SÜRÜNƏN KÖLGƏ…13

Həyat axarı ilə davam edirdi.Ruqiyyə də,Nərgiz də ağrı-acılarını tədricən unudub ,ömürlərinin sanki yeni mərhələsini yaşayırdılar.

Səmədin qəfil xəstəliyi ailəsinə hər barədə ciddi problemlər yaşadırdı.Zərnigar büruzə verməsə də, Ruqiyyə külfətin maddi çətinliklərini yaxşı dərk edirdi. O səbəbdən də,hər həftə kəndlə əlaqə saxlayır, əlinə düşəndən onlara hədiyyələr və müəyyən qədər pul da göndərirdi.

Nərgiz hər dəfə ona minnətdarlıq edəndə ” Ay bala, sizdən başqa kimim var axı?”,- deyib kövrəlirdi.

Dərslər başlamışdı.Nərgiz tələbəliyin şirinliyini dadır, həyata,insanlara baxışı tədricən dəyişirdi.Yeni tanışlıqlar, yeni rəfiqələr, fərqli ab-hava qızın dünyagörüşünü formalaşdırmağa başlayırdı.

Elman həqiqətən də gözə dəymirdi.Elə bil həyatda belə bir adam heç yox imiş.

Nərgiz çalışqanlığı, qeyri-adi bacarığı ilə çoxlarından fərqlənirdi, bunu müəllimləri də hiss edirdilər.Yüksək təbəqəli ailələrin övladlarından fərqli olaraq,o ,gecəsini gündüzünə qatıb oxuyur,mühazirələri diqqətlə dinləyir, sirli-sehrli musiqi aləminin dərinliklərinə baş vurmağa çalışırdı.

Sadə geyimi,yaşına uygun olmayan ciddiliyi , musiqiyə hədsiz vurğunluğu bu qızı müəllimlərə xüsusilə sevdirirdi.

Mühazirələrarası fasilələrdə rəfiqələri yaxınlıqdakı mağazalara, kafelərə üz tutsalar da, Nərgiz auditoriyadan kənara çıxmırdı.Hətta dərsdən sonra da onlara qoşulub heç bir yana getmir, birbaşa evə dönürdü.

Bayram günlərində,tətillərdə Ruqiyyə ilə bərabər kəndlərinə, ailəsinə baş çəkirdi.Ata-anasına maddi cəhətdən arxa –dayaq olmaqdan ötrü yollar arayırdı.

Günlərin birində Ruqiyyə işdən təzə xəbərlə gəldi:

Nərgiz,- dedi,- çox imkanlı bir şəxs qızına gənc,savadlı musiqi müəllimi axtarır.Bu işə necə baxırsan?

Necə baxa bilərəm?,- qız suala sualla cavab verdi,- axtarırsa,yəqin ki,tapar.

Ay qız!,- Ruqiyyə stulu çəkib oturdu,- səninçün yaxşı fürsət deyilmi? Hə ?

Mənimçün?,- Nərgiz təəcübləndi,- mən ki, müəllim deyiləm.

Deyilsən,olarsan,- xalası işgüzar görkəm aldı,- müəllimlərin çoxundan bacarıqlısan.Hamı belə başlayır. Az- çox öz qazancın olar.Məni düzgün başa düş,- düzəliş etməyə çalışdı,- bu, mənim üçün yox, sənin öz gələcəyin üçün lazımdır.Mənim öz balamsan, nəyim varsa, hamısı sənindir.Amma həyat əbədi deyil.Ayaqda durmaq üçün hərənin öz qazanc yeri olmalıdır.Mən də bir gün başımı yerə qoyanda arxayın olaram ki…

-Xala,- Nərgiz qadının əllərini tumarladı,- mən səni yaxşı başa düşürəm.Dediklərin də doğrudur.Mən başqa səbəbdən tərəddüd edirəm,- sözünə ara verdi,- əvvəla hələ tələbəyəm.Sonra da ki,- xalasına baxdı,- kənar evə,ailəyə getmək istəmirəm.

Tələbə olsan da,savadlı qızsan.Hər halda,azyaşlı uşaqla məşğul olmağa biliyin və bacarığın yetər. Qaldı… başqa ailə məsələsi…onu da düşünmüşəm.Əgər razılaşarlarsa, uşaq bizim evə gələr.Dediklərinə görə, qız çox ərköyün uşaqdır.Pullular da belədirlər də,- əlavə etdi,- uşaq nə dedi,odur.Cavan , qəşəng müəllimə istəyir, – güldü,- qocaları uşaq da bəyənmir a bala.

Qocalar ömrümüzün bəzəyidir, xala,- Nərgiz onu qucaqladı,-onlarsız həyatın nə ləzzəti?

Yaxşı,nə deyirsən?,- Ruqiyyə söhbətə qayıtdı,- məndən cavab istəyəcəklər.Nə deyim?

Nə bilim…,- Nərgiz yenə tərəddüd etdi,- razılaşarlarsa, buyurub gəlsinlər.Doğru deyirsən,- gülümsədi,- nə vaxtsa, nədənsə başlamaq lazımdır.Kənddəkilərə də yardımçı olaram.Ata-anam yaşlanıb.

Düz deyirsən qızım,- Ruqiyyə kövrəldi,- onlara da əl tutmaq lazımdı.

Ertəsi gün axşamüstü məhəlləyə qara rəngli bir maşın daxil oldu.Əvvəlcə Ruqiyyə, ardından hündürboy, yaraşıqlı gənc bir kişi, yüksək zövqlə geyinmiş, ədalı gənc bir qadın,yanında da totuq bir qızcığaz həyətə keçdilər.

