BÜTÖV AZƏRBAYCAN OLAQ.


(Son şeirlərimdən).

Bu vətən övladlarını qaçqınlara, köçkünlərə, gəlmələrə, yerlilərə bölənlərə cavabım.



Kimiyə “qaçqın” deyirik,
Kimiyə “köçkün” deyirik
Kimiyə “yeraz” deyirik…
Sanki məqam gözləyirik,
Həddini aşan olmasın,
Doğru danışan olmasın.
Bax, o zaman dilə gəlir
Deməyib saxladığımız,
“Sən köçkünsən,
Sən qaçqınsan”…
Belə olur cavabımız.
“Sus, danışma!
Belə cəsarətin vardı
Vətənini atmayaydın,
Erməniyə satmayaydın”
Demək olur son sözümüz.


Belə fikir yürüdənlər,
Heç bilmədən,
Öyrənmədən danışanlar,
Siz kimsiniz?
Ermənidən nə fərqiniz?
Azmı oldu Qarabağda döyüşənlər,
Nə olursa‐olsun, yenə
Vətənimi tərk etmərəm deyənlər?
Gündüz‐gecə fərq etmədən
Yurduna hücum edilən,
Tankla, topla gələnlərin
Qabağına əliyalın,
Ayağı yalın çıxanlar?



Xocalıda diri‐diri
Yandırılan, öldürülən,
Qətl edilən insanlar…
Erməni qansızlarının
Qəzəbinə tuş gələnlər azmı idi?
O dəhşətli fevral günü
Xocalı adlı vətəni
Xəritədən silinənlər azmı idi?
O dəhşətli qış axşamı
Soyuqdan qarda donanlar,
Yer üzünün ən vəhşı xalqı sayılan
Erməni manqurtlarına
Əsir düşən qız‐gəlinlər azmı idi?
Onlar ki, getməmişdilər.
Bir günah etməmişdilər.



Say‐hesabı yox onların,
Qanunlar çərçivəsində,
Kağız qovluqlar üstündə
Yazılanlar doğru deyil!
O gecədə ölənlərin
Say‐hesabı bəlli deyil!
Erməni qəbristanlığında
Qurban kimi kəsilənlər,
İtkin düşən, qətl edilən
İnsanların sayı heç də
Dəqiqliklə bəlli deyil!
O günahsız körpələrin,
Bənövşə ömrü yaşayan
Fidanların nəydi görən günahları?
Kim alacaq o ahları?



İndi sizin qaçqın, köçkün,
Yeraz, daha nələr, nələr,
Neçə adlar qoyduğunuz
O insanlar bu vətənin
Qanı qandan, canı candan
Doğmasıdır mənim üçün.



Sən evinə od düşəndə,
Od yağanda nə edirsən?
Oturub evinlə birgə
Yanmağını gözləyirsən?
Əlbəttə, yox.
Var gücünlə, bütün qəlbin, şüurunla
Yanan oddan can qurtarıb
Uzaqlaşmaqdır istəyi
Hər bir kəsin həmin anda.
Sonra kənarda dayanıb




Yanan evi seyr eləmək,
“Yuxarıdan” kömək ummaq.
Yuxarıdan kömək edən tapılmasa,
Çöldə qalsan,
Vətən, yurd gözündə olmur,
Qarğıyırsan o elləri,
Buza dönmüş könülləri.


Bax, o qaçqın, koçkün bacın,
Qardaşın da məcbur olub
Tərk etməyə o elləri.
Onda kimsə düşünməyib
Aqibətin öz evinin, əşyasının,
Hər kəs canını qurtarıb
Candan şirin balasının.



Düşünməyib bu torpaqlar
Erməninin tapdağında qalacaqdır
Bir ömürlük.
Bilmirdilər “yuxarılar” çıxacaqlar
Üzü dönük.


“Bu günün bir sabahı var,
Belə qalmaz bu olanlar,
Yerdə qalmaz axan qanlar”-
Bax, beləcə düşünmüşdü
Qaçqınlarım, köçkünlərim.



“Başbilənlər arxa olar, dayaq olar,
Qayıdarıq yurdumuza,
İlahi ədalət olar,
Nə gəlib ki, ordumuza? “
‐ Düşünmüşdü qaçqınlarım, köçkünlərim.
Sizin qaçqın dediyiniz
O günahsız insanları
Bacı bildim, ana bildim,
Qardaş bildim, ata bildim,
Bütöv Azərbaycan bildim.
Yalvarıram, ey insanlar,
Varsa əgər qəlbinizdə
İnsanlıqdan bir nişanə zərrə qədər,
Bu vətəni qaçqınlara,
Köçkünlərə,
Türkə, tata,, avarlara,
Ləzgilərə, talışlara bölməyin siz.
Biz hamımız övladıyıq bu vətənin.
Vətən qandır,
Vətən candır.
O, bütöv Azərbaycandır!
Anlayın siz!

Arzu Heydərova

www.kafiye.net