SÜRÜNƏN KÖLGƏ…9


Ruhəngiz xanım ağıllı, dünyagörmüş,tədbirli qadın idi.Həyat və iş təcrübəsində müxtəllif cür hallarla rastlaşan həkim işin gedişatında bəzi qaranlıq məqamların olduğunu hiss edirdi. Çox gənc bir qızın ikinci dəfəki hamiləliyi,uşaqdan israrla imtina etməsi artıq onda şübhə doğurmağa başlayırdı.

Ruqiyyə çıxılmaz vəziyyətdə idi.Nəyə əl atırdısa, boşa çıxırdı.Həkimin son sözləri isə onun bütün ümidlərini köklü surətdə puça çıxardı.Nə etməli? Bəlkə…bəlkə hər şeyi olduğu kimi həkimə danışıb kömək istəməli?Ruhəngiz xanım ki, onların sirrini aləmə car çəkməyəcəkdi… əksinə, bəlkə də…

Ruqiyyə xanım,- həkim astadan dilləndi,- əgər uşağın dünyaya gəlişi sizə ciddi problemlər yaradırsa…

Yaradır!,- qadın tələsik cavab verdi,- özü də çox ciddi.

Bayaqdan heç nəyə müdaxilə etmədən öz işi ilə məşğul olan tibb bacısı başını qaldırıb bir Ruqiyyəyə, bir də həkimə baxdı.Baxışları Nərgizin üzərində dayandı.Onu başdan-ayağa süzüb yenidən işi ilə məşğul olmağa davam etdi.

Araya sükut çökdü.Sanki həkimin də nə isə deyəcəyi vardı, sadəcə buna haradan, necə keçid edəcəyini bilmirdi.

Gözucu tibb bacısına baxıb, üzünü Ruqiyyəyə tutdu:

Siz…ev ünvanınızı bizə verə bilərsinizmi?,- dedi.Ola bilsin ki…sizə hansısa köməyimiz dəydi.

Doğrudanmı?,- Ruqiyyənin gözlərində yenidən ümid qığılcımı parıldadı,- əlbəttə,əlbəttə verə bilərəm.Təki…təki bu bəladan yaxamız qurtarsın.

Qadının ağzından düşünülmədən çıxan son cümlə həkimi heyrətləndirsə də, bunu büruzə vermədi.Gümanında yanılmadığına inamını bir qədər də artırdı.

Xəstəxanadan çıxıb birbaşa evə yollanan Ruqiyyə də , Nərgiz də yolboyu bir kəlmə belə danışmadılar.Hərəsi vəziyyəti fikrində bir cür təhlil edir,bir cür qiymətləndirirdi.Qəribə burasında idi ki, heç cür ortaq bir rəyə gələ bilmirdilər.

Ruqiyyə yeganə çıxış yolunu uşaqdan yaxa qurtarmaqda görsə də,Nərgiz ürəyinin altında ara-sıra öz varlığına işarə edən günahsız körpəsinə anbaan daha artıq bağlanırdı.Onun hər tərpənişi qıza sanki ” Nə olar, məni məhv etmə!” deyirdi.Yaşı az olsa da,analıq hissiyatı baş qaldırır,onu günahsız varlığın müdafiəsinə çağırırdı.

Günün ağırlığı Ruqiyyəni yormuşdu.Mətbəxə keçib, yüngülvarı yemək hazırladı.Hər ikisi könülsüz nahar edib, öz otağına çəkildi.

Şəhərə gəldiyi müddətdə ilk dəfə idi ki, Nərgiz dağların qoynunda yerləşən doğma kəndini, onun səfalı havasını,əsrarəngiz təbiətini,buz bulaqlarını,qalın meşələrini xatırladı.Yaz aylarında buralara ilahi bir gözəllik gəlirdi.Həyətlərindəki şehli otlar,əlvan çiçəklər,otaqlara dolan təmiz dağ havası,quşların susmaq bilməyən cəh-cəhi insanı yaşamağa sövq edir, həyatın şirinliyini, gözəlliyini bir daha sübuta yetirirdi.Hələ…hələ yarıçılpaq kənd uşaqlarının hay-küylə çayda çimməkləri, çığırışmaları…qız-gəlinin bulaq başına axışması…

Hələ…yaz aylarında atası ilə babasının həyətdə həvəslə əkinə hazırlığı,nənəsinin gecədən yoğurduğu xəmiri səhər tezdən təndirə yapan anası…Həyəti bürüyən çörək ətri,təzə sağılmış südün qoxusu…

Qız gözlərini yumdu.Gözündən süzülən damlalar yastığını islatdı.Kiçicik həyatında artıq xatirəyə çevrilmiş günlər üçün elə qəribsədi ki…Quş olub o yerlərə uçmaq üçün bir cüt qanad arzuladı.İndi o,əvvəlki həyatına dönmək üçün hər şeyi qurban verməyə hazır idi.Lakin...

Göz yaşları içində onu yuxu apardı.Son aylarda narahat gecələr keçirən qız indi elə şirin yatmışdı ki,Ruqiyyənin çağırışına da cavab vermirdi.Xalası onu dönə-dönə səslədi:

Ay Nərgiz, a bala, axşam düşür.Qalx, qalx bala.

