SÜRÜNƏN KÖLGƏ…12

Ruqiyyə başını iş-güclə qatmağa çalışsa da,fikri Nərgizin yanında idi.Onunla bərabər imtahana getmədiyinə görə özünü qınayırdı da.”Gərək yanında olaydım,uşaq bir az da ürəkli olardı”düşünürdü.

Günorta saatları idi.Ruqiyyənin hesabına görə Nərgiz artıq imtahandan çıxmış olardı.Qadının gözləri küçə qapısına dikilmişdi.Həyəcanla qızın gələcəyini gözləyirdi. Hərdən də onun aşağı qiymət alacağından qorxub hövllənir,bacısıgilə bu dəfə nə cavab verəcəyini götür-qoy edirdi.

Nərgiz qapıda göründü.Qızın qaş-qabağından, başıaşağı yerişindən xalasının ürəyi yerindən oynadı. Tələsik evin qapısını açıb özünü həyətə atdı.Taydəyişik geydiyi başmaqları birtəhər sürüyə-sürüyə Nərgizə tərəf getdi. Çatar-çatmaz:

Hə, nə oldu?Necə oldu?,- soruşdu.

Qız çantasını könülsüz açıb,qiymət kitabçasını çıxartdı və ona uzatdı.Özü isə sakitcə evə keçdi.

Kitabçanı tələsik vərəqləyən Ruqiyyə sonuncu imtahanın nəticəsini görüncə təəccübdən yerində donub qaldı.Yuxu görürmüş kimi yenidən təkrar-təkrar nəticəyə baxdı.Özünü toplayıb Nərgizin ardınca:

Ay qız! A bala!,- qışqırdı,- dayan görüm ey...

Qonşu pəncərələrdəki pərdələrin bir- bir tərpəndiyini görüb, heç nə olmayıbmış kimi səssizcə evinə keçdi. Qapını bağlayıb Nərgizə tərəf getdi:

Ay Nərgiz!,- bacardığı qədər sakit danışmağa çalışdı,- ay bala! Bu…bu,doğrudurmu?,- gözləri sevincdən yaşardı, – mən yuxu görmürəm ki,hə?

Doğrudur,- qız astadan dilləndi,-yuxu görmürsən.

İlahi, bu necə olur?,- qadın pıçıldadı,- şükür sənə ay Allah!,- əllərini göyə qaldırdı,- şükür böyüklüyünə!

Nərgiz bir söz deməyib əynini dəyişdi,əl-üzünə sərin su çəkdi.Divana əyləşib başını arxaya söykədi.Gözlərini yumdu.

Ruqiyyə onun yorğunluğunu və danışmaq həvəsində olmadığını görüb sakitcə mətbəxə keçdi.Ürəyində kifayət qədər sualları olsa da,bir müddət qızı dindirməmək qərarına gəldi.

Elə mətbəxdəcə nahar süfrəsi hazırlayıb Nərgizin gəlişini gözlədi.

Bir saatdan artıq vaxt keçsə də, qızdan səs çıxmırdı. Ruqiyyə nazıik çit pərdəni ehmalca aralayıb otağa göz gəzdirdi.Nərgiz elə bayaqkı kimi divandaca,oturduğu yerdə yuxulayırdı.

Qadın yavaşca otağa keçib ona yaxınlaşdı:

Nərgiz,ay Nərgiz,- dedi,- qalx bala,çaydan- çörəkdən ye.Sonra istədiyin qədər dincəl.

Nərgiz gözlərini açıb gülümsədi.Ruqiyyə bir az da ürəkləndi:

-Sən indi sevinməlisən, şadlıq etməlisən!Bir gör nə qiymət almısan! “ Əla!”.Kimin ağlına gələrdi!Afərin qızım, halal olsun sənə!Mən sənə inanırdım!,- deyib qızın üzündən- gözündən öpdü,- sən hələ nələrə qadir olduğunu göstərəcəksən, lap…lap elə o…əclafa da!

-Kimə?,- Nərgiz istehza ilə güldü.

Ona də…o ...

Ona həyat özü hər şeyi sübut edəcək,- yerindən dikəldi,- amma zamanında,- hələ ki…o, nələrisə sübut edir.

