SÜRÜNƏN KÖLGƏ…10

Ruqiyyə cəld onun əlindən tutub divana oturtdu.Qaçıb mətbəxdən bir stəkan su gətirdi.Qadın da əl-ayağa düşdü.

Nərgiz sudan bir qurtum içib stəkanı xalasına verdi.Ruqiyyə mehriban tərzdə:

-Sənə nə oldu qızım?,- dedi,- birdən- birə halın niyə dəyişdi?

-Yəqin təzyiqi düşüb,- qadın onun yanında əyləşdi,- belə hallar tez- tez olurmu?

Y…Yox,- Nərgiz özünü cəmlədi,- ilk dəfə idi.

Aydındır,- qadın gülümsədi,- bu,əslində normal haldır. Son aylarda belə şeylər olur,narahat olmayın,- nəvazişlə qızın saçlarını tumarladı,- mən tanıdınmı?

Hə,- Nərgiz könülsüz cavab verdi,- səhv etmirəmsə…

Səhv etmirsən,- qadın gülümsədi,- mən uzun illərdir ki,Ruhəngiz xanımla eyni otaqda işləyirəm.Tibb bacısıyam. Əlimizdən saysız-hesabsız xəstələr gəlib keçib. Neçə-neçə evlərə, ailələrə səadət nəsib etmişik…Amma…

Neyləmək olar,- Ruqiyyə söhbətə qarışdı,- olmayanda olmur.

Danışıqdan heç nə anlamayan Nərgiz gah xalasına, gah da qadına baxdı.

Məni bağışlayın,icazənizlə gedim,- qadın ayağa qalxdı,- evdəkilər narahat olarlar.Sizinlə əlaqə saxlayacağam. Nə kömək lazım olsa,çəkinməyin , müraciət edin.

Tibb bacısını hörmətlə yola salan Ruqiyyə otağa, Nərgizin yanına qayıtdı.Qızın vəziyyətini nəzərə alaraq söhbəti başqa vaxta keçirməyi qərara aldı.

Xala,- Nərgiz yerindən dikəldi,- bu qadın buraya nədən ötrü gəlib? Məqsədi nədir?

E…,- Ruqiyyə çaşbaş qaldı,- bu, tibb bacısıdır,bayaq Ruhəngiz xanımın otağında özün də gördün.Adı da Dilbərdir.Çox yaxşı qadındır.

-Hə, onu bildim,- qız xalasının gözlərinə baxdı,- bizdən istədiyi nədir?

Bilirsən, bunu bir-iki kəlmə ilə…

Vaxtımız çoxdur xala,bu qadının gəlişini mənə izah edə bilərsənmi?

-Yaxşı,- Ruqiyyə yerini rahatladı,- elə isə məni diqqətlə dinlə,- deyib əsas məsələyə keçdi,-Bu qadın illərdir ki, ailə qurub.Amma övladı olmur.Çox yerlərdə müalicə alıb,çox müayinələrdən keçib, amma bir nəticəsi olmayıb. Qismətində övlad yoxmuş,- Nigara baxdı,- nə deyim…qurban olduğumun özü bilən məsləhətdi, arzulayana vermir…

-Xala, yenə sualım cavabsız qaldı,- qız səbrsizləndi,- bizdən umacağı nədir?

-Əslində umacaq deməzdim…,- Ruhəngiz yumşaq danışmağa çalışdı,- övladı olmadığına görə tədricən evində söz-söhbət yaranmağa başlayıb.Qayınanası, baldızları,əri bunu sıxışdırmağa başlayıblar. Boşanmaqla hədələyiblər.Yazıq əlacsızlıqdan körpələr evindən uşaq götürmək istəyib, ona da razı olmayıblar.” Yaxşı adamın uşağı körpələr evinə düşməz “,- deyib qəti etiraz ediblər.Yazıq qadın ailəsini qorumaq üçün müxtəlif yollar axtarır.Evində,ocağında körpə böyütmək istəyir.

-Və…,- Nərgiz xalasına zəndlə baxdı.

Biz gedəndən sonra Ruhəngiz xanımla xeyli götür-qoy ediblər.Belə qərara gəliblər ki…sən azad olan kimi… Dilbər uşağı götürsün. Öz balası kimi saxlayıb böyütsün.

Nə?,- qızın gözləri böyüdü.

Məhv etməkdən ki, yaxşıdır,- Ruqiyyənin siması dəyişdi, – başqa yolumuz var ki?Uşaq normal ailədə böyüyər, sən də imtahanlarını verməklə məşğul olarsan. Allah kərimdir, bəlkə qəbul olundun,- səsini mülayimləşdirdi,- vallah qızım, bu ən doğru yoldur. Uşağın bu evə gəlməsi mümkün deyil.

Başa düşürəm,- Nərgiz başını aşağı saldı,- mən nə etməliyəm?

-Sən sadəcə uşaqdan imtina ərizəsi yazıb,xəstəxanadan çıxmalısan.Bütün məsələləri Ruhəngiz xanımla Dilbər özləri həll edəcəklər.İnan mənə qızım, bundan yaxşı çıxış yolu yoxdur.Evə qayıdıb yenidən əvvəlki həyatını yaşayarsan.Mən də rahat olaram.

