Üç gün öncə ən yaxın dostlarıma gileylə dolu bir mənzum namə ilə müraciət edib, hər birindən gözəl cavab da almışdım. Indi yenə şeytan məni yoldan çıxardı ki, bəs bir sicilləmə təcnislə də bunları bir dişinə vur)))) Xahiş edirəm,heç kim inciməsin. Şeir tamamilə ünvansızdır. Amma dostlarım özünü sınaqdan keçirə bilər)) P.S. Vahid qardaşım, sən dünən dedin axı,
səksəkə içindəsən, ürəyinə nəsə damıb?)))

Ayağına
( divani )

Sevinməyin tezdi hələ, yer tutur ayağın, a,
Hər kəsin öz günahı var, yazılır ayağına,
Qurular mizan – tərəzi, elə bir zaman gələr,
Əzaların üzə durub, dönərlər a, yağına.*

Gecənin qatı zülmətin, inanma ki, yara dan,
Hələ çoxu qırılacaq xəstəlikdən, yaradan,
Bəşər azıbdır yolunu, qəzəblənib Yaradan,
Həsrət qalıb Aran suya, dağlar da a, yağına**.

Dəyişib ağız tamımız, yediyimiz ot dadır,
Ət sözü lüğətimizdə, gözümüzsə otdadır,
Bəla bizə Haqdan gəlib, kim kimi gör otdadır!?
Sənlə bir ocaq başında əyləşib a…Yağın, a.

Sözlərimdən yaranıbdı, sellənibdi çay, dana,
Hər oğulun işi deyil, adlasın bu çaydan, a…
Çay yerinə dəmləyərəm, atıb səni çaydana,
Nə qədər ki, sağdı başın, çəkil gir aya, qına.

Damarı tərk edibdisə, qayıtmaz ki, qan dala,
Zaman bizə məhbəs olub, həyat da ki, qandal, a…
Hədyan yazsan, əllərini keçirdərəm qandala,
Ayağını zəncirlərəm, çıxarma ay,- ağın, a!

Ta qədimdən hörmət edib, bu eldə hər kəs ərə,
Çünki sözü bütöv, dili malik olub kəsərə,
Qələmim qılıncdan iti, sal qayanı kəsər, ə,
Hüzurumda müntəzir ol, daşsa da a…Yağın, a.

Vaxt var idi həll olurdu, çox iş bir “mən ölüm”ə,
Kim deyər ki, dost yolunda, indi gedər ölümə?
Diqqət elə, son zamanlar “Korona”dan ölümə,
Mürdəşir də baxmayır heç, nə təpir ay, ağına..
.

Bilirəm ki, az olsa da, yaxşı dost qazanmışam,
Yersiz fikri adi suya vurulan qaz anmışam,
Hesab elə, ağznacan söz dolu qazanmışam,
Görərsən mənim tərəfə düşəndə ayağın, a.

Həkim özü tapşısib ki, əsəbləşməyim, bala,
Mənə nə yazmaq istəsən, qələmi batır bala,
Zəlzələm episentirdə dirənir doqquz bala,
Cəzanı sərtləşdirərəm, qızarar ay, ağın, a..***

İş adam başına gələr, elə bu da de işdi,
Ünvansızdı, dostum yazım, istəyirsən deyiş, di,
Üç il öncə biri vardı, mənlə bir az deyişdi,
Heç o qədər də sıxmadım, batırdı ay,- ağına.****

Sən hələ diş çıxarırsan, ehtiyac var hədiyə,*****
Payın azı – çoxu olmaz, gərək alan “hə” diyə,
İlham pərim xoşhal olur, paylayanda hədiyyə,
Oxu, zövq al, nə özünü, nə məni, aya, qına.

Bu təcnis bir yadigardı, gələcək nəsil üçün,
“5” – ə layiq olmasa da, ustadlar yazsın “3” – ün,
Görmüsənmi kürü, qaymaq, balla bir yerdə üçün?
Şirinçayla yemək üçün, varmı şor a? Yağın, a?

Getdiyim yol daş – kəsəkli, bil ki, deyil hamar, a,
Sonu çəngəlliyə çıxır, rast gələrsən ha, mara,******
Çalış Çingizdən uzaq ol, özün üçün xam ara,
Yoxsa səmanı bürüyər, ah-nalən, ay… “ağı”n, a!

*Düşmənə.
**Yağıntıya.
***Qanına qəltan edərəm.
****Şalvarına.
*****Uşaq təzə diş çıxaranda hədik yedizdirirlər.
******İlana.

05.07.2020.
Çingiz Kürdəmirli.
www.kafiye.net