SÜRÜNƏN KÖLGƏ…11

Axşamüstü Ruqiyyə işdən evə yaxşı əhval-ruhiyyədə gəldi.Əl- üzünü yuyub dincəldikdən sonra Nərgizə:

-Hə qızım,- dedi,- hazırlaş,bir neçə gündən sonra səni kəndə,doğmalarının yanına aparacağam.

Necə?,- qız eşitdiyinə inanmadı,- bəs…sənin işin?

-Gələn həftədən məzuniyyətim başlayır,- qadın divanda yerini rahatladı,- düşündüm ki,indi kəndin ləzzətli vaxtıdır.Havası,suyu,mənzərəsi cana dərmandır.Ata-anan da səndən ötrü darıxıblar.Gör bir nə vaxtdır kənddən çıxdığın.İmtahanlar başlayana qədər orada qalıb dincələrsən,eynin açılar.Dörd divar arasında oturmaqdan rəngin də solub.Şəhərin toz-dumanından da bir az aralı olarsan,-çöhrəsi güldü,- eeehhh,dağ havası,sərin bulaq suyu,dörd tərəfin yaşıllıq…lap kəndin qoxusu gəldi burnuma.

-Hə…,- qızın gözləri yol çəkdi,- şəhər məni yaxşı qarşılamadı.Elə öz doğma kəndimdə qalsam yaxşıdır.Nə imtahan verməyə həvəsim var, nə oxumağa, nə də şəhərdə yaşamağa.

-Ağlını başına yığ ay qız!,- Ruqiyyə təbdən çıxdı,- nə danışırsan!İmtahanların iki addımlığındasan! Oxuyacaqsan da,təhsil də alacaqsan. Hələ üstəlik, tanınmış adam da olacaqsan.Hər xırda-para şeylərə görə ruhdan düşməyə dəyməz.Bəs eşitməmisən ki, həyat mübarizədir?Sən güclüsən, mübarizədən qalib çıxacaqsan.

Mən artıq məğlubam xala,- Nərgiz kinayəli gülümsədi,- həyatın zərbələri daha güclü oldu.

Boş- boş danışma,- Ruqiyyə özü də hiss etmədən səsini qaldırdı,- həyatın bura nə dəxli var?O, bizi…öz səhvlərimizə görə cəzalandırdı.

Düzdür,- qızın səsi titrədi,- amma …günahsız biri də cəzalandı.

Ay qız,- Ruqiyyə hövsələsini basmağa çalışdı,- ona görə fikir çəkmə. O,etibarlı əllərdədir.Ona bizdən də yaxşı baxacaqlar, inan mənə.Bu söhbətə qayıtma! Bitdi.

Yaxşı,- Nərgiz kitab-dəftərləri büküb bir tərəfə qoydu,- özüm günahkaram.Bir də bu söhbətə qayıtmayacağam.

Bax belə,- xalasının üzü güldü,- yaşa, həyatdan zövq al.Gəncsən,nə yaşın var ki?Ömrünü-gününü boş-boş şeylərə görə çürütməyə dəyməz.

Kəndə nə vaxt yola düşürük?

Sabah yox,birisi gün.Hazırlaş.Mən də bacıma, balalarına sovqatlar almalıyam.Gedək bala,doğmalarımızın yanında hər şeyi unudaq.

Elə də oldu.Səhəri gün Ruqiyyə mağazaları gəzib bacısına,yeznəsinə, bacısı balalarına, qocalara sovqatlar aldı.Axşamdan onları səliqə ilə bağlamalara yığdı. Birisigün səhər tezdən kəndə yola düşdülər.

Avtobus rayon mərkəzinə yaxınlaşdıqca Nərgizin ürəyi yerindən oynayırdı.İlahi, o, bu yerlər üçün necə darıxmış, necə qəribsəmişdi!Pəncərədən dörd bir tərəfə elə həsrətlə baxırdı ki!Sanki hər daşı, hər ağacı,hər kolu qucaqlamaq istəyirdi.

