İNSAN BALASI

İnsanlıq bəşərdən asi düşsə də,
Hər evin, ocağın yası düşsə də,
Aləmə “COVİD ” in səsi düşsə də,
Özünü qorumur insan balası!

Yenə də ruhlara hakimdir süstlük,
Bu necə röyadı, bu necə məstlik,
Davranış dəyişmir, düşüncə mistik,
Özünü qorumur insan balası!

Maskası çənədə, ağzın bağlamır,
Məsafə saxlamır, ara saxlamır,
Düşünür beləsin virus haqlamır,
Özünü qorumur insan balası!

Kar deyil, eşidir ahı – amanı,
Dərk etmir, anlamır dardı zamanı,
Kimədi ümidi, nəyə gümanı,
Özünü qorumur insan balası!

Dörd divar içində yeddisi, onu,
Evinə dustaqdı hər həftə sonu,
Dəmirmi siniri, poladmı donu,
Özünü qorumur insan balası!

Nə vaxtdı bu fikir ruhumu əzir,
Hər kəlməm, hər sözüm Tanrıya nəzir…
Görünməz düşməndən ölümün gəzir ,
Özünü qorumur insan balası!



Təvəkkül Goruslu. 14 06. 2020
www.kafiye.net