ŞƏRİK ÇIXMAYIN

Düşüncə dumanlı, fikir dolaşıq,
Virusa yan verir azad düşüncə.
Sağlamlıq, xəstəlik olub çalpaşıq,
İnsanlıq can verir dara düşüncə.

Dillər əzbəridi rejim, karantin,
Söhbətdə baş mövzu maska, sabundu.
Yanında, önündə durub millətin,
Bəla axtarırdı. . . ona tapındı.

Hərə öz evində dostdan xəbərsiz,
Xəbərlərə möhtac, ” təbibə ” möhtac.
COVİD söylənincə qohum təpərsiz,
Şüura hökm edir bu dəhşətli “tac”
.

Həkimi, loğmanı düşübdü yorğun,
Xəstələr evlərdə fəryad qoparır.
Bəşəri ölümə sürüyür qırğın,
Vurduqca yoxluğa çəkir aparır.

Dünyanı sövq edən cavanlaşmağa,
Artıb, çoxalıbdı alim, varlısı.
Bir hacət varmıdır klanlaşmağa?
Milyona hökm etsin on əyarlısı.

Milləti, xalqları manqurt edənlər,
Hökm edən Allahdır, şərik çıxmayın.
Hər işdə varidat, sərvət güdənlər,
Dünyanı, cahanı oda yaxmayın!



Təvəkkül Goruslu. 04. 07. 2020
www.kafiye.net