ƏLİNCƏ QALA.



Tarixə iz salıb öz qüdrətiylə,
Dillərə düşübdür şan-şöhrətiylə,
Qürur mənbəyidir əzəmətiylə,
Burda müqəddəsdir hər daş,hər çala,
Alınmaz qaladır Əlincə qala.

*
Qartallar qıy vurur zirvələrində,
Hələ açılmamış sirri yerində,
Təpər,qeyrət çoxdur igidlərində,
Bura göz dikənlər alıb çox bəla,
Alınmaz qaladır Əlincə qala.
*
Qanlı döyüşlərin izi var burda,
Neçə yadellinin gözü var burda,
Böyük Nəsiminin sözü var burda,
İgidlər at çapıb burda sağ,sola,
Alınmaz qaladır Əlincə qala.
*
Yurdu miras qoymuş babalar bizə,
Doğmadır bu ellər,obalar bizə,
Mil taxar igidlər kəm baxan gözə,
Durub keşik çəkir elə,mahala,
Alınmaz qaladır Əlincə qala.
*
Burda Nəiminin nəfəsi vardır,
Ətəyi gül-gülzar,zirvəsi qardır,
Xain niyyətliyə bura məzardır,
Gül-çiçək sərilib yamaca,yala,
Alınmaz qaladır Əlincə qala..




Nazlı Hacılı.

www.kafiye.net