftalıya qalıbmış, bəs bu tək meyvəni iki nəfər arasında necə bölüm? Sözün düzü hələ də ümidlənirdim ki, sevgilim bu şaftalını bölmək qayğısını düşünər və mən də bu gecə nübar payımı almış olaram. Amma artıq evə çatırdıq. Ayrılmalı idik. Meyvəni də ona göstərdiyimdən elə ona da ötürməli olacaqdım. Belə də etdim. Çat-haçatda meyvəni verər-verməz o, şaftalını dişinə çəkdi, suyunu ağız və boğazdolusu sovurdu, əllər üzündə ağız nahisəndən aralanmadı.  Belə bir bahalı maşının yiyəsi, ölkənin sayılıb-seçilən təkəmseyrək üzü olasan və şaftalıya nübarlıq meyvəyə bu qədər tamarzı qalmış olasan. Mənim maraqlı mərhəmət motivlərim olur. Bu motivlərə görə  maddi durumundan, sosial statusundan asılı olmadan istənilən adama mənim yazığım gələ bilər. Bu anda mən mərhəmət hisslərinin ağuşuna düşdüm. Əzəmətli Qacarlı təəssüratlarım, bu müasir statusları haqlamış miskin bir fərdin mənə yaşatdığı duyğulu qayğıları ilə əvəz olundu. Sanki gün ad etibarı ilə Şah Qacar günü, dad etibarı ilə  şaftalı günü idi. Hər-halda onun üçün.  Görəsən, onun burnunun ucunda hansı göynəmələr, gözlərində hansı həsrət, qulaqlarında hansı səslərin əks-sədaları, boğazında, ağzında nə kimi quruluqlar onu belə nübar tamarzısı etmişdi. Sualların cavablarını həm bilirəm, həm də bilmirəm. Bildiyim, bunda öz payımın da olmasından ibarətdir, bilmədiyimsə, insanların sevdiklərindən ayrı olanda  kimə, nəyə çevrildiyindən xəbərsizliyimdir. İnsanların meyvələrlə rəftarı bəşəri kitablarda, sənət əsərlərində xeyli mifik səciyyə daşısa da, belə hadisələrin gerçək əsaslarının şahidi oluruq. Nə deyim, meyvələriniz əskik olmasın, əyər əskik olarsa bundan ilk özünüz xəbər tutun ki, başqasından əvvəl özünüz özünüzə mərhəmətlə yanaşmağı bacarasınız.


SARA
www.kafiye.net