Nərgiz cəld özünü qaydaya salıb qapıya tərəf getdi. Qonaqlar Ruqiyyənin dəvətindən sonra evə daxil olub salamlaşdılar.Gənc qadın ev- eşiyə göz gəzdirib, Nərgizi başdan- ayağa süzdü.

-Buyurun, keçin, içəri keçin,- Ruqiyyə əl-ayağa düşdü,- evimizdə hər bir şəraitimiz var.Uşaq özünü lap evinizdəki kimi hiss edəcək.

Hə…,- qadın istehza ilə gülümsədi,- lap evimizdəki kimi.

Qızım, müəllimə ilə tanış ol,- kişi söhbəti dəyişdi.

Qızcığaz Nərgizə baxıb gülümsədi.Gəlinciyini qucağına qısıb,qadının arxasında gizləndi.

Qızımız utancaqdır,- atası güldü,- amma çox mehribandır.Ümidvarıq ki,təzə müəlliməsini sevəcək.

Əlbəttə,- Ruqiyyə qonaqları tələsik hazırladığı çay süfrəsinə dəvət etdi,- Nərgiz körpələri çox sevir,- qıza baxdı,- uşaqlara qarşı olduqca mehriban və qayğıkeşdir.

Xalasının sözləri Nərgizə şillə kimi dəydi.Başına gələnlərdən sonra o, nəinki körpələrə tərəf baxmır, hətta səslərini belə eşitmək istəmirdi.Qucağı bələkli, körpəli qadınları gördükdə isə qaşları düyünlənir, əhvalı dəyişirdi.

Qonaqlar dəvətə məhəl qoymadan əsas məsələyə keçdilər.Qadın:

Məsələ belədir,- deyib qaşlarını qaldırdı,- qızımızın müsiqiyə həvəsi var.Bu səbəbdən də onunla məşğul olmanız tələb olunur,- yenidən Nərgizi süzdü,- mən yaşlı, daha təcrübəli müəllimlərə üstünlük versəm də, qızımız...

Qızımız kiçikyaşlıdır,- kişi onun sözünü kəsdi,- bir neçə müəllimlə məşgələlər keçsə də,sonda …

Aydındır,- Ruqiyyə gülümsədi,- uşaqlar gəncliyi daha çox sevirlər.

Elədir,- kişi də gülümsədi,- Ayşən yəqin ki, bu müəlliməsini sevəcək,- qızına baxdı,- elədirmi qızım?

Qızcığaz gülüb yenidən qadının arxasında gizləndi.

Məvacibiniz artıqlaması ilə ödəniləcək,- kişi ciddi görkəm aldı,- yetər ki,qızımız sizi sevsin və məşğələlərə həvəslə gəlsin.

Evdə sizdən başqa yenə kimsə olurmu?,- gənc qadın söhbətə müdaxilə etdi.

Yox!,- Ruqiyyə tələsik cavab verdi,- Heç kim olmur.Elə ikimizik.Ayşən balamız da evimizin ən əziz adamı olacaq.

Məşğələlərə onları sürücü gətirəcək- kişi qadına tərəf baxdı,- aylıq məvacibi isə özüm şəxsən ödəyəcəyəm.

Lap yaxşı,- Ruqiyyənin gözləri sevincdən parıldadı,- hər şey könlünüzcə olacaq.

Nərgiz məşğələ günlərini və saatlarını təyin etdikdən sonra, qonaqlar yubanmadan oradan çıxdılar.

Ruqiyyə gecə yatana qədər uşaqla davranış qaydaları barədə xeyli söhbət etdi ,tövsiyyələr,

məsləhətlər verdi.Hər vasitə ilə Nərgizi ruhlandırmağa çalışdı.”Əlinə düşən fürsəti itirmə”,- dedi.

Beləliklə,Nərgiz gündüzlər oxuyur, axşamlar isə Ayşənə musiqi məşğələləri keçirdi.Qızcığazın musiqiyə olan marağı onu daha da həvəsləndirirdi.Məşgələləri kənardan izləyən gənc qadın da məmnun idi.

Həftələr,aylar beləcə ötürdü.Nərgiz hər ay Ayşənin atası tərəfindən ödənilən məvacibi poçt vasitəsilə kəndə, ata-anasına göndərir,” Təqaüdüm özümə yetərlidir”, – deyirdi.

Ayşən getdikcə Nərgizə çox bağlanırdı.Onun məşğələlərinə gedəcəyi günləri səbrsizliklə gözləyirdi . Nərgiz də onu sevməyə başlamışdı.Aralarında qeyri-adi bir bağlılıq yaranırdı.

Bir axşam Ayşəngili yola salan Nərgiz otağa keçəndə xalasını fikirli gördü.

İlk günlər ailəyə yovuşmayan, ədalı, təkəbbürlü davranışı ilə hətta Ruqiyyəni qıcıqlandıran qadın son günlər tamam yumşalmışdı.Məşğələ saatlarında boş oturmaqdan bezərək,onunla söhbətləşməyə də başlamışdı.

Xalasını bikef görən Nərgiz bunun səbəbi ilə maraqlandı.

-Heç ay bala,- Ruqiyyə söhbətdən qaçmağa çalışdı,- öz işləridi.Bizə nə…

Nə olub ki?,- qızın marağı artdı.

Nə bilim,- qadın süfrəni sığalladı,- varlılar da…bir cür bədbəxtdirlər.

ARDI VAR.


Govher Rustamova
www.kafiye.net