Sonuncu dayanacaqda düşüb bağlamaları taksiyə yığdılar, özləri də əyləşib daşlı-kəsəkli yollarla kəndə yola düşdülər.Yolboyu, həyətlərin çəpərindən qol-budaq atıb, meyvələrin ağırlığından əyilmiş ağacları,tanış simaları, tanış darvazaları gördükcə qız körpə uşaq kimi sevinirdi.

Maşın qapılarının yanında dayandı.Nərgiz yerindən sıçrayıb, cəld maşından düşdü.Tələsik darvazalarına tərəf getdi.

A bala, ay qız!,- Ruqiyyə onu səslədi,- bağlamaları düşürməyə kömək et bir!

-Mən kömək edərəm,- taksi sürücüsü gülümsədi.

Bacısıgilin gəlişindən xəbərsiz olan Zərnigar qab- qacağı yumaqla məşğul idi.Günün isti vaxtı olduğundan həyətdə ondan başqa bir kimsə gözə dəymirdi.

Nərgiz “Ana!” deyib sürətlə ona tərəf qaçdı.Səsə heyrətlənən Zərnigar duruxdu,qapıya tərəf baxdı.Qızını görüncə qab-qaşığı tullayıb,əlini yaxasındakı önlüyə silə-silə ona tərəf yeridi.Elə darvazanın ağzındaca ana- bala bir-birinə sarıldılar.Ana balasının üz-gözündən öpür,onu duz kimi yalayırdı.Əlini saçlarında gəzdirərək “ Mənim balam! Gözəl qızım!,- deyirdi,- gözümün nuru! Ömrümün yaraşığı!”.

Nərgiz qollarını açıb anasını möhkəm qucaqladı. Boynunu, sinəsini qoxlayıb, özündən biixtiyar hönkürdü. Göz yaşları aramsız süzülərək anasının boynunu islatdı.Qadın övladını dayanmadan öpür, ovutmağa çalışırdı.

Bağlamalarla darvazanın ağzında dayanmış Ruqiyyə bu mənzərəni səssizcə seyr edirdi.Kim bilir nələr düşünürdü…

Bıy başıma xeyir,- Zərnigarın gözü birdən ona sataşdı,- balamı görmüşəm, bacım yaddan çıxıb!,- deyərək qızını buraxıb,cəld Ruqiyyəyə tərəf yeridi, onu da məhəbbətlə öpüb bağrına basdı.

Səsə evdəkilər bir- bir həyətə çıxır, Nərgizgili görüncə sevinir, görüşməyə tələsirdilər.Ruqiyyə də öz növbəsində hərənin adına aldığı pay-pürüşü təqdim edir, üzündən öpürdü.Həyətdə möhtəşəm bir canlanma vardı.Evdəkilərin hamısı onların başına toplaşmışdı.Təkcə…atasından savayı.

-Yaxşı bəs atam hanı,- Nərgiz soruşdu.

-İçəridə uzanıb,- anası sakit cavab verdi,- indi çağıraram, – deyib evə keçdi.

Bir müddət keçəndən sonra evin qapısında əli əsalı Səməd kişi göründü.Arıqlamış,üz-gözünü saqqal basmışdı.

Nərgiz atasını belə vəziyyətdə görüb duruxdu.Ötən bu aylar ərzində ona nə olmuşdu?Niyə bu hala düşmüşdü?

Qızın narahatlığını görən nənəsi astadan:

Səməd yazıq öldü, ölümdən qayıtdı bala,- dedi.

Niyə, nə hadisə baş verib ki?,- qız səbrsizləndi,- atama nə olub?

-Eh ay bala,- nənəsi onu bir tərəfə çəkdi,- özü eşitməsin,- pıçıldadı,- səni şəhərə aparıb gələndən sonra tez-tez təzyiqi olurdu.Əhəmiyyət vermirdi.Neçə dəfə hətta burnundan güclü qan da açılmışdı.Yenə vecinə almırdı. Sonu da ki…bu,- sözünə ara verdi,- qış girər-girməz qəfildən halı pisləşdi.Bədəni süstəldi.Sən demə yüksək təzyiq onun sol tərəfini iflic edib.Beyninə qan da sızmışdı. Sonradan yavaş-yavaş çəkildi. Vəziyyəti yaxşı deyildi.Getsin o günlər gəlməsin.

