Azade Novruzova

Gözləyirəm


Sən sükutda mürgüləyən bir dənizsən
Ləpələrin qırçın-qırçın,
Dalğaların pərən-pərən
Sahilindən incik düşüb
Sükutunu seyr edirəm sakit-sakit
Həmdəm olub səssizliyə
Ortaq edib dərdlərimə
Əlvidasız ayrılıqdan gileylənib
Ümid ilə, sevgi ilə
Dalğaların sahilinə dönüşünü gözləyirəm.
Sən üfüqdə par-par yanan bir günəşsən

Şəfəqlərin al-qırmızı.
Qürubunu seyr edirəm incik-incik
Səni mənsiz görüb yenə kövrəlirəm,
Ağlayıram için-için.
Sən sabaha üz tutmusan
Məni zülmət gecələrdə sənsizliklə
Birgə qoyub batıb getdin
Doğuşunu anıb, birdən
Əlvidasız ayrılığa vida edib
Ümid ilə , sevgi ilə
Sabahlara doğuşunu gözləyirəm.
Sən könlümdə inildəyən
Bir kamansan nəğmələrin həzin-həzin,
Dinləyirəm yana-yana.
Söyləyirsən gülüstanda gülü solmuş
Bir bülbülün hekayəsin.
Son baharda yalqız qoyub sevgilisin
İlk bahara könül verən
O çicəyin, yaşıl donda
Gəlişini gözləyirəm
Ümid ilə, sevgi ilə..


Azade Novruzova
www.kafiye.net