SÜRÜNƏN KÖLGƏ…14.



Xalasının nə demək istədiyini anlamayan Nərgiz söhbəti uzatmadı.Əslində onu başqalarının ailə məsələləri bir o qədər də maraqlandırmırdı.O səbəbdən də bir söz deməyib içəri otağa keçdi.

Ruqiyyə da onun ardınca otağa daxil olub :

Bilirəm çox yorğunsan bala,- dedi,- dincəl.Mən də avtobus sürücüsü ilə danışmışam.Kənddəkilər üçün hazırladığım payı sabah tezdən ona çatdırmalıyam. Sağlıq olsun, günorta saatlarında mənzil başına yetirəcək.

Sağ ol xala,- Nərgiz məhəbbətlə Ruqiyyəyə baxdı,- sən olmasaydın biz neyləyərdik?

Eeh a bala,- xalası köks ötürdü,- neyləyəcəkdiniz? Pis-yaxşı vəziyyətdən çıxacaqdınız.Kənd adamları dözümlü, iradəli olur.Əziyyətə sinə gərməyi bacarır. Budur ey…,- qapıya tərəf baxdı,- dərd bu şəhərlilərindir. Xoş günlərinə də təpik atırlar.Soruşasan, nəyiniz kəmdir axı?

Xalasının yenidən Ayşəngilin ailə söhbətlərinin üstünə gəlməsi bu dəfə Nərgizdə az da olsa maraq doğurdu:

Nə olub axı,- gülümsədi,- Ayşənin anası ilə söhbətiniz niyə bu qədər təsir edib sənə?

Bilmirəm vallah,- Ruqqiyyə divanda yerini rahatladı,- dediyinə görə …əri ilə bir evdə yaşamırlar.

-Necə?,- söhbət Nərgiz üçün gözlənilməz oldu.

Sən demə ,bunlar doğma xalaoğlu-xalaqızıdılar,- Ruqiyyə sanki ciddi bir sirrin üstünü açırmış kimi astadan dilləndi,- aralarında da heç bir sevgi- filan olmayıb.Valideynlərin təkidi ilə evləniblər. Ayşən anadan olandan sonra isə münaqişələr başlayıb.Birinin sözü o birinin boğazından keçməyib.Sonda…sonda da ki, boşanmağa qərar veriblər.

Nə?,- Nəgizin gözləri böyüdü,- Bu necə olur? Bəs..bəs arada uşaq var axı,- son kəlməsindən özü də sanki diksinən kimi oldu.

Uşaq…,- Ruqiyyə kinayə ilə güldü,- Nərgizin dərdini təzələyəcəyindən ehtiyatlanıb söhbəti dəyişdi,- Uşaq hələ ki, heç nə anlamır.Anası ilə ayrıca yaşasa da, atası tərəfindən lazımınca əzizlənir.Hər cür qayğı ilə əhatə olunub.Ramin onun bir sözünü iki eləmir.Özün də bunun şahidisən.

Hə,- Nərgiz başı ilə təsdiqlədi,- mən bir həqiqəti anlamışam ki,- qısa aradan sonra dilləndi,- həyatda pulla, varla çox şeyləri əldə etmək olar.Amma hər şeyi yox,- gözlərinə kədər gəldi,- Ramin onları hər barədə təmin və təchiz edə bilər, lakin…nə o qadına sevgi, nə də Ayşənə …

Yaxşı,- Ruqiyyə yerindən qalxdı,- başını yorma, səhər ertədən gedəcəksən. Qalx bala, qalx get otağında dincəl.

Nərgiz bir söz deməyib sakitcə otağına çəkildi. Xalasından eşitdikləri onu narahat etməyə başlamışdı. Özlüyündə “ Gör nə qədər talesiz insanlar var,- düşündü, – talesiz qadınlar, talesiz uşaqlar”.

Çarpayısındakı örtüyü qaldırıb, yatağına oturdu. Kürəyini yastığa söykəyib fikrə getdi.Bu günə qədər ona çox qayğısız görünən, hətta çoxlarının həsəd apardığı qadın bir cür, Ayşən də başqa cür bədbəxt imiş demək… Raminə acımırdı, yox.Elmanın davranışı onda elə bir fikir formalaşdırmışdı ki,heç bir kişinin heç bir halı onda nə təəssüf, nə də məyusluq hissi yaratmırdı. Əksinə, belələrinin nə zamansa layiqincə cəzalanacaqlarına ümid bəsləyirdi.

Artıq o hadisələrdən otuz ildən artıq vaxt ötürdü.Çox şey dəyişmişdi.

