YENƏ

Yenə şair könlüm sorağa düşüb,
Obanı axtarır, yurdu axtarır.
Həsrətdən, qüssədən fərağa düşüb,
Önündə getməyə ordu axtarır.

Yenə şair könlüm uçub, yuvasın,
Tərk edib millənən tərlan kimidi.
Unutmur yurd, yuva, torpaq davasın,
Ovuna zillənən aslan kimidi.

Yenə şair könlüm qisas öcündə,
İntiqam alovu köksün dağlayır.
Xətai gücündə, Babək gücündə,
Mizrağın götürür, qılınc bağlayır!

Yenə şair könlüm xəyala dalıb,
Gorusdan yol edir, Şuşadan keçir.
Yolları, izləri əlinə alıb,
Laçından adlayıb, Turşsudan içir.

Yenə şair könlüm zirvə fəth edir,
Yellənən, çırpınan sancaq yönündə.
Şimallı, cənublu sevir, mədh edir,
Bütövlük borcu var Vətən önündə.



Təvəkkül Goruslu. 02. 08. 2020
www.kafiye.net