-Əvvəlki həyatımı…,- qız təkrar etdi,- əvvəlki həyatım artıq yoxdur,xala.Nə Ali məktəbə qəbul olunmaq barədə düşünürəm, nə də ki…

-Qızım,- Ruqiyyə onun saçlarını tumarladı,- səhvsiz insan yoxdur.Mənim də günahım az deyil, işin bu tərəfini düşünməmişdim.Amma neyləmək olar, düşdüyün vəziyyətdən çıxış yolu tapmaq özü də hünərdir.Vallah qızım,bundan yaxşı çarə yoxdur. Rüsvayçılıqdan yalnız bu yolla xilas ola bilərik.Dilbər da körpə həsrətlisidir.Onu göz bəbəyi kimi qoruyub böyüdəcək.

Axı, deyirsən ki, əri başqa uşağı qəbul etmir,- Nərgiz səsini qaldırdı.

-Naməlum adamın uşağını istəmir.Dilbər deyir ki,onu yola gətirəcək,deyəcək ki,bu, tanınmış, əsl-nəcabətli , ziyalı ailənin uşağıdır.Sadəcə ailədə arzuolunmaz olduğuna görə onlara övladlığa verməyə razıdırlar.

-Başa düşdüm,- qızın gözləri doldu.

Onu da başa düş ki,o körpənin bizdən uzaq olması gərəkdir.Onu kəndəmi aparmaq fikrin var, yoxsa… burda məni də,özünü də rüsvay…

-Yaxşı,- Nərgiz qətiyyətlə xalasına baxdı,- razıyam. Bundan belə mən sənə heç bir problem yaratmayacağam. Dediklərinin hər biri ilə razıyam. Günahımın cəzasını da özüm çəkəcəyəm!Son nəfəsimə qədər bu günah qara kölgə kimi mənimlə olacaq.. Arxamca sürünüb məni izləyəcək.

-Binəva balam,- Ruqiyyə kövrəlib qızı bağrına basdı,- sənin nə yaşın var ki… Darıxma qızım, biz bu vəziyyətdən də çıxacağıq. Sən… sən hər şeyi unudacaqsan. Hər şey əvvəlki nizamına düşəcək. Tələbəliyin dadını- ləzzətini duyacaqsan,tətillərdə kəndə doğmalarının yanına gedəcəksən.Zaman…zaman sənə hər şeyi unutduracaq.Yaraların sağalacaq.

Günlər ötürdü.Ruqiyyə daha əvvəlki kimi əsəbilik keçirmir,əksinə Nərgizlə bacardığı qədər mülayim davranırdı.Axşamlar əl-ayaq çəkiləndən sonra onu təmiz havada gəzintiyə çıxarır,qeydinə qalırdı.

Tez-tez kənd ilə telefon əlaqəsi yaradıb bacısıgili də arxayın salırdı ki, Nərgizdən qəti nigaran qalmasınlar. Qız özü bir neçə aydan sonra kəndə, onların yanına gələcək.

Beləcə vaxt ötdü, zaman yetişdi.Nərgizi gecə ilə Ruhəngiz xanımın işlədiyi doğum evinə yerləşdirdilər.

Səhərə yaxın dünyaya sağlam bir körpə gəldi…Dilbər sevincindən yerə-göyə sığmırdı.İndi bütün dünya sanki onun idi. Körpə bir müddət xəstəxanada qalıb , lazımınca qulluq olunduqdan sonra onun evinə aparılacaqdı.Özü ilə bərabər onun ocağına dünyalar qədər sevinc, səadət gətirəcəkdi..Ömrünü nura boyayacaqdı.

Nərgiz…Nərgiz isə göz yaşları içində körpəsindən imtina ərizəsi yazıb, xəstəxananı tərk etdi.

Bacardığı qədər özünü etinasız göstərməyə çalışan Ruqiyyə qızın daxılı əzablarını başa düşür, onu çox gözəl anlayırdı.Ona mənəvi iztirablarını unutdurmaq üçün əlindən gələni əsirgəmirdi.

Nərgizin daxılındə isə iki hiss bir- biri ilə çarpışırdı; biri ona haqq qazandırır,hər şeyi unutmağı tövsiyyə edirdi.Digəri isə…digəri isə,övladını dünyaya göz açar-açmaz başqasının qucağına atdığına görə elə hey qınayırdı.

Ali məktəblərə qəbul imtahanlarına bir ay vaxt qalırdı. Nərgiz hər şeyi unudub yenidən dərsləri ilə məşğul olur,saatlarla otağından çıxmırdı.

Dilbər xəstəxanada körpəyə xüsusi diqqət və qayğı göstərirdi.Onu gözdən qoymur,başqa anaların südü ilə də olsa,bəsləyib əzizləyirdi.Çağanı artıq xəstəxanada saxlamaq olmazdı.Dilbər böyük sevinclə onu qucağına aldı.Ətrini-qoxusunu burnuna çəkdi, bağrına basdı. İllərlə arzusunda olduğu bala ətrini duydu.

Talıb Dilbərin evə uşaqla gəlişini bir o qədər bəyənməsə də,qadının sevincinə mane olmaq istəmədi.Gözucu bələyə baxıb ,bir söz demədən otağına keçdi.Qayınanası Adilə də körpənin gəlişinə çox sevinmirdi. Əvvəldən razılaşdırıldığı kimi ,Dilbər işdə olarkən körpə onun himayəsində olacaqdı.Bu yaşında onun çağaya baxmaq həvəsi demək olar ki, yox dərəcəsində idi.Özü də…özgə çağaya…



ARDI VAR.


Govher Rustemova
www.kafiye.net