Sara

    Eyvanda söhbət

Getdiyim o  yollar indi göyərir,
Skamyalar, bardurlar indi dincəlir
Quşlara tək Göydə yox, həm də ki Yerdə –
bir oxum yox,  min oxumluq ciggilti gəlir.


Cik-cik, sən hardasan, eyvanda, ya damdasan?
Səni görmür, eşidirəm, heç görməyə bir adam yox,
Salam-kəlam eşitməyə bir güman yox!..
Cik-cik, burdasanmı, söylə, məndən qorxursanmı?
Qorxma, görək! Bir yaxın gəl, danış mənlə
Danışmasan, baxış mənlə
Gözlərini görüm sənin, o gözlərdə, bir qaralar, bir bəbəklər görüm həm də,
Dimdiyini görüm sənin, mən su verim, sən içəsən qoy yanğını görüm həm də.


Ürəyinin döyüntüsü, qanadının parıltısı, içdən, çöldən görüm gərək
Necə olsa eyni damın altı-üstü ikimizin
Bir eyvanın qol-budağı ikimizin…
Dayan, hənirti var aşağıdan, sənmi gəldin, Polis qardaş?
Kimə gəldin, niyə gəldin, mən də bilim
Oy, bağışla, indi bildim, hənirtini burdan aldın…
Gəl danışaq, bir soruşaq, uzaqlarda yollar necə, ağaclıqlar, otlar necə?
Asfaltüstü izlər necə, parklar necə, bağlar necə?
Şəhər boyda günlər necə ?
O maskadan məndə də var, biri ağdı, biri yaşıl, dayan taxım, ..


Ya da taxma,
Üzündəki  öz rəngini gəl, unutma
Dodaqların çatlarını, kəsiyini otur, oxşa.
Təmiz olsun barmaqların, öpüşündən bir şirə çək
Ver quşlara!
Cik-cik, ordasanmı?..



Sara
www.kafiye.net