SARA


YOLLAR


Yol almaq. Yol başlayanda hərəkəti yox, sözü düşünürsən. Yanında kimsənin olması o sözü paylaşmaq üçündür… Paylaşmaq maraqlı təcrübədir. Yanındakı ilə hesablaşmaq sonra fikrini bölüşmək, daha sonra onun vizual və ya verbal rəyini almaq… Söz beləcə bitər, səsə varandan sonra. Hətta fikir sözsüz qaldıqda belə səssiz qalmır. Gözlərini yummağa, kirpiklərini bir-birinə dolaşana qədər sıxmağa, bəbəklərini islatmağa vadar edincə…Dodaqların quruyana qədər islaq dilinə həsrət qalınca, o fikrin mənzərəsini üzündən oxumaq mümkündü. Amma bu, oxunmaqla ifşa olunmağı bir anda dilə gətirər. Elə bu dəm musiqini xatırladım. Yollarda musiqi işlək olur. O, yolu qısaltmalı, gözəlləşdirməli, yada unutdurmalıdır. Yolu niyə bu qədər kabusa döndəriblər anlamıram. Onsuz da yolkənarında qırmızı lentli gülçiçəkli xatirə yerləri var.
Hətta onlar günbəgün yenilənməkdədir. Heç yolu da bu qədər əhəmiyyətsiz, təhlükəsiz sanmaq olarmı? Yolu əldə saxlamaq lazımdır.
Musiqisiz, söhbətsiz onu görmək, dinləmək və onda yaşamaq lazımdır.


Yol vermək. Xüsusi məğrurluq yaşayıram bu anda. Bir intriqa müqabilimə iş yerimdə dəfələrlə yol verdikdən sonra ondan nəhayət bir təbəssüm qazandığımı heç unutmaram. Mənə də çox vaxt yol verilir. Çarpaz yolları bunun sayəsində qaydaya sala bilirəm. Bir də yarıyolda qalmaq var. Bəzən sürücü qadınların sayəsində piyada olaraq yarıyollarımı asanlıqla davam etdirə bilirəm. İnsanların hikkəsi, xəyanəti, yalanı, iradəsizliyi yoldaşını yarıyolda qoya bilər. Bax belə olduqda yoldaşını yox, yolunu düşünməlisən. Bunun üçün əvvəlcədən getdiyin yolu özün seçmiş olmalısan ki ondan sapmağı düşünməyəsən. Yolun səni yormursa tək görünsən belə tənha deyilsən. O yol sənin üçün xeyli maraqlı, mənalı yoldaşları, anları, əhvalatları bəxş edəcəkdir…


Yoldan olmaq. Heç belə şikayətim olmasın- məni niyə yolumdan etdin?! Niyə saxladın?! Amma olub. O yolu indi də xatırlayıram. O yol məni gözləyir, bundan əminəm. Nə vaxtsa ona –həmin yola qovuşacam. Bundan da əminəm!..


SARA / 28 iyun 2017-ci il
www.kafiye.net