BU ŞƏHƏR

Sükuta bürünmüş şəhər küçəsi,
Nə bir gələni var, nə bir gedəni.
İnsanlar qədərin olub seçəsi,
Ayıqdı, oyaqdı tale güdəni .

Kədər, qəm ələnir məhzun üzündən,
Binalar başdaşı, önü məzarlıq.
Sinəsi bəzənmir insan izindən,
Bu nə baxça – bağdı, bu nə güzarlıq?

Pəncərə dalından boylanan adam,
Pəncərə – pəncərə dünyaya həris.
Həbsə məhkum olur bu şəhər müdam,
Daha ona məlum bu necə bir hiss.

Çəkibdi üstünə bomboz çadırın,
Səma da yas tutur indi şəhərə.
Mələklər yetişin çəkin, qaldırın,
Bir ümid boylansın nurlu səhərə.

Bu şəhər sevinmir daha gülüşə,
Görünsə görünər donuq çöhrələr.
Bu şəhər sevinmir daha gəlişə ,
Bir kəsi gözləmir açıq süfrələr.

Bu şəhər zibillik, qarğa məskəni,
Küçə itləri də qorxudan hürmür.
Adamsız şəhərdən yoxmuş miskini,
Örtün pəncərəni, bu şəhər görmür!



Təvəkkül Goruslu. 06. 06. 2020
www.kafiye.net