Qız qaranlıq otaqda gözlərini açdı.Günün hansı saatı olduğunu anlamaq istəyirmiş kimi çaşqınlıqla ətrafa baxdı.

Xalası otağa keçib işığı yandırdı:

Qalx qızım, qonağımız var.Əl- üzünü yu gəl.Vacib söhbətimiz olacaq,- deyib otaqdan çıxdı.

Nərgizin qaşları çatıldı.Xalasının dediklərindən bir şey anlamadı;adətən Ruqiyyə adamlardan qaçır, kimsənin evə qonaq gəlməsindən qorxurdu.Bəs…bəs indi niyə…

-Ay Nərgiz, necoldun a bala,- Ruqiyyənin səsi gəldi,- qonağı yubatma, gəl ,səni gözləyir axı.

Nərgiz yerindən qalxıb özünü sahmana saldı.Güzgü qarşısına keçib, ağlamaqdan şişmiş gözlərinə, dağınıq saçlarına baxdı.”Hanı,hanı əvvəlki Nərgiz?”,-düşündü.

Könülsüz otaqdan çıxdı.Qonaq otağına tərəf getdi.Oradan xalasından savayı başqa,naməlim bir qadının da danışıq səsi gəlirdi:

Nə deyim vallah, yenə də qərar özünüzündür.İnsanı belə bir addımı atmağa heç kim vadar edə bilməz.Məsləhətləşin, götür-qoy edin.Qızla da razılaşın, hər halda…anadır.Əsas fikir onundur.

Hə,- xalasının səsi gəldi,- anadır…onun yaşıdları hələ gəlinciklə oynayır,- sözünə ara verdi,-Kənddən bura hansı arzularla gəlmişdi!Ali təhsil almaq, musiqiçi olmaq, şan- şöhrət!Bu da sonu…Mənəm, mənəm günahkar!,- qadın ağlamsındı,- qız uşağını eləsinin evinə necə göndərdim axı!

Özünüzü günahlandırmayın,- qonaq qadın onu sakitləşdirməyə çalışdı,- Fikirləşib çıxış yolu tapmaq lazımdır.

Vallah fikirləşməkdən başımda da başlıq qalmayıb,- Ruqiyyə yenidən kövrəldi,- nə gecəm var, nə gündüzüm.Nə işdə rahat ola bilirəm, nə evdə.Vicdan əzabı çəkirəm.Bacımın gül kimi balası mənim evimdə niyə bədbəxt olmalı idi axı,- özünü saxlaya bilməyib hönkürdü.

Özünüzü ələ alın,- qadın astadan dilləndi,- mənim təklifim barədə düşünün.Kifayət qədər vaxt var.Məncə…pis olmaz.Amma yenə deyirəm, əsas ananın fikridir.Onu yola gətirməyə çalışın.Gəncdir.Növbəti səhvlər etməsin barı.

Hə,- Ruqiyyə gözlərini sildi,- başqa çarəmiz yoxdur.Bu işi bacardıqca sakitliklə yoluna qoymalıyıq.Nə dil bilməlidir, nə dodaq.

Bizim tərəfdən arxayın ola bilərsiniz.Dediyim kimi, işin sənəd-sübut tərəfini özümüz yoluna qoyacağıq.Sirrinizi də qəbr evinə qədər qoruyacağam.Sizi əmin edirəm, bu ən doğru yoldur.

Allah köməyiniz olsun,- Ruqiyyə dərindən nəfəs aldı,- məncə də pis fikir deyil.Bircə bu son aylar da gəlib keçsəydi…qız gözümün qarşısında haldan- hala düşdükcə özümə yer tapa bilmirəm.

Özünüzü üzməyin,- qonaq yerindən qalxdı,- ara-sıra sizinlə əlaqə saxlayacağam.Nərgizlə isə dil tapmağa çalışın.

Yaxşı,- Ruqiyyə də yerindən qalxdı,- məncə razılaşar. Özü də zülm çəkir.Neyləyək,- köks ötürdü,- bir bəladır başımıza gəldi.

Eşitdiklərindən sarsılan Nərgiz qonağın kimliyini bilmək üçün qapının qalın pərdəsini əli ilə tələsik çəkdi. Qadını görüncə yerində donub qaldı.Əvvəlcə yuxu gördüyünü zənn etdi.Qadının iri ,qara gözlərinə baxdı. Yox, o yanılmırdı.

Fikrində suallar dolaşmağa başladı:” Onu bura gəlməyə nə vadar etmişdi?Xalasına nə təklif edirdi? Hamıdan qaçan, sirrin üstünün açılmasından ehtiyatlanan Ruqiyyə indi ona bu məsələni necə bəyan etmişdi?Və…Nərgiz hansı qərarla razılaşmalı idi?”.

Qızın başı hərləndiı.Otaq ,əşyaları ilə bərabər gözləri önündə dövrə vurmağa başladı.Vücudu süstəldi.Elə bu an…daxilində hiss etdiyi yüngül təkan…ona güc,qüvvə verdi,aşmağa qoymadı.

ARDI VAR.

Göher Rüstamova
www.kafiye.net