-Başa düşmədim,- qadının qaşları çatıldı,- bundan artıq nə sübut edəcək?Göstərdi də iç-üzünü!

Tam göstərməyib,- Nərgiz yerindən qalxıb mətbəxə keçdi.

-Heç nə anlamıram,- Ruqiyyə də onun ardınca otaqdan çıxdı,- Bundan sonrası da var hələ?

Adətən yemək zamanı danışmağı xoşlamayan Nərgiz, xalasının çəkdiyi xörəkdən yeyə-yeyə söhbətə başladı:

Səncə, bugünki imtahanı götürən kim idi?,- xalasına zəndlə baxdı.

Qəfil sualdan özünü itirən Ruqiyyə tikəsini zorla udub:

Kim? Kim İdi?,- dedi,- yoxsa…

Hə,özüdür ki,var.Bizim sevimli Elman müəllimimiz!,- kinayəli güldü.

Nə danışırsan?Bəs…bəs köçüb getməyib burdan?,- əlini süfrədən çəkdi,- işə bax ey!

Yox.Hələ ki, sənədləşmə ilə məşguldur.Sentyabrda birdəfəlik buralardan gedəcək.

Sən bunları hardan bilirsən?,- qadının qaşları düyünləndi,- söhbətin olub onunla?,- səsini qaldırdı.

Olub,- Nərgiz təmkinini pozmadı,- qısa da olsa…

Anlamadım!,- Ruqiyyə hövsələdən çıxdı,- sən hələ onunla söhbət də edirsən, ay qız!

-Xala,- qız onun narahatlığına son qoymaq istədi,- dedim axı,imtahanı o götürürdü.

-Söhbəti imtahan vaxtı edirdiz?,- qadın kükrədi.

Yox,imtahan vaxtı niyə?,- Nərgiz güldü,- sən səbrini cilovla, rahat söhbət edək.

Yaxşı,- Ruqiyyə ciddi görkəm aldı,- buyur, dinləyirəm səni.

-Onun imtahan götürəcəyi mənim üçün də gözlənilməz oldu.Onu görəndə çox həyəcanlandım,hətta bir anlığa özümü elə itirdim ki…bildiklərimi də unutdum.Amma sonra…sonra özümü ələ aldım.Mənə yaşatdıqları, yalançı vədləri,boğazdanyuxarı tərifləri…ən əsası da,- udqundu,- məhv olmuş gəncliyim və…günahsız bir …

Yaxşı,- qadın onun sözünü kəsdi,- onun nakəsliyi göz qabağındadı,- imtahan necə oldu?

Adi qaydada.Assistent aşağı nəticə üçün əldən-ayaqdan getsə də, Elman imkan vermirdi.Diqqəti ən çox yaxşı bildiyim istiqamətə yönəldir,doğru cavab verməyimə şərait yaradırdı.

Belə de…

Hə.Mən də var qüvvəmi toplayıb bildiklərimi tam mənasında ortaya qoydum.Assistent özünü itirmişdi, nə edəcəyini bilmirdi.Kameralar imtahanın gedişatını çəkdiyindən, aşağı qiymət almaq ehtimalım yox idi. Qərar isə Elmanın idi. Qiyməti o yazacaqdı.

Hə,- Ruqiyyə dodağını dişlədi,- demək…

İmtahan suallarına həqiqətən də yaxşı cavab verib, otaqdan çıxdım.Dəhlizdə dayanıb nəticəni gözləyirdim. Açığı,yaxşı heç nəyə ümid etmirdim.Oradakı söhbətlərə də ara-sıra qulaq verib bu qənaətə gəlmişdim ki, yenə də müsabiqədən kənarda qalacağam.Çünki…deyilənə görə, imtahan sadəcə görüntü idi,qəbul siyahısı artıq…

Hə bala,kasıba yer yoxdu,- qadın köks ötürdü,birdən nə düşündüsə,- yaxşı bəs bu …

Nəticələr elan olunmağa başlayanda gözlərim qaraldı, elə bildim huşumu itirəcəyəm.Adım çəkiləndə isə qulaqlarım uğuldadı: “Əla!”.,- gülümsədi,- qəribədir…sevinmədim heç.

