Çıxır

Beton evdə, bu istidə,
Hərədən bir nərə çıxır.
İki saat hava üçün,
Camaat bir kərə çıxır.

Nə məhkəmə, nə vəkilsən,
Billəm sən də nə çəkirsən.
Dirlik salıb, turp əkirsən,
Çoxu keşniş, tərə çıxır.

Əlləşsək də yerlə, göylə,
Bacarmadıq zəmanəylə.
Kişi çölə bəhanəylə,
Guya paltar sərə çıxır.

Adam dolu sərin otaq,
Yer tapılmaz gəlsə qonaq.
Yan otağa bassan ayaq,
Bişmək üçün kürə çıxır.

Gileylənir arvad hər gün,
Deyir, heç nə deyil düzgün.
Nə yağdırsa onlar üçün,
Bir ucu da ərə çıxır.

Evdə qalıb gördüm, düzü,
Hökümlüdü arvad sözü.
Bir sözüylə Çingiz özü,
Meyvələri dərə çıxır.

Gileyləndin, Sakit, xeyli,
Danışmağın yoxdu xeyri.
Dost, tanışlar yaxşı şe(i)ri,
Mirvariyə, zərə çıxır.



09. 07. 2020.
Sakit Memmedova
www.kafiye.net