Barışammıram

Bahar çiçəyiyəm, qışda açmışam,
Amansız zamanla barışammıram.
Günəşə aldanıb, ətir saçmışam,
Mənasız gümanla barışammıram.

Kəsməz qarşısını pul fəlakətin,
Vaxtında fikirləş, öz aqibətin.
Əgər istəyirsən, gülsün sifətim,
Yaxşı ol, yamanla barışammıram.

Adam var, əyninə gəzir zər-xara,
Adam var, çörəkçün axtarır para.
Kasıbı hər yerdə çəkirlər dara,
Bu dini- imanla barışammıram.

Ömrümüzdən gedir, səbr ilə hər an,
Bəkə “bir tikədir”, bizi çaşdıran?
Vallah göz yaşıdır, qəlbi daşdıran,
Dərd dolu ümmanla barışammıram.

Vətən naləsiylə gəlmişəm dilə,
Gör bir neylədilər, bu məğrur elə?
Torpağın naıəsi bitməyib hələ,
O, ahu-amanla barışammıram.

Qarabağ dərdini unudub tamam,
Cavanlar bar gəzir, yaşlı restoran.
Cəbhədən hər Şəhid gətirən zaman,
İnləyən kamanla barışammıram.

Sakit, köpə dönüb axırsan sellə,
Kim torpaq alacaq şeir, qəzəllə?
Taqətsiz dizimlə, bükülən bellə,
Gözümdə dumanla barışammıram.



22. 06. 2020.
Sakit Memmedova
www.kafiye.net