Nərgiz nənəsinin sözünü yarımçıq qoyub anasının köməyilə pillələri düşməyə cəhd edən atasına tərəf qaçdı.Səməd kişi qızını görüb kövrəldi.Qüvvəsini toplayıb:

Nərgizim! Əziz balam!,- dedi,əlindəki əsanı bir tərəfə atıb qızını bağrına basdı,- elə bilirdim bir də səni görməyəcəm,- kövrəldi,- balalarımın taçı Nərgizim! Sənsiz heç nəyin dadı- duzu yoxmuş.Evimin, ailəmin yaraşığı Nərgizim!

Qız gözlənilməz mənzərədən sarsılıb atasını qucaqladı. Üzündən-gözündən dönə-dönə öpməyə başladı.Zərnigar özünü saxlaya bilməyib ağlamsındı,gözlərini yaylığının ucu ilə sildi.

Gərginliyi bir qədər azaltmaq məqsədilə Ruqiyyə araya söz qatır, evdəkilərin diqqətini başqa məsələlərə cəlb etməyə çalışırdı.

Axşama doğru ara sakitləşmişdi.Havanın xoş sərinliyi həyətə bir hüzur gətirmişdi.Hamı bir- biri ilə şirin –şirin söhbətləşir,olanlardan- keçənlərdən danışırdı.Nərgiz həyətin bir tərəfində samovar qalayan anasına yaxınlaşdı:

Ana,- dedi,- atama birdən- birə nə oldu axı?

Ehhh ay bala,- Zərnigar işini görüb ayağa qalxdı,- böyük bəladan qurtardıq.Elə fikir edirdik ki, yəqin ondan incimisən.Axı sən onun sevimli övladısan. Bu qədər müddətə o heç vaxt səni diqqətdən kənarda qoymazdı, azından ayda bir dəfə də olsa, yanına gələrdi.Neyləyək ki…başımıza belə bir iş gəldi,- kövrəldi, – yazıq beş ay yataqdan qalxmadı,indi isə odur, çəliklə zorla yeriyir.Həkim tapşırıb ki, hər gün bacardığı qədər hərəkət etsin.Sol tərəfi tamam fəaliyyətsiz idi. Sağ olsunlar əmilərin, yaxşı həkim tapıb gətirdilər, dava-dərmalarını, müalicəsini də özləri etdilər.Nə bilim…

Bəs bizə niyə xəbər verməmisiniz?

Sizə nə deyəydik ay bala? Bilsəydiniz nə olacaqdı ki?Ruqiyyə iş-güc adamıdı, sən də ki, tələbə. Başın dərslərinə qarışıb. Elə özümüz birtəhər vəziyyətdən çıxdıq,- gözləri doldu,- Yazıq Səməd özünə gələr-gəlməz” Nərgiz, Nərgiz” deyirdi.Səndən çox nigaran idi.Sən gedəni heç gülüb-danışmırdı da.Eyni açılmırdı.Canı elə bil sənə bağlıdı…

Beləcə bir neçə gün keçdi.Həyat sanki əvvəlki axarına düşürdü.Nərgiz kənd həyatının gözəlliyini elə bil indi anlamağa başlayırdı.Vaxtilə şəhərə dartıb aparan qüvvə indi onu anbaan doğma kəndinə çəkirdi. Yaxınlarının, əzizlərinin əhatəsində o əvvəlki kimi yenə qayğısız idi.Həyat yenidən üzünə gülməyə , kədərini unutdurub ovutmağa başlayırdı.Unuda bilmədiyi yeganə bir şey vardı…canından ayrılan günahsız can…

Günlər bir-birini əvəz edirdi.Nərgiz vaxtının çox hissəsini atasına sərf etməyə çalışırdı. Yataqda olarkən çarpayısının bir tərəfində oturaraq, maraqlı söhbətlərlə başını qatmağa çalışır, havada gəzişərkən isə qoluna girib onunla bərabər həyəti dövrə vururdu. Atasının beləcə taqətdən düşmüş halına daxilən çox acıyırdı.