İndi nə baba-nənəsi, nə ata-anası, nə də Ruqiyyə var həyatda.Bacısının biri doğma əmisi evində,digəri isə qonşu kənddə gəlindir.Ata ocağında isə qardaşı öz ailəsi ilə yaşayır.

Doğmalarının itkisindən sonra Nərgiz kəndə gec-gec gedir.Ata evindəki yad ab- hava artıq xatirəyə çevrilmiş qaygısız uşaqlıq illərinin şirinliyini əvəz edə bilmir.

Ömrünün son günlərini yataqda keçirən Ruqiyyə adına olan evi və bütün əşyalarını qanunu şəkildə Nərgizin adına keçirmişdi.

Xalasından sonra o evdə yaşamaq Nərgiz üçün çox çətin olduğundan , qız həmin evi satıb şəhərin mərkəzində kiçik bir mənzilə köçmüşdü.

İndi bunlar acılı-şirinli xatirəyə çevrilərək Nərgizin hafizəsinə həkk olunmuşdu.Bəzilərini sevə-sevə xatırlasa da, bəzilərini yaddaşından silməyə cəhd edirdi . Əfsuslar ki,bu mümkünsüz idi.Dərin yaralar nə qədər qaysaq bağlasa da, izi və nişanəsi qalır.Hərdən də…közü qoparaq qan verir...

Səhərə yaxın Nərgizi yuxu aparmışdı.Hətta tibb bacısının və həkimin palataya gəlişindən də xəbər tutmamışdı.

Günortaya yaxın tibb bacısı ona yaxınlaşıb:

Nərgiz xanım,- dedi,- özünüzü necə hiss edirsiniz?

Başında küt ağrı hiss edən Nərgiz özünü gümrah göstərməyə çalışaraq gülümsədi:

Narahat olmayın,- dedi,- yaxşıyam.

Bu gecə bir narahatlığınız olmayıb ki?,- tibb bacısı ona zəndlə baxdı,- necə yatmısınız?

Yaxşı yatmışam,- Nərgiz yerindən dikəldi,- niyə soruşursunuz?

Heç,- qadın onun gözlərinə baxdı,- bəlkə…

Özümü yaxşı hiss edirəm,- Nərgiz qətiyyətlə cavab verdi.

Lap yaxşı,- tibb bacısı söhbəti uzatmadı,- sizə çatacaq bir bağlama var.Siz yavaşca qalxın, yuyunun, səhər yeməyinizi yeyin.Mən də gedim onu gətirim.

Nə bağlama?,- Nərgiz təəccübləndi,- mənə evdən heç nə lazım deyildi, sabah artıq evimə dönəcəyəm.

Bilmirəm,- qadın çiyinlərini çəkdi,- bir nəfər gənc təkidlə onu sizə çatdırmağı xahiş etdi.Mən də etiraz etmədim.

Yaxşı,- Nərgiz yerindən qalxdı,- gətirərsiniz baxarıq.

Tibb bacısı onu çox gözlətmədi.Qalxıb əl-üzünü yuyana, özünü sahmana salana qədər əlində bağlama palataya gəldi.Gülümsəyərək bağlamanı Nərgizə verib otaqdan çıxdı.

Nərgiz bağlamanı açmazdan əvvəl əlini onun üzərində gəzdirdi. Onun nə olduğunu təxmini anlayaraq, tələsik bağlamanı açdı və…heyrətdən donub qaldı…Bu,onun çantası idi.

Qadın həyəcandan müvazinətini az qala itirəcəkdi. Özünü ələ alıb çarpayısına oturdu.Nə düşündüsə çantanı ehmalca açdı.İçərisinə göz gəzdirdi.Əli ilə yoxladı, hər bir şey öz yerində idi; aldığı məvacibi də, hətta zərgərə düzəltdirmək məqsədilə yaylığa büküb çantanın bir küncünə qoyduğu qızıl boyunbağısı da… Qadının nəfəsi təngidi.Çantaya bir də nəzər saldı.Gözü kağız parçasına sataşdı.Cəld açıb baxdı.Bu, səliqəsiz xətlə, güclə oxunacaq bir məktub idi:

“Mənə sənin heç nəyin lazım deyil!Məqsədim səni qorxutmaq, daha doğrusu…yaxşıca silkələmək idi!Mən buna nail oldum.İndi isə həyatını yaşa!Arxanca sürünən qara kölgəni isə unutma!”.

Nərgiz həyəcanla ətrafına baxdı.Otaq başına fırlandı. Bədəninin yarpaqtək əsdiyini hiss edib,kürəyini yastığa dirədi.

Gözlərini açanda həkim və tibb bacısı başının üstündə idi.



ARDI VAR.



Govher Rustamova
www.kafiye.net