YALIN SÖZLƏRİ

Qəlbimdə bir məchul hərlənir çoxdan,
Onu həll etməkdə aciz deyiləm.
İnsanı yaratmış Allahım yoxdan,
Mən haqdan yarandım, ucuz deyiləm!

Könlümü dalayır xırda tərpəniş,
Nələri görürəm, nələr duyuram.
Məni inandırmır görülən hər iş,
Təbliğat bilirəm, yanlış sayıram.

İri balıqlardı böyük ölkələr,
Xırda məmləkəti kilkə sanırlar.
Ədalət qışqırır yazıq kilkələr,
Naqqalar çoxdandı haqqı danırlar.

Himayə görüncə bəzi kiçiklər,
Üfrülüb olurlar köpək balığı.
Dişlərin qıcırdıb həmin küçüklər,
Unudur Allahı, Tanrı, Xaliqi.

Varını güddükcə ölkə içində,
Varlılar xalqından aralı düşür.
Hər şeyə güc gəlir sərvət seçimdə,
Etiqad, etimad sıralı düşür.

Bir ovuc insana göstərir xidmət,
Mənafe yönündə dövlət deyilən.
Nəhayət qurulmur adil cəmiyyət,
Azalmır əzilən, ya ki, döyülən.

Qurana, kitaba istintad edib,
Aldadır, məhv edir insan insanı.
İmandan gizlənib, tərs inad edib,
Ölümə sövq edir, çəkir cahanı.

Hər kəsin ruhunda canavar yatır,
Biri digərində öz ovun görür.
Adamlar var üçün mənliyin satır,
Bacaran haramdan bir qala hörür!

Yazdıqca qutarmır bu bəla, bu dərd,
Əziz oxucular, yordum sizləri.
Siz məni əfv edin, oldum bir az sərt,
Zibaya bükmədim yalın sözləri.



Təvəkkül Goruslu. 27. 05. 2020
www.kafiye.net