Əziz dostlar. Çoxları elə bilir ki, mən ancaq satirik ruhda təcnislər yazıram….. Heç də belə deyil.
Əvvəllər mən də Lirik şeirlər yazırdım. İndi bekarçılıqdan onlardan birini sizə təqdim edirəm.

Qorxuram axı
(yada düşən xatirələr)

Mənə candan əziz, ey gözəl insan,
Hopdun varlığıma sən zaman-zaman,
Tükənib taqətim, qalmayıb aman,
Biçarə könlümün nədir günahı?
Sənə öyrəşməkdən qorxuram axı…

Sənsiz eşq bağımın gülləri solar,
Sinəm yara bağlar, qəlbim qan ağlar,
Məni, məndən alıb aparma nolar,
Ey gözümün yaşı, dilimin ahı,
Sənə öyrəşməkdən qorxuram axı…
.

Atəşin qəlbimi yandırıb-yaxır,
Bunun bir xətası var əvvəl-axır,
Cismim tab gətirmir, ruhumu sıxır,
Kənara dur deyə bilmirəm axı,
Sənə öyrəşməkdən qorxuram axı…

Gözlərim yol çəkir, qəlbim ağlayır,
Hər sözün daha çox sənə bağlayır,
Baxışların ürəyimi dağlayır,
Necə qovum….Gətirmisən pənahı,
Sənə öyrəşməkdən qorxuram axı…

“Qədər”im belədir, çəkirəm zülüm,
Fələyin yazısın mən necə silim?
Qaranlıqda itim lap ilim-ilim,
Açılmasın bu gecəmin sabahı,
Sənə öyrəşməkdən qorxuram axı….

Çingizə qulaq as , gəl aram ilə,
Sənsiz hər dəqiqəm çevrilir ilə,
Topla göz yaşımı, yoluna çilə,
Bu qəliz duyğumun yoxdur izahı,
Sənə öyrəşməkdən qorxuram axı……..!



Çingiz Kürdəmirli.
www.kafiye.net