Niyə?Hə…çaşqınlıqdan…

Yox! Bu, onun xidməti idi! Mənə sədəqə lazım deyil!,- qızın səsi əsdi,- qoy həyatı boyu özü öz günahları ilə qalsın!

Sədəqə niyə?,- qadın duruxdu,- özün etiraf edirsən ki, yaxşı cavab vermisən də…

Keçən il də yaxşı cavab vermişdim,- qız acıqlı dilləndi,- amma “qeyri-kafi” nəticə ilə kənarda qalmışdım.Bu il də məni eyni aqibət gözləyirdi.

Hər nə,- qadın masanın üstünü yığışdırmağa başladı,- heç olmasa burda insafı dilə gəlib.

İnsafı… onun nə insafı var, nə də vicdanı… Qiymət kitabçamı alıb pillələrlə enirdim ki,arxadan məni səslədi. Cavab vermədən aşağı düşməyə başladım. Özünü mənə yetirib” Dayan,- dedi,- sənə deyəcəklərim var.”. Mən yenə əhəmiyyət vermədim. Ehmalca qolumdan tutub yaxınlıqdakı auditoriyaya tərəf çəkdi.” Xahiş edirəm,- dedi,- sadəcə məni dinlə.” Bir söz demədim. Otağın qapısını bağlayıb “ Nərgiz,- dedi,- bilirəm, qarşında günahkaram.Hər şey düşünülmədən oldu. Darıxma, gəncsən,həyatını quracaqsan…

Eləmi?,- Ruqiyyənin siması dəyişdi,- maraqlıdır necə?Sual vermədin?

-Sual nəyi dəyişəcəkdi ki?,- Nərgiz xalasının gözlərinə baxdı,- insan hələ də əməlinin fərqində deyil.

-Uşaq barədə heç nə soruşmadı?

-Yox.Təkcə onu dedi ki, bilirəm, ağıllı qızsan, xalan da müdrik qadındır. Birlikdə çarə tapdınız.

-Yaxşı bəs…

-Mən ona izahat vermədim.Dedim ki, ondan heç bir sədəqəni qəbul etməyəcəyəm!

-Yəni…

-Yəni, kəndimə qayıdacağam.Onun yardımına ehtiyacım yoxdur.Ali məktəbdə təhsil almaqdan yan keçirəm!

Nə danışırsan, ay qız!,- Ruqiyyənin az qala dili dolaşsın,- ağlın özündədir?Bu qədər əziyyətdən, zillətdən sonra…

-Onu görmək istəmirəm, xala.

İstəmirsən, görmə də…demirsən, çıxıb gedir?

Hə,o da elə dedi. Mənim yüksək qiymət almağım başqa vaxt ona baha başa gələ bilərdi.Amma indi elə də qorxusu yoxdur.Dərslər başlayana qədər Rusiyaya köçmək məsələsi həll olunacaq.

-Lap yaxşı,- Ruqiyyə dərindən nəfəs aldı,- eləsindən uzaq olsaq yaxşıdır.Qoy çəkilib getsin.Sənsə,- məhəbbətlə qıza baxdı,- ruhdan düşmə qızım.Oxu, təhsil al.Ailənin bəlkə də indi buna daha çox ehtiyacı var.Atanın vəziyyətini gördün.Əmək qabiliyyətini itirib artıq,- kövrəldi,- onları dirçəltmək üçün oxu bala.Bir sənət sahibi ol.Vaxtın boş yerə itməsin.

Təhsil almaq mənim ən böyük arzum idi xala,- qızın gözləri doldu,- amma bu şəkildə yox…qiyməti çox baha oldu.

Neyləmək olar,- Ruqiyyə də kövrəldi,- həyat addımbaşı adama dərs verir.Bəzən…yaşlı- başlı adam da səhv edir.

-Düz deyirsən,- Nərgiz ayağa qalxdı,- nə qədər ağır olsa da, bəzi həqiqətlərlə razılaşmalı olursan.Bəlkə də belə lazımdır.Səhv varsa, cəza da var.Keçmişə son!,- xalasını qucaqladı,- səni də az incitmirəm xala.Bacarırsansa, bağışla məni,- kövrəldi,- söz verirəm…bundan sonrakı həyatım tam fərqli olacaq.



ARDI VAR.


Govher Rustamova
www.kafiye.net