Ən yaxın dostlarıma üçüncü namə.

Çıxır

Sanki göydən od ələnir,
Batan Günəş şərə çıxır,
Adam yanır, tüstülənir,
Buxarlanır, tərə çıxır.

Dərd əlindən başım şişir,
Ruhum ölür, təbim bişir…
Tilovuma kilkə düşür,
Kimlərə, gör nərə çıxır?

Bizi lap az anlayan var,
Amma xeyli danlayan var,
İndi hər cür banlayan var,
Niyə çoxu fərə çıxır?

Çox şey olub indi qınaq,
Qarşıdadır çətin sınaq…
Tanısa da, kimdi qonaq,
İt də hürə – hürə çıxır.

Həyat cırıq bez kimidi,
Son ümidlər toz kimidi,
Dost “alınma qoz” kimidi,
Sındırsan, hər cürə çıxır.

Reklamlara bax, əməl et,
“Bizon” – zad al, dolsun bufet,
İç güclənsin immunitet,
Gündə yüz cür şirə çıxır.

Düşsən əgər yar felinə,
Əcnəbisə, gör eli nə?
Sığal çəksən gər telinə,
Əlinə bit – birə çıxır.

Normal yeyib – içəmmirəm,
Çox şeydən vaz keçəmmirəm,
Hamar yol da seçəmmirəm,
Qarşıma dağ, dərə çıxır.

Çingiz, sən bir qərara gəl,
“Şair”lərə olma əngəl,
Yuyulduqca sabunla əl,
Dostun çoxu kirə çıxır.



07.07.2020.
Çingiz Kürdəmirli.

www.kafiye.net