Kəndimizin ilk zabit şəhidi,Baş leytenant Ramiq Namiq oğlu Mikayılova həsr edirəm!

LAYLANI OZÜM ÇALIM


Elimin şəhid balası,
Qoy laylani özüm çalım!
Sən Vətənə qurban getdin,
Səndən ayrı necə qalım?


Laylay çalır ellər sənə,
Ağı deyir dillər sənə,
Bayraq üstə güllər sənə,
Gəl qurbanın özüm ölüm!


Balam deyib torpaq sənə,
Qucağında əzizləyər,
Səndən doymaz nazlı yarın,
İllər boyu yol gözləyər!


Körpə oğlun məzarına,
Qərənfillər düzür bir bax,
Məzar üstə hamı ağlar,
Gözlərdən yaş süzür bir bax!


Yatma belə,baş leytenant,
Yatışına özüm qurban,
Gözlərim qan-yaş axıdır,
Sənə şerim, sözüm qurban!


Vətən sənə oğul dedi,
Mamır oldun qayasında,
Oğulların şəhid olur,
Yanaq lalə boyasında!


Atan-anan nalə çəkir,
Bircə bacın yaşlar tökür,
İçin-için ağlayaraq,
Kiçik qardaş bağrın sökür!


Məzarından boylanacaq,
Əksin Qarabağ yoluna,
Daim çiçək düzüləcək,
Dörd yanına sağ-soluna!


Ölümünlə ucaltdın sən,
Kəndinin,elinin adın,
Solmaz yazdı yaddaşlara,
Ömürlük,adın -soyadın!



Solmaz Şirvanlı 30-10-2020
www.kafiye.net