-Eeh ay qızım,- Səməd köks ötürdü,- buraları niyə bəyənmədin bilmirəm. Burada musiqiçi olmaq olmurdumu? Evdən, ailədən kənar düşməyin heç ürəyimcə deyil. Vallah şəhərin adı var, kəndimizi yüz elə şəhərə dəyişmərəm.Kaş ki…kaş ki, heç o Ali məktəbə daxil olmazdın,- nəfəsini dərdi,- yanımızda qalardın. Sən orda, biz burda…necə olacaq…Qız uşağı gərək ata-ana yanında olsun.

Nərgiz indi atasını daha yaxşı anlayır, ürəyində onunla tam razılaşırdı.

Bu halımla səndən necə xəbər tutacağam?,- ata yenidən kövrəldi,-axı…axı sən mənim ürəyimin bir parçasısan. Səni həyatın axarına necə atım?

Qızın boğazı qurudu.Nə deyəcəyini bilmədi. Atası həqiqətən də qəfil xəstəliyə düçar olmasaydı, onu gözdən- nəzarətdən qoymayacaqdı. Hər ay onu yoluxmağa gələcəkdi.Bəlkə də…elə olan halda bu fəlakət də üz verməzdi.Nə etməli? Hər şeyi birdəfəlik unudub yenidən kənd həyatına qayıtmalımı?

Həəə,ata- bala doyunca söhbətləşin,- Ruqiyyə onlara yaxınlaşdı,- şəhərə qayıtmağımıza bir neçə gün qalıb.

Niyə tələsirsiniz?,- Səməd dilləndi,-yayın sonuna kimi qalın,istirahət edin.

Nə danışırsan yeznə,- Ruqiyyə güldü,- məzuniyyətim bitmək üzrədir.Nərgizin də institutla bağlı bəzi işləri var. Darıxmayın, yenə görüşərik.

-Nə deyim,- ata məhəbbətlə qızına baxdı,- işləri avand olsun.Mənim balamdan muğayat ol, Ruqiyyə,- kövrəldi,- o, sənə əmanətdir.

Narahat olma yeznə,- qadın zorla udqundu,- əmanətini göz bəbəyim kimi qoruyacağam,- gözucu başını aşağı dikmiş Nərgizə baxdı.

Vida zamanı yetişdi.Nərgiz ata-anasından, nənə- babasından, bacı-qardaşından, qohumlarından zorla ayrılıb yenidən qəbul imtahanlarını verməkdən ötrü şəhərə qayıtmalı oldu.

Cidd-cəhdlə hazırlaşmasına baxmayaraq yenə də hər dəfə imtahanlardan”kafi” qiymət alıb məyus olurdu. Ümid sonuncu imtahana idi.Ondan yüksək qiymət almasaydı, yenidən müsabiqədən keçməyəcək, Ali məktəbə qəbul olunmayacaqdı.

Son günlərin sarsıntıları qızı yenidən məyus edib, həvəsdən salırdı.Onun tələbə adı qazanacağına demək olar ki, ümidi yox idi.

Sonuncu imtahan günü yetişdi.Səhərə qədər həyəcandan gözünü yummayan Nərgiz xəstəhal vəziyyətdə bir stəkan çay içib evdən çıxdı. Arxasınca xalasının su atıb verdiyi xeyir-dualara da məhəl qoymadan imtahan keçirilən binaya yollandı.

Vaxt tamam oldu.Gedişatı izləmək üçün binanın həyətində toplaşmış valideynlər üçün telekameralar quraşdırıldı.İmtahanı götürmək üçün otağa iki müəllim daxil oldu.

Onlardan biri…Nərgizə çox yaxşı tanış idi.Həmişəki kimi ciddi, gözəgəlimli, səliqəli və zövqlü geyimdə olan biri…


ARDI VAR.

Govher Rustamova
www.kafiye.net