Həqiqətən, çox maraqlıdır, Əgər imkan edib
dostların statuslarına rəy yazmasan, bir bəşər
tapılmayacaq ki, sənin də yazdığına azardan – çordan
yazsın. Burdakı rəylərin 99%-i kredit ödənişini xatırladır.
Elə mən özüm də beləyəm haaaa..)). At atı borc
qaşıyan kimi….

Borc qaşıyır at, atı.

Bir dost söhbət zamanı, dedi qeyri-ixtiyar:
-“Daha şeir yazmağın, məncə qalmayıb dadı”,
Dedim: “ Ey gözəl insan, nədir böylə ahu-zar,
Mənə də məlum olsun, söylə, dərdinin adı!?”…
–Qardaş, indi dəbdədir, borc qaşıyır at atı.

Al qələmi əlinə, kimdən əskikdir,- nəyin,
Gözəl profil yarat, əbəs getməsin səyin,
Şeirləri “Layk” elə, genə-bol gələr rəyin,
Yadından çıxan olsa, mesaj et məlumatı,
Qardaş, indi dəbdədir, borc qaşıyır at atı.

Sular elə bulanıb, gözləmə ki, duruldu,
Şeir də geymimiztək, yerbəyerdən cırıldı,
Heca, vəz(i)n, qafiyə, tablamadı, qırıldı,
Poeziya güzgüdür, əks etdirir həyatı,
Qardaş, indi dəbdədir, borc qaşıyır at atı.

Şeirlər peyda olub, adlanır qəzəl kimi,
Bürüyübdü aləmi, payızda xəzəl kimi,
Biz də altdan yazırıq, “ƏLADIR”, “GÖZƏL” kimi,
Yaradırıq təptəzə, özəl ədəbiyyatı,
Qardaş, indi dəbdədir, borc qaşıyır at atı.

Düşüncən dar olsa da, əhatən olsun geniş,
Yoxsa gözləyir səni, belə zirvədən eniş,
Oxudun – oxumadın, hamıya yaz “ödəniş”,
Çalış sevinc bəxş elə, təlx eləmə ovqatı,
Qardaş, indi dəbdədir, borc qaşıyır at atı.

Dostum, niyə yaratdın, mənimlə qalmaqalı,
Oxusa dəyişəcək, bəzilərinin halı,
Kimin boynuna olsun, bu bəndlərin babalı…?
İndi xoşa gəlirmi, Çingizin bu sovqatı..?
Qardaş, indi dəbdədir, borc qaşıyır at atı.



Çingiz Kürdəmirli
www.kafiye.net