Belə sevər qadın

Deyirlər qadınlar qulağıyla sevər,kişilər gözləriylə.Məncə qadınlar qulağıyla yox,ürəyinin şah damarıyla sevər.Qulağıyla sevsəydi qadın ona deyilən hər şirin sözə uyar,aldanardı.Qulağına pıçıldanan tərif dolu,nəvaziş dolu,şirin vədlərlə dolu pıçıltılardan xoşhal olar,inanardı.

Qadın, ruhun yolçuluğuna çıxar,hər aldığı nəfəslə sevdiyi üçün yaşadığını hiss edərək,göy üzündə qoşa uçan quşların nəğməsində görər eşqi.Çəməndə bitən gül-çiçəyin ətrində axtarar xəyal etdiyi o sevgini.Yağan yağışın damlalarında,o damlaların torpağa hoparkən yaratdığı özünəməxsus qoxuda -torpaqla yağışın ülfətində görər o böyük sevgini,gecənin qaranlıq köksündə bitən hilalın nurunda,gecə ilə gündüzün nəvbələşməsində, Ayla Günəşin bir-birini aramasında, mürgülü ulduzların sayrışmasında axtarar uca məhəbbəti.

Ruhuyla sevər qadın,qəlbinin ən dərin yerində toxunulmaz, müqəddəs bir guşə verər eşqinə.Bütün varlığıyla sevər qadın,canına-qanına hopdurar sevgisini, damarında axan qanıyla vuran nəbzi də sevgisiylə rutmlənər. Gözlərinə həkk edər eşqin surətini,onun işığıyla  doldurar dünyaya açılan pəncərəsini.

     Toxunmadan da sevər qadın.Eşqini namusu kimi qoruyar.Allahı kimi təslim olar ,sadiq olar.Çünki qadının eşqi-namaz kimidir;”niyyət etdikdən sonra sağa-sola,ora-bura baxmaz”qadın.

Təmənnasız sevər qadın.Qeyri-şərtsiz sevər,dünyanın nemətlərinə gözünü yumar,eşqini həyatının mərkəzinə qoyar,onu rəngarəng göyqurşağı kimi ömrünün vərəqlərinə yansıdar.Ömrünü beləcə bəzəyər qadın sevgisinin gücüylə.

 Fədakarcasına sevər qadın.Ömrünü zərrələrə səpələyərək, həyatın çətin,amansız sınaqları önündə dik dayanaraq,ən acı iztirablara,ağrı-acılara davam gətirərək,əyilmədən,usanmadan ,yenə də sevər qadın. Atıb getməz,tərk etməz.Bəzən canından keçər,eşqini ucaldaraq.Alışar-yanar bu yolda , amma ölməz,bitməz-tükənməz sevgisi; Simurq kimi küllərindən doğar yenidən…

Və…illərin sınağından,ruzigarın tufanlarından keçən bu böyük eşqin yolu xəyanətə qədərdir.Xəyanəti bağışlamaz qadın.Acılarla qıvrılsa da  ədalətin qılıncını sıyırıb öldürər öz sevgisini , öz qəlbini qəbir edər,dəfn edər o böyük sevdasını öz qəbir qəlbində.

Belə sevər qadın…

Tamara Nadirova/Tənha Bulud/
www.kafiye.net