Üstündədi


Külə də toxunmaq çətindir, qağa,
Çoxu qora dönmüş köz,üstündədi.
Qoyun da,keçi də bazarda heyvan
Hərənin qiyməti öz üstündədi .


Balıqçı ümidi, balıqçün qarmaq,
Hörümçəkçün həyat- torunu qurmaq.
Düşmənin hədəsin söyləyər barmaq,
Gözəlin hədəsi naz üstündədi.


Bayquşun məskəni xaraba, uçuq,
Şeytanın dişləri həmişə qıcıq…
Mərdlərin süfrəsi qəlbitək açıq
Namərdin çörəyi diz üstündədi .


Boş qab dınqıldayar ,fərsiz öyünər,
Biri sevinəndə…paxıl yayınar…
Şairin ürəyi sözdə döyünər,
Aşığın ürəyi saz üstündədi…


İldırım,cibini bərk tutan kişi,
Dar gündə unudar dostu, qardaşı…
Qarğaya atdığı hər sapand daşı
Bəlkə də, bir çürük qoz üstündədi…


13.01.2017. İLDIRIM ƏLİŞOĞLU.
www.kafiye.net